“Real Madrid”in prezidenti Florentino Perez “Barselona” üzərində qazanılan 2-1 hesablı qələbədən sonra komandanın dörd futbolçusunun çıxışından məmnun qalıb. Onların arasında Kilian Mbappe, Cud Bellinqem, Arda Gülər və Eduardo Kamavinqa da var.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə İspaniyanın “Defensa Central” nəşri məlumat yayıb.
Məlumata görə, Perez iki klub arasındakı gərgin münasibətlər səbəbindən “Kamp Nou”da keçirilən El-Klasikoya qatılmasa da, qələbədən sonra futbolçuları və məşqçi heyətini təbrik edib. Klub rəhbəri komandanın oyunundan razılığını ifadə edərək bir sıra futbolçuların çıxışını xüsusi qeyd edib.
Qələbə baş məşqçi Joze Mourinyo üçün də əhəmiyyətli olub. Son vaxtlar komandanın oyun səviyyəsi ilə bağlı tənqidlərə məruz qalan portuqaliyalı mütəxəssis “Barselona” üzərində qələbə ilə ona olan etimadı möhkəmləndirmək imkanı qazanıb.
Mbappe və Bellingem hücumdakı təsirləri ilə diqqət çəkiblər. Klubun gələcək planlarında mühüm yer tutan Arda Gülər və əvvəlki dövrlərdə tənqid olunan Eduardo Kamavinqa da “El-Klasiko”dakı çıxışları ilə rəhbərliyin etimadını doğruldublar.
Nəşrin yazdığına görə, Perez bu nəticəni komandanın mövsüm ərzindəki hədəfləri baxımından müsbət göstərici hesab edir. Bununla belə, “Real Madrid” rəhbəri bir oyunda qazanılan qələbənin çempionluğa zəmanət vermədiyini və komandanın mövsümün sonunadək sabit çıxış etməli olduğunu anlayır.
Qeyd edək ki, “Real Madrid”in “Barselona” üzərində 2-1 hesablı qələbəsi İspaniya çempionatında titul uğrunda mübarizəni daha da gərginləşdirib.