Ağdaş rayonunda xüsusi amansızlıqla törədilən qətl
hadisəsinin təfərrüatları məlum olub.
APA-nın yerli bürosunun
xəbərinə görə, Ağdaş şəhər sakini, əvvəllər məhkum olunmuş Ramazan
Qurbanov yol kənarındakı avtoyuma məntəqəsinin yanında şəxsi
münasibətlər zəminində aralarında baş verən dava zamanı dostluq
etdiyi Ağdaş rayonu Qolqəti kənd sakini, 1970-ci il təvəllüdlü
Baxşəliyev Abubəkr Sabir oğluna boğaz, qarın və kürək nahiyəsindən
7 bıçaq xəsarəti yetirərək onu amansızlıqla qətlə yetirib.
Hadisəni törədən R. Qurbanov qaçıb gizlənsə də, Ağdaş rayon Polis
Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil
verilib.
Qətlə yetirilən şəxsin qardaşı Mahir Baxşəliyev müsahibəsində
qardaşının sifarişlə qətlə yetirildiyini və onu öldürən şəxsin
təkcə R. Qurbanov olmadığını, hadisədə digər şəxslərin də iştirak
etdiyini iddia edib. M. Baxşəliyev bildirib ki, qatillər qardaşını
yox, onun özünü öldürmək istəyiblər və əvvəlcədən bu barədə
xəbərdarlıq da ediblər. Onun sözlərinə görə, 3 il əvvəl Bakı
şəhərinin Yeni Suraxanı qəsəbəsində ev və torpaq alqı-satqısı ilə
məşğul olan Aslan və Həmid adlı şəxslərə 6500 manat pul verərək 2
sot torpaq sahəsi alıb. Lakin ötən müddət ərzində torpağını həmin
adamlardan ala bilmədiyinə görə verdiyi pulu geri qaytarmağa
çalışdığını, Aslan və Həmid adlı şəxslər barədə Suraxanı rayon
Polis Şöbəsinə və prokurorluğa şikayət etdiyini bildirib. Həmin
şəxslər bir həftə əvvəl ona Suraxanı rayonu Polis Şöbəsinin
istintaq bölməsində pulu geri qaytarmayacaqlarını və bu günlərdə
onun başına oyun açacaqlarını deyərək hədə-qorxu gəliblər. M.
Baxşəliyevin iddiasına görə, şikayətçi olduğu Hamid Abdinovun
qardaşı törətdiyi qətl hadisələrinə görə 3 dəfə həbsdə olub və onun
qardaşı Abubəkri öldürən Ramazan adlı şəxslə həbsxanada bir yerdə
olub, dostluq əlaqələri var. M. Baxşəliyev qardaşını ona 6500 manat
pul borcu olan Aslan və Həmid adlı şəxslərin sifarişi ilə qətlə
yetirildiyini bildirib.
Qeyd edək ki, bir uşaq atası olan A. Baxşəliyevin rayonda heç
kimlə, o cümlədən onu öldürən Ramazanla şəxsi ədavətinin olmadığı,
sakit təbiətli insan kimi tanındığı bildirilir.
Qətlə yetirilən şəxsin oğlu Ruslan Baxşəliyev isə bildirib ki,
atası və anası ilə birgə Ağdaş şəhərində kirayə tutduqları evdə
yaşayıblar və atası ailəsini dolandırmaq üçün vətəndaşların
həyətlərində fəhləlik edib, halal zəhməti ilə pul qazanıb. O,
atasını öldürən Ramazan adlı şəxsi yaxşı tanıdığını və dostluq
münasibətləri olduğunu deyib. Atasının bir nəfər tərəfindən qətlə
yetirilmədiyini iddia edən R. Baxşəliyev bu hadisədə əli olan digər
şəxslərin də tapılaraq cəzalandırılmasını istəyir.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma
aparılır.