Azərbaycan ilə İran arasında Şahtaxtı-Poldəşt sərhəd
keçid məntəqəsinin gündəlik iş rejimi 10 saatdan 12 saata
çatdırılıb.
Dövlət Gömrük Komitəsindən Axar.az-a verilən məlumata görə,
artıq oktyabrın 29-dan Şahtaxtı və Poldəşt gömrük orqanları Bakı
vaxtıyla səhər saat 08:30-dan axşam saat 20:30-dək fəaliyyət
göstərəcək.
Bu yenilik Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin
İranın Qərbi Azərbaycan vilayətinə səfəri çərçivasındə imzalanmış
iqtisadi və mədəni sahələrdə əməkdaşlıq haqqında memoranduma əsasən
həyata keçirilib. İş vaxtının uzadılması vətəndaşların
Şahtaxtı-Poldəşt sərhəd keçid məntəqəsindən istifadəsinin daha da
yaxşılaşmasına, eləcə də xarici ticarət dövriyyəsinin artmasına
şərait yaradacaq.
Beynəlxalq statusa malik Şahtaxtı-Poldəşt sərhəd keçid
məntəqəsində tətbiq olunan yeniliklərdən biri də yüklü nəqliyyat
vasitələrinin buraxılışının təmin olunmasıdır. İran İslam
Respublikasının Poldəşt gömrüyünün yenidən qurulması və iş
prosesində elektron idarəetmə sisteminin tətbiqinə başlanılması
imkan verir ki, Naxçıvan Muxtar Respubikasından xarici ölkələrə və
Azərbaycanın digər bölgələrinə gedən və əks istiqamətdə gələn yüklü
nəqliyyat vasitələrinin buraxılışı həyata keçirilə bilsin. Bu isə
öz növbəsində xarici ticarət əməliyyatları ilə bərabər Naxçıvanın
tranzit potensialının artmasına da əlavə stimuldur.
Qeyd edək ki, 2007-ci ildə Araz çayı üzərində yeni
Şahtaxtı-Poldəşt körpüsünün tikilib istifadəyə verilməsi, 2009-cu
ildə Şahtaxtı Gömrük İdarəsi üçün müasir kompleksin qurulması,
burada əlverişli iş şəraitinin yaradılması bu gömrük orqanının
fəaliyyətinin artırılmasına və günün tələbləri səviyyəsində
qurulmasına hesablanmış addımlar idi. Naxçıvan Muxtar Respublikası
ilə İran İslam Respublikasının yaxın vilayətləri arasında bütün
sahələrdə qarşılıqlı münasibətlərin ilbəil möhkəmlənməsi fonunda
gömrük əlaqələrinin də inkişafı onu deməyə əsas verir ki, gələcəkdə
Şahtaxtı-Poldəşt sərhəd keçid məntəqəsi maksimum gücüylə fəaliyyət
göstərəcək.