Birincilik zirvəsində
Düz 90 il öncə Şərqdə ilk radio olan milli radiomuz
sizinlə, möhtərəm dinləyicilər (Şəfəq Sultan Əlixanlı Azərbaycan
radiosunun "Ədəbiyyat və İncəsənət" redaksiyasının daş redaktorudur
– red.) – Azərbaycan xalqı ilə uzun və şərəfli bir efir yolçuluğuna
çıxdı. Və o gün – bu gün evlərinizin ən arzulanan qonağına
çevrildi.
Ekran-efir zamanın ən çevik, qısa yolla yozumu olduğu üçün Milli
Radiomuz, Televiziyamız zamanla nəfəs alıb, zamanın nəbzini tutub
həmişə. Bu gün qloballaşan dünyada, bizdən daim "bir an öndə olan"
zamana yetişmək, dünyada öz səsi, sözü ilə seçilmək, milli
dəyərləri qorumaqla, onlarla efir tezliyindən, yayımlanan yüzlərlə
radio–televiziya verilişindən məhz "dinlənilən, baxılan" olmaq,
təbii ki, o qədər də asan deyil.
Yadınızda olar yəqin, təxminən 10 il əvvəl AzTV öz işinə sözün
birbaşa anlamında, əsrin ruhuna, tempinə uyğun yenidən qurulmaqla
başladı. Az keçmədən hər addımda nəzərə çarpan yeniləşmə və
islahatlar bəhrəsini verdi. Dünya standartlarına cavab verən yeni
texnika, teleimici təsdiqləyən modernləşmiş "Xəbərlər xidməti" və
onlarla orijinal veriliş, eyni zamanda nostalji duyğular oyadan,
yeri görünən köhnə, populyar verilişlərin yeni məzmunda, yeni
formatda ekrana qayıdışı, böyük tamaşaçı auditoriyasını da təkrar
geri qaytarmaqla hər kəsi təəccübləndirdi. Bu dinamik inkişaf,
AzTV-də illərdən bəri yığılıb qalmış problemlərin çevik həlli,
sözsüz ki, bu doğma ocaqda 45 ildən çox ekran-efir işini dərindən
öyrənən, idarəçilikdə və yaradıcılıqda peşəkarlığı, tələbkarlığı,
eləcə də əsl insanlığı bir araya gətirə bilən sədr A.Alışanovun
gərgin səyi sayəsində mümkün oldu. Qısa bir müddət ərzində AzTV-nin
nüfuzu da artdı, burda çalışanların işləmək həvəsi də.
Əslində insanlara münasibət sonucda verilişlərə hopan əsas amil,
işin keyfiyyətini şərtləndirən cəhətlərdəndir. Əsl yaradıcı
adamların Ata ocağı bildiyi bu məbəd, hər birimizin ayrı-ayrılıqda
qayğı ilə əhatə olunduğumuz, evimizə halal çörək apardığımız
məkandı.
…Sonra televiziyamız daha iki gənc televiziyaya - "İdman" və
"Mədəniyyət" kanallarının "efir şəhadətnamə"sinə imza atdı…
AzTV-nin bazasında ölkəmizdə ilk Milli TV Akademiyası yaradıldı…
Yenidən birinciliyinə qovuşan Teleradiomuzdakı dəyişikliklərdən,
son uğurlardan söz düşəndə, sözsüz ki, burdakı fədakar insanların
əməyinə verilən qiyməti unutmaq olmaz. Haqqı olana dəyər vermək,
gənc nəslin işə marağını artırmaq deməkdi, sözsüz. Estafeti
etibarlı əllərə ötürmək, sabah xalqın mənəviyyatı keşiyində
dayanacaq gəncləri bilik və bacarığına görə seçib-sonalamaq, efirə
təqdim etmək peşəkarlara həvalə olunub.
