Əlbəttə, dövlət büdcəsindən maliyyələşən "Azərbaycan
televiziyası"nın, "İctimai televiziya"nın, "İdman Azərbaycan",
"Mədəniyyət" və "CBC sport" kanallarının, habelə "Azərbaycan
radiosu" və "İctimai Radio"nun bu qəbildən olan maliyyə sıxıntıları
yoxdur.
APA-nın məlumatına
görə, bu barədə Milli Televiziya və Radio Şurası (MTRŞ) sədrinin
müavini Qafar Cəbiyevin "Xalq" qəzetində dərc olunan məqaləsində
deyilir.
Q. Cəbiyev bildirib ki, bu mənada tamaşaçı auditoriyasının həmin
yayımçılardan daha çox maarifləndirici proqramlar umması tamamilə
normal bir istəkdir:
"Ədalət naminə deyək ki, "Azərbaycan televiziyası", "Mədəniyyət"
kanallarının və "İctimai televiziya"nın bir sıra verilişləri bu
cəhətdən tamaşaçıları qane etməyə bilməz. Söhbət mövzusu,
auditoriyası, kontingenti və təqdimatı ilə fərqlənən intellektual
verilişlərdən gedir ki, mən onlardan biri, İTV-də yayımlanan "Media
və Zaman" verilişi üzərində ayrıca dayanmaq istərdim. Peşəkar qələm
ustası, alim-jurnalist Xalid Niyazovun müəllif və aparıcısı olduğu
bu veriliş televiziyalar qarşısında dağ kimi dikələn ciddi və
aktual bir problemin-səviyyə və auditoriya arasındakı tənasüb
probleminin həlli istiqamətində atılan uğurlu addımlardan biridir.
Həmin verilişi oxşar proqramlardan fərqləndirən cəhət hansılardır?
Əvvəla, mövzu! Yəni, zaman müstəvisində medianın toxunduğu,
hallandırdığı ən aktual, ağırçəkili mövzular məhz bu proqramda
müzakirə predmetinə çevrilir. Cəlbedici telepublisistika, mövzuya
bələdlik, elmi-intellektual səviyyə, geniş dünyagörüşü, peşəkar
mükalimə, zahiri-atributiv elementlərin harmoniyası bu verilişin
timsalında televiziyanın "elitarlıq, yoxsa kütləvilik"
mübahisəsində vurğunu birincinin üzərinə qoyur. Burada aparılan
müzakirələrin həm intellektual, həm də peşəkarlıq baxımından üstün
səviyyəsini təyin və təmin edən ikinci vacib amil dəvət olunan
ekspertlərin kimliyidir. Televiziyaçılıqda bu məqam, həm də konkret
teleməhsulun müvəffəqiyyətini şərtləndirən səbəblər sırasındadır.
Tamaşaçı hər dəfə bu proqramda ölkənin sayılıb-seçilən ziyalı,
alim, ictimai xadim və media funksionerləri ilə "həmsöhbət" ola
bilir. Xatırladaq ki, efirə dəvət olunan ekspertlərin tərkibi və
səviyyəsi ilə bağlı da çox ciddi, özü də haqlı narazılıqlar var.
Ayrı-ayrı kanalların daha çox müğənni və artistlərdən ibarət az
qala daimiləşmiş ekspertlərini hər gün efirdə görmək, onların
ekspert qismində peşələrinə, sənətlərinə və yaşlarına əsla uyğun
olmayan problemlərlə bağlı məsləhət, tövsiyə və iradlarını eşitmək,
əlbəttə, tamaşaçıya xoş ola bilməz. Məgər Azərbaycanda intellekt
qıtlığı var?! Ekspert kimi bilavasitə müzakirəyə çıxarılmış
mövzularla bağlı nüfuzlu, keçərli fikir söyləyəsi insanlar yoxdur?!
Heç kəsə sirr deyil ki, bu və ya digər verilişin nə dərəcədə
uğurlu, əhəmiyyətli və baxımlı olacağı birbaşa müəllif və
aparıcının özünün şəxsiyyətindən, onun intellektual səviyyəsindən
çox asılıdır. Təəssüf hissi ilə onu da bildirməliyəm ki, bu gün
telekanallarımızda peşəkar kadrların açıq-aşkar qıtlığı hiss
olunur. Təkcə aparıcılar deyil, ümumilikdə digər sahələrdə də
peşəkar televiziya kadrlarının çatışmaması hazırkı dövrdə
televiziyalarımızın, lap elə radiolarımızın da bir nömrəli
probleminə çevrilib. Teleradio işçiləri içərisində təsadüfi
insanların olması təəssüf doğurur. Bəli, nə qədər təəccüblü olsa
da, efir imkanlarından sui-istifadə edən, kamera və mikrofonları
işə salaraq "ağa nəzərəm, belə gəzərəm" düşüncəsi ilə davranan,
vəzifə borcunu unudaraq açıq-aşkar dələduzluqla məşğul olan
teleradio işçiləri də var. Təbiidir ki, bu cür üzdəniraq əməl
sahibləri teleradio ailəsinin özü tərəfindən tez bir zamanda çıxdaş
olunmalıdır və olunurlar da".