Redaksiyamıza 20 ildir şəxsiyyət vəsiqəsi ala bilməyən vətəndaş
şikayət edib.
Böyükşor qəsəbəsi Pəhləvan Fərzəliyev küçəsinin sakini Hümbətov
Rövşən Əziz oğlu 1993-cü ildən bu günə qədər heç bir sənədi olmadan
yaşayır. Şikayətçi bildirir ki, neçə ildir bu problemdən yaxa
qurtara bilmir. Uzun müddət Gürcüstan vətəndaşlığında yaşayan
R.Hümbətov ölkəyə qayıdanda sənədlərini itirib. Və o zamandan bəri
heç bir sənəd əldə edə bilmir. Şikayətçinin sözlərin görə, baş
vurduğu bütün dövlət idarələri işi öz üzərindən atır. Hər idarə onu
başqa bir idarəyə göndərir.
Təkcə doğum haqqında şəhadətnaməm var
Hümbətov Rövşən Əziz oğlu 1974-ci ildə anadan olub. 17 yaşına
kimi Gürcüstanda yaşayıb. 1992-ci ildə oradan tamamilə köçüblər.
Bir il Qarabağda anasının yurdunda yaşayıb. Ölkəyə qayıdanda
sənədini itirdiyinə görə, yaşadığı evə qeydiyyata düşə bilməyib:
"Ailə üzvlərimdən hər kəsi qeydiyyata alsalar da, məni salmadılar.
Bu səbəbdən nə Gürcüstanda, nə də ölkəmdə normal yaşaya bilirəm.
Təkcə doğum haqqında şəhadətnaməm var. Onu da kimə göstərirəmsə,
deyirlər ki, sən Gürcüstan vətəndaşısan, biz səni qəbul edə
bilmərik. Gürcüstan səfirliyinə də getdim, olanları danışdım, onlar
da köməklik etmədi".
Övladları ata soyadı daşımaq istəyir
Şikayətçinin həyat yoldaşı İradə Mehdiyevanın sözlərinə görə isə
artıq 18 ildir ki, evlidirlər. Lakin bu problem onların rəsmi
evliliyinə mane olub. Sırf bu səbəbdən nə nikaha girə bilirlər, nə
də ki övladları atalarının soyadını daşıya bilir: "1995-ci ildən
Rövşənlə evliyik. Neçə ildir bizi məsələyə aid olmayan, səhv
ünvanlara göndərirlər. Kimi səfirliyə, kimi Miqrasiya İdarəsinə…
Amma heç bir yerdən köməklik yoxdur. Gürcüstan həyat yoldaşımdan
imtina edib, Azərbaycan isə qəbul etmir. Bəs onu vətəni qəbul
etmirsə, kim etməlidir? İki oğlumuz var. 17 yaşları var. Amma hər
ikisi mənim soyadımı daşıyır. Mən istəyərdim övladlarım atalarının
soyadını daşısın. Bu sənədsizlik ucbatından həm də maddi sıxıntı
çəkirik. Heç yerdə işə götürmürlər. Yalnız ara işlərlə məşğuldur
ki, bu da bizim ailənin ehtiyaclarını ödəmir. Maşın bazarında
maşınların ehtiyat hissələrinin satışı ilə məşğuldur. Vəziyyətimiz
çox çətindir".
Ekspertlər nə deyir
"Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyinin sədri Əlövsət
Əliyev məsələ ilə bağlı "Axar.az"a bildirdi ki, Azərbaycan
Respublikasının qanunvericiliyinə görə, vətəndaşlığı olmayan
şəxslər şəxsiyyət vəsiqəsi ala bilməzlər. Azərbaycan
Respublikasının ərazisinə 1992–ci ildən sonra gələnlər üçün
şəxsiyyət vəsiqəsi ilə təmin olunması qanunu hələ qəbul edilməyib.
Qanunvericiliyə görə, kim 1992-ci ilədək ölkəyə köç edibsə,
vətəndaşlığı olmayan şəxsiyyət vəsiqəsi ilə təmin olunub. Amma
1992-ci ildən sonra bu vəziyyətlə qarşılaşanlar rəsmiləşdirilmir,
sadəcə, ölkədə yaşamağına heç bir əngəl törədilmir.
Miqrasiya məsələləri üzrə ekspert Əhməd Şirinov
isə bildirdi ki, məsələ ilə əlaqədar vətəndaş Gürcüstan səfirliyinə
müraciət etməlidir: "Burada çətin heç nə yoxdur. O, Gürcüstan
səfirliyinə müraciət edərək bildirməlidir ki, ona qayıdış
şəhadətnaməsi versinlər. Gürcüstana gedərək bütün sənədlərini alıb
ölkəyə qayıtmalıdır. Ondan sonra vətəndaş Azərbaycanda şəxsiyyət
vəsiqəsilə ilə təmin edilə bilər.
Dövlət Miqrasiya İdarəsinə müraciət etsək də, suallarımızı
cavablandıran olmadı. Bildirdilər ki, bütün suallar Komitənin rəsmi
saytında cavablandırılır.
Qeyd edək ki, ölkədə bu cür insanların sayı 20.000-dən
çoxdur.