Efirə gələn hər yeni nəfəs, deyilən hər söz, atılan hər yeni
addım uğurlu olmaya bilər. Söz-sənət dünyası, efir işi uzaqdan asan
görünsə də bu çətin sınaqdan uğurla çıxanlar da var, sakitcə
çəkilib gedənlər də…
Radio həm də zərgər dəqiqliyi ilə işləyən, zamanın ölçüyəgəlməz
anlarını duyub-duydura bilənlərin, bu işdə ömründən qopan illərçün
heyfsilənməyənlərin məkanıdır.
…İndi 90-nı haqlayan radiomuzun efirindən saf gənclik nəfəsini
duymamaq və buna sevinməmək mümkün deyil. Razılaşın ki, sözün bütün
mənalarında. Yeniləşmək, yüksəltmək, üstəlik forma, məzmun və
keyfiyyətcə yeniləşən proqramlarda öz milliliyini qoruyaraq, əsl
azərbaycançılığı yaşadaraq, bunu efirə-ekrana gətirmək, əməli işlə
göstərmək əslində böyük hünərdi. Və Milli Teleradiomuz son ildə bu
missiyanı ləyaqətlə yerinə yetirdi. Bütün bunları görmək, bu
illərdə Azərbaycan radiosu efirindən səsini dünyaya duyurmaq
qürurverici bir hissdir…
Uzun illər boyunca bu kollektivə ləyaqətli oğul, qardaş, nəhayət
əsl rəhbər olmağı bacaran Arif Alışanova – bizim islahatçı
sədrimizə nə gözəl ki, özü demiş: "boya-başa çatdığı bu məbədi
əsaslı şəkildə yeniləşdirmək qismət oldu". Və bu qisməti O Ana
Televiziyamızı, Radionu ürəkdən sevən, taleyini bu məbədə bağlayan
hər kəslə, onlara maddi və mənəvi dayaq olmaqla paylaşa bildi.…
İndi ötən əsrin 70-ci illərindən əməkdaşı olduğum, Milli TV və
radiomuzdakı 40 ilə yaxın sənət yolumu gözlərim önündən keçirəndə
verilişlərimizin şah damarı olan, ruhuna Vətən, Xalq və
Dövlətçiliyin təntənəsi hopan o zəhmət dolu illərə görə insanın
ürəyi fərəhlə döyünür. Ən əsası odur ki, burda haqqı olan heç bir
insanın əməyi qarşılıqsız qalmayıb. Bu mənada Azərbaycanımızın
sözün tam anlamında çiçəkləndiyi, Azərbaycan Televiziya və Radio
Verilişləri QSC-nın bu dinamik inkişafda öncül olduğu bir çağda,
əməkdaşlarımıza ölkə prezidenti, zat aliləri cənab İlham Əliyevin
göstərdiyi sonsuz qayğıdan ruhlanmamaq mümkün deyil. Bu sənətin
cəfakeşlərinin əməyinə verilən dəyər, mükafat - Əlahəzrət Sözün də,
insanların da, Azərbaycan Teleradiosunun efir ənginliyindəki
ömrünün də uzanmasına xidmət edir.
Bəli, tariximizin "Səsli səlnaməsi" 90 yaşlı Ana Radiomuz və 60
yaşlı Milli Televiziyamız - yeni nəsillər üçün Ədəbiyyat karvanının
yolunu aydınladan kəhkəşan misalındadı. Bu "köhkəşan"ı xalqın milli
sərvətinə, xəzinəyə çevirən çox dəyərli insanlar - elm, söz-sənət,
fikir aydınları, əmək fədailəri, dünya şöhrətli siyasətçiləri olub,
Siz olubsuz, sözsüz! Milli Teleradiomuzun "Xəzinəsi"ndə qorunub
saxlanan səslərə, lentin yaddaşındakı görüntülərə yaşanan əsrin
nəfəsi, sevinci, kədəri, mücadilələrinin ruhu hopub. Abidələşən
radiomuzun, yeniləşən televiziyamızın bayramı hər kəsin, bütün
xalqımızın bayramıdır - Bayramınız mübarək!
Şəfəq Sultan Əlixanlı
Əməkdar incəsənət xadimi