Yuxarı

Universitetlər köçürülməyəcək, tələbə sayı azaldılacaq...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Universitetlər köçürülməyəcək, tələbə sayı azaldılacaq...

Bakıdakı universitetlər köçürülməyəcək, tələbə sayı azaldılacaq.

Axar.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Trend, APA agentlikləri və Xəzər TV-yə birgə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, bu gün tələbə kontingentinin təxminən üçdə ikisi Bakı və onun ətrafında, üçdə biri isə Bakının kənarında yerləşən ali təhsil müəssisələrində təhsil alır.

O qeyd edib ki, son illərdə tələbələrin sayı artmaqdadır:

"Çünki ali təhsil daha əlçatan olub, qəbul planlarımız artır. Biz daha çox insanın ali təhsilli olmasının tərəfdarıyıq. Eyni zamanda, regionlarımızda universitetlərimizin sayı və imkanları da genişlənir. Məsələn, Mingəçevir Dövlət Universitetinin yeni kampusu tikilir, Qarabağ Universiteti yeni fəaliyyətə başlayıb, Naxçıvan Dövlət Universitetində və Lənkəran Dövlət Universitetində imkanlar genişləndirilir, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı fəaliyyət göstərir və digər təşəbbüslər həyata keçirilir.

İkinci məqam ondan ibarətdir ki, bu prosesə yalnız köçürmə üsulu ilə yanaşmaq düzgün olmaz. Elə köklü universitetlərimiz var ki, onların yüzillik tarixi mövcuddur. Həmin universitetləri köçürməkdən daha çox, tələbə kontingentinin sayını azaldıb, keyfiyyəti artırmaq istiqamətində işləməliyik. Bu istiqamətdə fəaliyyətimiz artıq iki ildir davam edir".

Emin Əmrullayevin sözlərinə görə, Azərbaycanda bir tələbənin təhsil haqqı digər ölkələrlə müqayisədə çox aşağıdır:

"Əgər biz iki min manata kompüter mühəndisi hazırlamaq istəyiriksə, təbii ki, tələbə üçün bunun ucuz olması yaxşıdır. Amma təhsil nə qədər ucuzdursa, keyfiyyətin təmin edilməsi bir o qədər çətinləşir. Keyfiyyətlə dəyər arasındakı əlaqəni tamamilə pozmaq mümkün deyil. Əgər ucuz və yüksək keyfiyyətli kadr hazırlığının universal üsulunu tapsaq, bütün dünya bizə müraciət edər. Keyfiyyəti artırmaq üçün maliyyələşməni artırmağa məcburuq. Bu istiqamətdə “SABAH qrupları” vacib həll yollarından biridir. Eyni zamanda, təhsil haqqını artırmaq mümkün deyilsə, universitetlər tələbə sayını artırmağa məcbur olur. Bu zaman isə kəmiyyətlə keyfiyyət arasında tərs mütənasiblik yaranır. Ona görə də bir çox ali təhsil müəssisələrimizdə tələbə sayının artması təhsil keyfiyyətinin azalmasına səbəb ola bilir. Həyata keçirdiyimiz islahatların məqsədi ondan ibarətdir ki, ciddi sosial narazılıq yaratmadan ali təhsilin keyfiyyətini yüksəldək və eyni zamanda şəhərdə sıxlığın artmasına təsir etmədən regional universitetləri inkişaf etdirərək tələbələrin regionlarda təhsil almasına nail olaq. Regionlarda tələbələrə yüksək keyfiyyətli təhsil vermək mümkündür. Hətta bəzi ixtisaslar üzrə regionlardakı universitetlər daha yaxşı nəticələr göstərir. Elə regional ali təhsil müəssisələrimiz var ki, onların təhsil keyfiyyəti müəyyən istiqamətlərdə Bakıdakı universitetlərdən daha yüksəkdir".

Nazir vurğulayıb ki, Azərbaycanda tələbələrin yaşı nisbətən azdır və valideynlər övladlarını özlərindən uzaqda təhsil almağa göndərmək istəmirlər:

“Bu da davranış dəyişikliyi tələb edən bir məsələdir. Reallıq ondan ibarətdir ki, bizdə 17-18, hətta 22 yaşlı gənclər belə çox vaxt valideynlərinin qərarlarına uyğun hərəkət edirlər. Buna görə də evinin yaxınlığında təhsil almaq ehtiyacı hələ də böyük olaraq qalır. Nəhayət, əsas məsələlər keyfiyyətin artırılması, maliyyələşmənin gücləndirilməsi və qəbul yerlərinin elə tənzimlənməsidir ki, regionlarda daha çox, Bakıda isə nisbətən daha az tələbənin təhsil aldığı bir ssenari formalaşsın. Bu isə o demək deyil ki, regionlarda yeni ali təhsil müəssisələri açılmayacaq".

Tarix
2026.06.22 / 17:13
Müəllif
Axar.az
Digər xəbərlər

Berdiməhəmmədov İlham Əliyevə təşəkkür etdi

Azərbaycan və Türkmənistan bu barədə razılığa gəldi

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Urmiya gölünün son vəziyyəti açıqlandı: Ümidlər artır...

Prezidentlərin geniş tərkibdə görüşü oldu - Foto

Mirziyayev səfirimizi təltif etdi - Foto

Bunlar ölkəmizin uğurlu parlament diplomatiyasının göstəricisidir

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Xamenei ilə vida mərasiminə Bakıdan o gedəcək

Azərbaycan və Ermənistan şirkətləri müqavilə imzaladı: İnternet...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla