03.27 12:15
Bakıda klubların birində müştəri inzibatçı tərəfindən döyülməsi nəticəsində ölüb.
Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Xırdalan şəhərinin "Quşçuluq" yaşayış sahəsində yaşayan Rahil Məlikovun evində həmyerlisi, dostu Telman Məmmədovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
Araşdırmalar zamanı T.Məmmədovun paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klublardan birində oranın inzibatçısı - Bakı şəhər sakini Fərhad Musayevlə aralarında baş verən münaqişə zəminində sonuncu tərəfindən yumruqla vurulduğu və yıxılması nəticəsində başından xəsarət alması, sonra dostu ilə birgə onun evinə gələrək orada öldüyü müəyyən edilib.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Musayev tutulub.
***
Müştərinin döyülməsi hadisəsi Nəsimi rayonu, Bülbül prospekti 39 F ünvanında yerləşən "DoReMi" gecə klubunda qeydə alınıb.
Report-un məlumatına görə, hazırda gecə klubu fəaliyyətini dayandırıb. Klub hadisə ilə bağlı 1 həftə sifariş qəbul etməyəcək.
***
Məlumata görə, hadisənin baş verdiyi məkanda azərbaycanlı müğənni Elvin Babazadənin solo konsert proqramı olub.
Mərhum Telman Məmmədov isə dostları ilə həmin konsertdə iştrak edib.