Biz dünyanın ən gözəl insanını sizə veririk,
təhlükəsizlik komitəsində hamı onu "Appolon B" adlandırır, onu
qoruyun.
Bunu Azərbaycan Respublikası Daxili İşlər naziri işləmiş
general-leytenant Arif Heydərovun xanımına, onların toyunda
təhlükəsizlik komitəsinin əməkdaşı demişdi.
Ancaq təəssüf ki, onu heç kim qoruya bilmədi, elə təhlükəsizlik
komitəsinin əməkdaşları da. KQB-nin "Apollon B", türk
əks-kəşfiyyatının "Qaraqaş" adlandırdığı Arif Heydərov öz otağında
sui-qəsd qurbanı oldu.
Konsul, deputat, nazir işləmiş kəşfiyyatçı
1970-1978-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər naziri
işləmiş general-leytenant Arif Heydərov 1926-cı ilin 28 iyununda
Ağdaş şəhərində dünyaya gəlib. Bakı Dövlət Universitetinin Tarix
fakültəsini bitirib. Əmək fəaliyyətinə 1942-ci ildə başlayıb,
Əzizbəyov Neft Trestində çilingər işləyib. 1943-cü ildə Moskvaya
xüsusi təhsil məktəbinə oxumağa göndərilib. 1944-1945-ci illərdə
İkinci Dünya müharibəsinin iştirakçısı olub, Berlinə hücum
əməliyyatında iştirak edib. 1945-1947-ci illərdə Polşada və
Almaniyada müttəfiqlərin qoşunlarının heyətində xidmət keçib.
1949-1970-ci illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin
kəşfiyyat şöbəsində işləyib. Bu dövrdə operativ tapşırıqlarla
əlaqədar dəfələrlə xarici ölkələrə gedib və uzun müddət Almaniya
Demokratik Respublikasında və Türkiyədə daimi işdə çalışıb.
1967-1970-ci illərdə Türkiyədə konsul, 1970-1978-ci illərdə
Azərbaycan SSR Daxili İşlər Naziri işləyib. Azərbaycan SSR Ali
Sovetinin deputatı olub.
Alman, ingilis, türk, fars dillərini bilirdi. SSRİ-nin "Qırmızı
Bayraq", "Şərəf nişanı" ordenləri və bir çox sovet və xarici ölkə
medalları ilə təltif olunmuşdu.
Arif Heydərov 1978-ci il 29 iyunda iş yerində qətlə yetirilib.
Adına Bakıda tanker, küçə, hospital və məktəb var.
Vladimir Jirinovskinin xilaskarı
Arif Heydərovun qətlinin təfərrüatlarına keçməmişdən qabaq bir
maraqlı hadisəni yada salaq. Arif Heydərov vaxtilə hazırda Rusiya
Liberal Demokrat Partiyasının lideri olan və həmişə qalmaqallı
açıqlamaları ilə güdəmə gələn Vladimir Jirinovskini həbsdən azad
etdirib. Məlumatlara görə, Jirinovski bir zamanlar Türkiyədə, Əlağa
qəsəbəsində tərcüməçi işləyib. O dövrdə türk gəncləri arasında
kommunist təbliğatı apardığı, işçilərə Leninin şəkli olan döş
nişanları payladığı üçün həbs edilib. Onu həbsdən isə dediyimiz o
vaxt Türkiyədə konsul işləyən Arif Heydərov azad etdirir. İkinci
Dünya müharibəsindən əvvəl pisləşməyə başlayan SSRİ-Türkiyə
münasibətləri 60-cı illərin ortalarından etibarən yavaş-yavaş
düzəlməyə başlamışdı. A.Heydərovun şəxsi bacarığı sayəsində
Jirinovskinin həbsxanadan qurtarılıb səs-küyə səbəb olmadan ölkəyə
göndərilməsi inkişaf mərhələsinə qədəm qoyan SSRİ-Türkiyə
münasibətlərinə kölgə düşməsinə imkan verməmişdi.
Arif Heydərovun qətlinin təfərrüatı
Arif Heydərovun qətlə yetirilməsilə bağlı keçmiş DTK sədri Vaqif
Hüseynov "Bir ömürdən də çox" kitabında yazır ki, atəş açan şəxs
Şuşa həbsxanasının milis kapitanı Ziya Muradov olub: "Kabinetə
keçməzdən əvvəl DİN veteranı, nazir köməkçisi, polkovnik Səfixanovu
qətlə yetirib. Müavinləri və respublikanın Ali Məhkəmə sədri ilə
işgüzar müşavirə keçirən A.Heydərov kapitanın ikinci qurbanı olub.
Arif Heydərovla birgə kabinetdə olan müavini, general, Sovet
İttifaqı Qəhrəmanı Səlahəddin Kazımov isə üçüncü qurban olub.
Vaqif Hüseynov qeyd edir ki, Ziya Muradov Qurbanov soyadlı
generalı, Böyük Vətən müharibəsi veteranı, Sovet İttifaqı
Qəhrəmanını ölümcül yaralayıb: "Təcrübəli hüquqşünaslar,
kriminalistlər əməliyat işçilərindən ibarət təhqiqat briqadası
təcili qaydada Bakıya gəliblər. Baş katibə baş vermiş hadisə ilə
bağlı məlumat verilib. Muradov, ola bilsin ki, psixopatdır. Lakin
siyasi kontekst açıq-aşkar görünür: respublika Leonid İliçin
səfərinə hazırlaşır. Görəsən, hadisənin bununla bir bağlığı
varmı?"
Qatil sonda özünə də atəş açaraq intihar edib.
