"İnsanların özlərinə dini adlar götürməsi kimi ölümündən
sonra onu qəbir daşına yazdırması da islamda qəbul edilən
deyil".
Bu sözləri "Axar.az"a ilahiyyatçı
Elşad Miri mart ayının 15-də vəfat etmiş məşhur reper Hüseyn
Dəryanın qəbir daşı üzərində yazılan məşhədi, kərbəlayi sözlərinə
islam dininin münasibətinin necə olması barədə danışarkən dedi.
Onun sözlərinə görə, ümumiyyətlə, İslam dinində qəbir daşı
qoydurmaq, üzərinə şəkil vurdurmaq günah kimi qəbul edilən
anlayışlardı: "Bu şəxsi də sağlığında hamı Hüseyn Dərya kimi
tanıyırdı və çağırırdı. Bircə dəfə də olsun eşitdinizmi ki, ona
Məşhədi Hüseyn və ya Kərbəlayi Hüseyn desinlər? Bu insan vəfat
edəndən sonra dinlə bağlılığı yada düşdü. İnsanların özlərinə belə
adlar götürməsi kimi ölümündən sonra onu qəbir daşına vurdurması da
islamda qəbul edilən deyil".
İlahiyyatçı deyir ki, İslamda dini titul deyilən bir anlayış
yoxdur: "İnsanlar özlərinə nə qədər məşhədi, kərbəlayi kimi adlar
götürsələr də, peyğəmbər dövründə bunların heç biri olmayıb. İslam
dinində bircə Həcc ziyarəti var. Məhəmməd peyğəmbər o ziyarətə
bircə dəfə gedib və heç vaxt da ona Hacı deməyiblər.
Peyğəmbərimizin nə özünün, nə də yaxın ətrafı və səhabələrinin heç
birinin adının qarşısında Hacı sözünü görə bilməzsiniz".
Din bunu nə təsdiq, nə də inkar edir
Hacı
Şahin isə bildirir ki, qəbir daşı üzərində dini titulun
yazılmasının günah olub-olmaması ilə bağlı dində konkret göstəriş
yoxdur:
"İnsanın qəbrinin tanınması üçün onun adı başdaşı üzərində
yazılır. Əgər şəxs Kərbəla, Məşhəd ziyarətində olubsa, bunu qəbir
daşının üzərində qeyd etdirməsinin bir eybi yoxdur. Din bunu nə
təsdiq, nə də inkar edir. İnsan həqiqətən də müqəddəs
ziyarətgahlarda olubsa, o həmin ziyarətə hörmət əlaməti olaraq
bunun qəbir daşı üzərində yazdırılmasını vəsiyyət edə bilər. Ancaq
ümumiyyətlə, dinin başdaşı üzərindəki yazı haqqında bir göstərişi
yoxdur".
Qeyd edək ki, mərhum reper Hüseyn Dərya martın 15-də avtomobil
qəzasında dünyasını dəyişmişdi. Dünən 40 mərasimi keçirilən reperin
başdaşının üzərində "Məşhədi, Kərbəlayi Hüseyn Muradov Cahangir
oğlu" yazılıb.