"Stevie" Beynəlxalq Biznes Mükafatı üzrə "İlin
telekommunikasiya şirkəti" və "İlin Korporativ Ünsiyyət
Departamenti" adlarına layiq görülən Azərsell Telekom Azərbaycanı
beynəlxalq aləmə bir daha tanıtdırıb. Eyni zamanda, "Azərsell"in
"Barama" İnnovasiya və Sahibkarlıq Mərkəzinin nəzdində yaranaraq
fəaliyyət göstərən "Sumaks" şirkəti isə "İlin Startapı"
nominasiyası üzrə gümüş mükafata layiq görülüb.
Şirkətdən Axar.az-a verilən məlumata görə, mükafatın təntənəli
təqdimolunma mərasimi İtaliyanın paytaxtı Roma şəhərində
keçirilib.
Qala gecəsində Azərsell Telekom MMC-nin Korporativ Ünsiyyət
rəhbəri Nigar Şıxlinskaya və "Azərsell" İnnovasiyalar və
Sahibkarlıq şöbəsinin rəhbəri İmran Bağırov iştirak edib. Mükafatı
qəbul edən Nigar Şıxlinskaya şirkətin əldə etdiyi yüksək
nailiyyətlərdə bütün "Azərsell" əməkdaşlarının böyük rolu olduğunu
vurğulayaraq bildirib ki, şirkət yeni texnologiyalar və
inovasiyalar tətbiq etməklə insan həyatını asanlaşdırmağa çalışır.
O, həmçinin münsiflər heyətinə "Azərsell"i və Barama mərkəzini 3
nominasiyada seçdiklərinə görə təşəkkürünü bildirib.
Məlumat üçün bildirək ki, "Stevie" mükafatı üzrə beynəlxalq
münsiflər heyəti "Azərsell"in ölkədə keçirdiyi bir sıra əhəmiyyətli
layihə və təşəbbüsləri nəzərə alaraq şirkəti mükafatlandırıb.
Şuranın rəylərinə əsasən, ölkənin qərb sərhədlərində hərbi
vəziyyətlə əlaqədar "Azərsell"in öz abunəçilərini fasiləsiz əlaqə
ilə təchiz etməsi və eyni zamanda, gərgin döyüşlərin getdiyi vaxtda
bir həftə ərzində ön cəbhəyə yaxın ərazilərdə 3G şəbəkəsinin əhatə
dairəsini 30% gücləndirməsi "Azərsell" şirkətinin nümunəvi mobil
operator olduğunu sübut edir.
"Azərsell"in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin
nəzdində fəaliyyət göstərən "Sumaks Startapı" isə İnnovativ
Avtomaks ve məişət proseslərinin idarə edilməsi üzrə layihələrə
görə gümüş mükafatına layiq görülüb. Qeyd edək ki, Azərbaycanda bir
ilk olan "Avtomaks" qurğusunun əsas məqsədi avtomobilin
təhlükəsizliyini təmin etmək və ona məsafədən nəzarəti həyata
keçirmək, iş prosesini asanlaşdırmaqdan ibarətdir.
Xatırladaq ki, dünyanın 200-dən çox nüfuzlu biznes eksperti,
şirkət sahibi və iş adamlarından ibarət beynəlxalq münsiflər
heyətinin səsverməsi nəticəsində baş tutan "Stevie" mükafatının
məqsədi dünyanın müxtəlif ölkələrində uğur qazanmış şirkətlərin
tanıdılmasıdır. Qeyd edək ki, Azərsell Telekom 2011-ci ildə Sosial
Məsuliyyət layihələrinə görə "İlin İctimaiyyətlə Əlaqələr Şirkəti",
2012-də ətraf mühitin qorunmasına xidmət edən "Karbon Kalkulyator"
layihəsinə görə "İlin Kreativ Komandası" nominasiyasında, 2014-cü
və 2015-ci illərdə isə İlin ən yaxşı məhsulu ("Bölgə" tarifinə
görə), İlin Telekommunikasiya Şirkəti (telekommunikasiya
sahəsindəki nailiyyətlərə görə), İlin ən yaxşı Müştəri Xidməti
(Müştəri Loyallığı İndeksinin ölçülməsinə dair layihəyə görə)
nominasiyalarında "Stevie" mükafatına layiq görülüb.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə
bilərsiniz.