Xətm olunmuş cinayət işi
Arif Heydərovun qətlə yetirilməsi təbii ki, çox böyük hay-küyə
səbəb olur. Xarici radiostansiyalar hadisəni diqqətdə saxlayır,
mütəmadi olaraq məlumat yayırmışlar. Şəhərdə də ancaq Muradovun
açdığı atəşlərdən danışırlarmış. Vaqif Hüseynov yazır ki, qatil
əsgəri xidmətdə yaxşı nişançı kimi fərqlənibmiş.
Qətl günü nazirliyin idarəsindən kağız parçası tapılmışdı.
Kağızda belə yazılmışdı: "Nazir müavini S.Hüseynova, kadrlar
şöbəsinin rəisi polkovnik Ş. Məmmədquluyevə, kadrlar üzrə inspektor
F. Əfəndiyevə: siz rüşvətxor süründürməçiləri də ölüm
gözləyir".
Qətldən on bir il sonra isə "Kommunist" qəzeti
yazırdı:
"Hadisələrin bu cür inkişafı nazir müavininin havadarlarının
uzaqgörənliklə hazırladıqları planları – ilk növbədə onu yaxın
gələcəkdə daha yaxşı vəzifəyə irəli çəkmək planlarını poza bilərdi.
Buna isə yol vermək olmazdı. Söz-söhbətin yatması, emosiyaların
soyuması üçün vaxtı uzatmaq lazım idi. Belə də etdilər. Doğrudur,
cinayət işi 1979-cu ilin iyununda təzədən prokurorluğa qaytarıldı.
Lakin çox keçmədi ki, işi Moskva tələb etdi və noyabrın axırlarında
qatil Z.Muradov öldüyünə görə xətm olundu".
Heydər Əliyev və Arif Heydərov
Heydər Əliyevin yaxın dostu A.Heydərovun oğlu Elbrus Şahmarın
hazırladığı "General Arif Heydərov" adlı xatirələr toplusunda atası
haqqında maraqlı şeylər danışıb: "Atamızın dostluq etdiyi
adamlardan biri də o vaxtlar Türkiyədə SSRİ-nin fövqəladə və
səlahiyyətli səfiri olmuş A.A.Smirnov idi. Sonradan Andrey
Andreyeviç SSRİ Xarici İşlər nazirinin kadrlar üzrə müavini olarkən
onu Cənub-Şərqi Asiya ölkələrindən birinə, səhv etmiriksə,
Banqladeşə səfir təyin etmək istəmişdi. Əgər o, bu təklifə razılıq
versəydi, SSRİ-nin tarixində ilk azərbaycanlı səfir olacaqdı. Bu
həmin vaxt idi ki, Azərbaycan KP MK-nın birinci katibi Heydər
Əliyev də onu Daxili İşlər naziri vəzifəsinə təyin etmək istəyirdi.
O isə iki təklif arasında qalmışdı. Açığı anamız da Smirnovun
təklifinə tərəfdar idi. Lakin A.Heydərov lap onu Fransaya səfir
təyin etsələr də, həmin dövləti qəbul etməyəcək, Heydər Əliyevin
təklifinə razılıq verəcəkdi. Çünki Heydər Əliyev həm respublikanın
rəhbəri, həm də onun yaxın dostu idi".
Elə həmin kitabda Heydər Əliyevin Arif Heydərov haqqında
fikirləri də yer alır: "Arif Heydərov o vaxt Türkiyədə idi.
Ümumiyyətlə, o, dövlət təhlükəsizliyi orqanlarında işləyərkən çox
vaxt kəşfiyyat sahəsində çalışırdı. Bundan əvvəl də xarici
ölkələrdə işləmişdi. Mən onu Türkiyədən dəvət etdim və ona Daxili
İşlər naziri vəzifəsini təklif etdim. Doğrudur, o bu işə o qədər də
həvəslə girişmədi. Çünki, bilirdi ki, bir tərəfdən bu, çətin, ağır
işdir, digər tərəfdən də o, xaricdəki işindən ayrılmaq istəmirdi.
Ancaq o, hiss edəndə ki, mənə burada kömək lazımdır və bu sahə çox
mühüm sahədir, söhbət ayrı-ayrı adamların vəzifəsindən yox,
ümumxalq prinsiplərindən, mənafeyindən gedir, bu vəzifəni öz
üzərinə götürməyə razı oldu. Ondan sonra da həyatının son
dəqiqəsinə qədər bu vəzifədə sədaqətlə xidmət etdi".
Generalın bayraq sevgisi
"General Arif Heydərov" adlı xatirələr toplusunda onun həyat
yoldaşı Ədilə xanım Heydərovanın da xatirələri yer alıb: "O əsl
vətənpərvər idi. Türkiyə səfirliyində 3 il konsulluq şöbəsinin
rəisi işləyən zamanlarda olub bu əhvalat. 28 apreldi, SSRİ-nin
Türkiyədəki səfirliyi üzərində SSRİ bayrağı ilə yanaşı, o vaxtadək
heç kimin görmədiyi bir bayraq da dalğalanır, Xarici İşlər
Nazirliyindən, müxtəlif qurumlardan zənglər gəlir, o nə bayraqdır
elə? Arif Heydərov cavab verir: – Bu gün mənim Azərbaycanımın
respublika elan edildiyi gündür, o şərəfə qaldırılıb bu bayraq.
Məsələ düz SSRİ Xarici İşlər naziri Smirnova qədər böyüyür. "Arifə
olar" - deyir. Türkiyədə bu olay yaddaşlarda qalır, növbəti il
xeyli insan zəng edib səfirlikdə işləyən azərbaycanlıları təbrik
edirdilər, bizi qonaq dəvət edirdilər".
a24.az