Ana səhifə Toplum |
Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik
Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Nəzarət Baş
İdarəsinin həbsdə olan sabiq rəisi Akif Çovdarovun cinayət işi üzrə
bəzi detallar məlum olub.
APA-nın məlumatına
görə, istintaq zamanı müəyyən edilib ki, A. Çovdarov 2008-ci ilin
fevral-mart aylarında MTN-nin Antiterror Mərkəzinin rəis müavini
işləyərkən çoxmərtəbəli yaşayış binalarının tikintisi ilə məşğul
olan "Azərtikinti-ATF" MMC-nin direktoru Azər Cəlil oğlu Quliyevin
külli miqdarda pulunu ələ keçirmək məqsədilə hakimiyyətdən və öz
qulluq mövqeyindən tamahkarlıq məqsədi ilə sui-istifadə edərək,
rəsmi sürətdə qeydiyyata alınmış araşdırma materialı, şikayət
ərizəsi, əməliyyat məlumatı olmadığı halda cinayət işi üzrə dəstə
üzvlərindən olan Səlim Məmmədovun vasitəsi ilə 2008-ci ilin fevral
ayında Azər Quliyevi MTN-ə çağırıb. A. Çovdarov A. Quliyevin 8 saat
ərzində yaxın qohumları, ailə üzvləri ilə əlaqə saxlamasına imkan
vermədən hərəkət sərbəstliyini məhdudlaşdırıb nazirlik
əməkdaşlarının xidməti otaqlarında, dəhlizdə saxlamaqla qanunsuz
azadlıqdan məhrum edib.
A. Çovdarov xidməti otağında onunla görüşərək qarşılıqlı biznes
əlaqələrinə malik olduğu şəxslərlə aralarında yaranmış borc
öhdəliyi barədə məlumatları bəhanə edərək "Orxan" MMC ilə bağladığı
müqavilə əsasında Bakı şəhəri Telnov küçəsi 2347/48-ci məhəllədə
inşa etdiyi 16 mərtəbəli yaşayış binasından saxta sənədlərlə
ayrı-ayrı şəxslərə təkrar mənzillərin satışına görə barəsində
cinayət işi başlanılacağı, həbs ediləcəyi ilə şəxsən hədələyərək 1
200 000 ABŞ dolları məbləğində pul vəsaiti tələb edib, 2 mənzilin
ona verilməsi ilə razılaşıb. Bundan əlavə, 2008-c il martın 11-də
Azər Quliyevi direktoru olduğu "Azərtikinti-ATF" MMC ilə "Babək-94"
müstəqil kiçik müəssisəsi arasında bağlanılmış müqavilə əsasında
inşa edilən Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi 2942a
məhəllə, M. Hadi və İ. Zülfüqarov küçələrinin arasında (hazırda
Xudu Məmmədov küçəsi, 34) inşa edilən yaşayış binasında öz payına
düşən 62 860 manat dəyərində 89,8 kvadrat metr ölçüdə olan 136 və
bazar dəyəri 115 500 manat təşkil edən həmin ölçüdə 100 saylı
mənzilləri dəstə üzvü Səlim Məmmədovun yaxın münasibətlərdə olduğu
Bağırov Kazım Alməmməd oğlunun adına sənədləşdirilməsi ilə hər iki
mənzili dəyəri ödənilmədən əvəzsiz sürətdə hədə-qorxu ilə əldə
edib.
Akif Çovdarov sonradan 136 saylı mənzili üçüncü şəxslərlə satmaqla,
100 saylı mənzili isə özünün Novxanı qəsəbəsində yerləşən bağ
evində bağban kimi fəaliyyət göstərən Həsənov Elxan Müqabil oğlunun
adına rəsmiləşdirərək faktiki mülkiyyətində saxlayıb.
Həmçinin 2008-ci il mart ayında Səlim Məmmədov Bakı şəhəri 8-ci
kilometr yaşayış massivi, "Borçalı" şadlıq sarayının yaxınlığında
Azər Quliyevlə görüşüb ondan hədə-qorxu ilə müvafiq dövrün
məzənnəsinə görə 12 478 manata bərabər 15 000 ABŞ dolları alıb.
Bununla onlar özgənin külli miqdarda pul vəsaiti və əmlakını
mütəşəkkil dəstə tərkibində təkrarən hədə-qorxu ilə tələb edib ələ
keçirməklə fiziki və hüquqi şəxslərin hüquqlarına, mənafelərinə,
həmçinin cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır
nəticələrə səbəb olan əhəmiyyətli zərər vurublar.
Qeyd edək ki, A. Quliyev bir müddət əvvəl Bakı Ağır Cinayətlər
Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Dələduzluqda ittiham edilən A. Quliyev bu il avqust ayının 20-də
saxlanıldığı cəzaçəkmə müəssisəsində ölüb. Onun bir neçə
xəstəlikdən əziyyət çəkdiyi bildirilirdi.
Hazırda məhkəməsi gedən Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3
(Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin
ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1,
179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən
külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq
mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək
məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə
külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4
(Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı
silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli
qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki
vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti
haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4
(Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil
dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və
təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2
və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla
hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya
hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda)
maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1,
179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1,
311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü
maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2,
181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2,
311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və
Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2,
182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4,
341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli
sürülüb.
Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması
üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif
Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus
ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul
vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət
və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və
sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat
dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və
37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər
qoyulub.
Məhkəmə prosesi Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun
sədrliyi ilə keçirilir.
Tarix
2016.11.02 / 14:34
|
Müəllif
Axar.az
|