Nizami Tibb Mərkəzinin direktor müavini, doğum evinin rəhbəri təyin olunan professor Fərəh Qaraqurbanlı tanınmış ailənin nümayəndəsidir.
Axar.az “Yeni Sabah”a istinadən xəbər verir ki, o, akademik Afad Qurbanovun qızıdır.
Əslən Qərbi Azərbaycandan olan A.Qurbanov Azərbaycanın görkəmli dilçi-alimi, türkoloqu və tanınmış ictimai-siyasi xadimi, ölkəmizdə dilçilik üzrə elmi məktəbin yaradıcısı, hazırkı latın qrafikalı Azərbaycan əlifbasının müəllifidir. 1990-cı ildə Əlifba Komissiyasının sədri olmuş filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi və Dövlət mükafatı laureatı Afad Qurbanov, həmçinin SSRİ Pedaqoji Elmlər Akademiyasının akademiki, Azərbaycan SSR Elmlər Akademiyasının üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü və Natiqlik Cəmiyyətinin sədri vəzifələrində çalışıb. Dördpendirli pizza
Anası Zöhrəxanım Qurbanova isə tibb elmləri namizədidir.
Fərəh Qaraqurbanlının bir qardaşı - Rəşad Qurbanov hüquq elmləri doktoru, professor, Rusiya Federasiyasının Əməkdar hüquqşünası və Əməkdar elm xadimidir.
F.Qaraqurbanlının digər qardaşı - Ramin Qaraqurbanlı da hüquqşünas-alimdir. O, Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının sabiq rəhbəri, Bakı Apelyasiya Məhkəməsinin hakimi, Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının İdarə Heyətinin üzvü, hüquq elmləri doktoru, Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin mülki-hüquq fənləri kafedrasının professorudur.
Digər qardaşı Fuad Qurbanov isə tibb elmləri doktorudur.
F.Qaraqurbanlının bacısı Fidan Qurbanova da elm adamıdır. O, filologiya elmləri doktoru, professordur. Fidan Qurbanova Bakı Slavyan Universitetinin Tərcümə fakültəsinin dekanı vəzifəsində işləyib.
Qeyd edək ki, tibb elmləri doktoru, professor Qaraqurbanlı Fərəh Afad qızı Nizami Tibb Mərkəzinə direktor müavini, doğum evinin rəhbəri vəzifəsinə təyin edilib. O, 2008-ci ildən hazırkı təyinatınadək Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində və “Baku Medical Plaza”da həkim-mama-ginekoloq, həmçinin 2018-ci ildən Azərbaycan Dillər Universitetinin Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasında müəllim vəzifəsində çalışıb.