Cahangir Hacıyev tərəfindən yüz milyonlarla vəsaitin
ölkədən çıxarılaraq mənimsənilməsi ilə bağlı bəzi epizodlar üzrə
geniş istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar
Sultanov Trend-in sorğusuna cavab olaraq bildirib.
E.Sultanov xatırladıb ki, "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin
İdarə Heyətinin sabiq sədri C.Hacıyev və digərlərinin Cinayət
Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilmələrinə dair
cinayət işi 19.07.2016-cı il tarixdə baxılması üçün aidiyyəti üzrə
Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib, məhkəmənin
14.10.2016-cı il tarixli hökmü ilə C.Hacıyev Cinayət Məcəlləsinin
179.3.1, 179.3.2, 308.2, 309.2 və 313-cü maddələri ilə təqsirli
bilinərək 15 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum
edilib.
O əlavə edib ki, hökmə əsasən C.Hacıyev 27.03.2001-ci il
tarixdən 02.04.2015-ci il tarixə kimi "Azərbaycan Beynəlxalq Bankı"
ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işlədiyi müddətdə
mütəşəkkil dəstə yaradaraq öz qulluq mövqeyindən sui-istifadə
etməklə ona etibar edilmiş külli miqdarda özgə əmlakını talamaqla
vəzifə saxtakarlığı törədib və vəzifə səlahiyyətlərini aşaraq
"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin hüquqlarına və qanuni
mənafelərinə, həmçinin dövlətin qanunla qorunan mənafelərinə ağır
nəticələrə səbəb olan mühüm zərər vurub.
E.Sultanov bildirib ki, Maliyyə Nazirliyinin vəzifəli şəxsləri
tərəfindən qanun pozuntularına yol verilməsi barədə C.Hacıyev
tərəfindən səsləndirilən ittihamların heç bir əsasının olmadığı
müəyyən edilib.
Baş Prokurorluq rəsmisi əlavə olaraq qeyd edib ki, C.Hacıyev və
qeyriləri tərəfindən Beynəlxalq Bankdan yüz milyonlarla dollar
vəsait çoxpilləli köçürmələr vasitəsilə ayrı-ayrı xarici ölkələrdə
bilavasitə özlərinin yaratdığı fərqli adlar altında olan hüquqi
şəxslərə ötürülərək banka heç bir fayda gətirməyən layihələrə
yönəldilməsi və mənimsənilməsi ilə bağlı bəzi epizodlar üzrə geniş
istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.