Binəqədi Rayon Polis İdarəsinin əməliyyatçıları
tərəfindən saxlanılan şəxslər Əhliman Atamov və Elmir Nəcəfovdur.
Onlar Biləcəri qəsəbə sakini Ənvər Səfərovun evini qarət etdikdən
sonra yaxalanıblar.
ARB TV xəbər verir ki, istintaq materiallarına
görə, zərərçəkmişin evindən qızıl boyunbağı, bilərzik, üzük, bir
cüt sırğa və 60 manat nəğd pul aparıblar. Ümumilikdə ekspertlər ev
sahibinə dəymiş ziyanı 1130 manat məbləğində dəyərləndiriblər.
Saxlanılan şəxslər törətdikləri digər əməlləri də etiraf
ediblər.
Elmir Nəcəfovun sözlərinə görə, o, evlərin qarşısında durub,
ətrafa nəzər edib. Mənzillərə dostu Əhliman daxil olub: "Fəhlə
işləyirdim İçərişəhərdə. Santexnik. Ehtiyacım olub, pulum olmayıb,
işim dayanıb deyə, gedib eləmişəm".
Elmir Nəcəfovdan fərqli olaraq, Əhliman Atamov törətdikləri
oğurluq hadisələrini tam təfərrüatı ilə açıqlayıb. Atamovun
sözlərinə görə, qarət ediləcək mənzilləri o müəyyənləşdirib: "Mən
orda olmuşamsa, mənlik olub. İndi babalları öz boyunlarına ki, kim
mənsiz nəsə edib. Yəni, mən orda varamsa, mən etmişəm. Adətən
6-7-dən sonra, şər qarışanda. Camaat hələ işdə olur axı o vaxtı.
Gəzirdim, görürdüm işıqsızdı, çox vaxt "reşotka"sızlara girirdim.
Amma bir də görürdün ki, "reşotka"lı da olurdu. Baxırdım, asandırsa
çıxartmaq, hə. Həm də "reşotka" elə bir şeydir ki, səs salır.
Dəqiqləşdirirdim, qonum-qonşuya yaxın deyilsə, onda "reşotka"nı
çıxarırdım. Olub belə şeylər".
Oğurluğa həftədə iki dəfə çıxdıqlarını deyən Əhlimanın sözlərinə
görə, qarət etdiyi 30 mənzildən 7-8 min manat pul aparıb. Əldə
edilən pulları dostları ilə kafedə xərcləyib. Atamov mənzillərdən
oğurluq etməyi hərbi xidməti başa vurduqdan sonra tikinti
şirkətlərinin birində çalışan zaman qərarlaşdırıb.
Yeni tikilən binalara plastik pəncərə qurraşdırmaqla məşğul olan
Əhliman plastik pəncərələrin çöldən açılmasının qaydalarını da
öyrənib: "Taxta pəncərə bir az çətindir. Amma plastik üçün dəmir
qırığı, aftyorka və ya nazik bir şey götürüb, pəncərənin yuxarı və
aşağı hissələrinə salıb bir balaca çəkirsən, vəssalam. Açıb
girmişəm, götürüb çıxmışam".
Binəqədi Rayon Polis İdarəsində faktla bağlı cinayət işi üzrə
araşdırmalar davam etdirilir.