Bu ilin sentyabrın 1-dən Azərbaycanda su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiq edilməsinə başlanılacaq. Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı məsələlər hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən texniki qurğu və avadanlıq tətbiq etməklə su obyektlərindən suyun götürülməsi, tullantı sularının təmizlənərək su obyektlərinə axıdılması və su akvatoriyasından istifadə olunması ilə əlaqədardır.
Suyun götürülməsi zamanı su obyektindən və götürülmə məqsədindən asılı olaraq məbləğlər müxtəlifdir. Sənaye məqsədilə Xəzər dənizindən götürülən 100 kubmetr suya görə 0,4 manat, çay və göllərdən götürülən 100 kubmetr suya görə 4 manat, yeraltı sulardan götürülən 100 kubmetr suya görə 40 manat müəyyənləşdirilib. Xəzər dənizinə axıdılan 100 kubmetr tullantı suyu üçün 1 manat, çay və göllərə axıdılan 100 kubmetr tullantı suyu üçün 4 manat nəzərdə tutulur.
Sözügedən mövzu ilə bağlı Axar.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bu qərarın əsas məqsədi təkcə gəlir toplamaq deyil, su ehtiyatlarının daha səmərəli və nəzarətli istifadəsini təmin etmək, həmçinin ekoloji balansı qorumaqdır:
“Azərbaycan dünyada kritik su çatışmazlığı yaşayan ölkələr sırasında olmasa da, Cənubi Qafqazda ən az su ehtiyatlarına malik dövlətdir. Buna görə də mövcud resursların daha səmərəli idarə olunması vacibdir. Yeni qaydaların kənd təsərrüfatına təsiri daha həssas olacaq.
Kənd təsərrüfatında su istifadəsi genişmiqyaslı olduğundan müəyyən ödənişlərin tətbiqi istehsalçıların xərclərini artıra bilər. Lakin adətən belə hallarda kiçik və ənənəvi istifadəçilər üçün güzəştlər nəzərdə tutulur və ya müəyyən həcmdən aşağı istifadə ödənişsiz saxlanılır. Buna görə də çaylardan və arxlardan az həcmdə su götürən bütün fermerlərin eyni qaydada ödənişə cəlb ediləcəyini demək düzgün olmaz”.
Onun sözlərinə görə, kəndlərdə fərdi qaydada çəkilən kiçik arxlar və suvarma kanalları da formal olaraq su götürmə kateqoriyasına aid edilə bilər:
“Burada əsas məsələ istifadə olunan suyun həcmi və fəaliyyətin miqyasıdır. Şəxsi təsərrüfat səviyyəsində istifadə ilə kommersiya və sənaye miqyaslı istifadə arasında fərq qoyulması gözlənilir. Nəzarət mexanizmi əsasən icazə və qeydiyyat sistemi üzərində qurulacaq.
Su obyektlərindən istifadə üçün icazələrin verilməsi, istifadəçilərin uçota alınması və iri təsərrüfatlarda su sərfiyyatını ölçən sayğacların quraşdırılması əsas nəzarət vasitələrindən biri ola bilər. Böyük istifadəçilərdə texniki monitorinq sistemlərinin tətbiqi də mümkündür.
Su sərfiyyatının ölçülməsi iri təsərrüfat və müəssisələrdə xüsusi cihazlar vasitəsilə həyata keçiriləcək. Kiçik istifadə hallarında isə normativlər və təxmini hesablama üsullarından istifadə oluna bilər. Bu, sistemin praktik və idarəolunan olmasına xidmət edir".
A.Nəsirli vurğulayıb ki, icazəsiz su götürülməsi halları müxtəlif üsullarla aşkar edilə bilər:
"Belə hallar monitorinq, yerində yoxlamalar, peyk müşahidələri və daxil olan şikayətlər əsasında müəyyən edilir. Qanunsuz istifadə aşkarlanarsa, cərimələr tətbiq oluna, istifadə hüququ məhdudlaşdırıla və ya istifadə olunmuş suya görə əlavə ödəniş hesablanıla bilər".
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi" istiqaməti üzrə hazırlanıb.