"Mən səni sənin kim olduğun üçün yox, sənin yanında
özümün kim olduğum üçün sevirəm".
Bu sözləri kolumbiyalı yazıçı Qabriel Qarsia Markes
deyib. Markes və onun kimi digər onlarla yazarın sevgi haqqında
söylədiyi aforizmlər hər kəsin qəlbində yer edib. Hazırda sevgi ilə
bağlı məsələlər əksər insanın beynində suallar doğurur. Buna görə
də çoxlarının düşüncəsində yaranan suallara cavab almaq üçün Bakı
Dövlət Universitetinin və Azərbaycan Universitetinin müəllimi,
psixoloq Könül Cəfərovaya müraciət etdik.
- Könül xanım, hər şeyin başı sevgidirsə, elə ondan da
başlayaq...
- Sevgi insanın bütün ehtiraslarının ən güclüsüdür, çünki o,
eyni zamanda başa, ürəyə və bədənə hakim olur. Mən sevgiyə
çağırılmamış qonaq deyərdim, çünki insanın ömrünə nə vaxt gələcəyi,
qapısını nə zaman döyəcəyi məlum deyil. Hər bir insan iki mənəvi
tələbatı - sevilmək və dərk edilmək tələbatını özündə hiss etmək
arzusundadır. İnsanın daxili komfortu o zaman təmin olunur ki, hər
iki duyğu hissi onda mövcud olsun.
- Bir neçə il bundan əvvəl alimlər bildirmişdi ki, hər
bir insan ömründə iki dəfə sevir. Siz bu fikirlə bağlı nə deyə
bilərsiz?
- İnsan duyğuları sərhədsizdir. Onları çərçivələmək insanın öz
məsuliyyəti və iqtidarına verilmiş bir məqamdır. Bunu təbii olaraq
qəbul edirik. Sadəcə olaraq, bir insan neçə dəfə sevir – bunu bir
teorem kimi qəbul etmək cahillik və savadsızlıqdır. Düşünürəm ki,
sevgi insanın sevilmək ehtiyacıdır və bu tələbat təmin olunan andan
insan sevir.
- İlk baxışdan sevgi həqiqətən mövcuddurmu?
- İlk baxışdan, sadəcə, xoşlanmaq mümkündür. O, sevgi olmur.
Sevgi zamanla qazanılacaq bir duyğudur. İlk baxışdan sadəcə enerji
toqquşması ola bilər, yəni xoşlanmaq. Bu ötəri də ola bilər, daimi
sevgiyə də çevrilə bilər.
- Sevginin insanda yaratdığı müsbət və mənfi
xüsusiyyətlər hansılardır?
- Sevgi insan yaşamında çox önəmli faktordur. Həyata motivasiya
deyərdim. Sevgi həm özünün, həm də özünü tapdığın partnyorun
xoşbəxtliyidir. Qısaca deyərdim ki, xoşbəxtliyin zirvəsidir sevgi.
Təbii ki, bu yolda mənfi və müsbət məqamları sadalamaqla bitməz.
Sevən insan hər şeydən öncə özünü gümrah, çətinliklərlə mübarizə
aparacaq qədər güclü, insanlarla xoş münasibətə meylli və s. kimi
yüksək mənəvi dəyərlərə sahib olur. Mən sevginin mənfi tərəfini heç
düşünmədim. Ən azından düşünmək istəmirəm, çünki düşüncələr
həyatımızın deyərdim ən aparıcı qüvvəsidir. Sən həyatını görmək
istədiyin qədər görəcək, anlamaq istədiyin qədər anlayacaqsan.
Sadəcə, bəzən Azərbaycan mentalitetini nəzərə alsaq, bizdə
sahiblənmək duyğusu çox ön plana çıxır. İkili münasibətlərdə
cütlüklər ünsiyyətdə mənimsəmək duyğusunun quluna çevrilirlər, bu
da təbii cütlükləri bir-birindən uzaqlaşdırır.
- Bəzi insanlar sevgiylə bağlılığı səhv salır. Bunlar
arasındakı fərq nədən ibarətdir?
- Sevgiyə bir proses kimi baxsaq, o, üç mərhələdən keçir. 1-ci
təəssürat, 2-ci heyranlıq, daha sonra isə vurulmaq və sevmək.
Bağlılıq isə ünsiyyətdən yaranan bir prosesdir. Əslində bağlılıq
dosta da ola bilər, yaxın qohuma da ola bilər. Əgər bura duyğular
yönəlmirsə, o zaman keçici demək mümkündür. Sevgi mənəvi kamilliyin
təməli olması ilə yanaşı, həm də əsas şərtidir, yəni insanın
sevərək öz MƏNini tapması mümkündür.
- Eqonun fərdlərin münasibətinə təsiri nə
dərəcədədir?
- Eqodan qurtuluş mümkünmü? Əsla, çünki eqo insanın mənindən
qurtulması şəxsiyyətini, mənliyini inkar etməkdir.
- Sevgidə partnyoruna görə bəzi şeyləri qurban verməsi
nə dərəcədə düzgündür?
- Bilirsiz, dünya yaradılışdan insan övladı xoşbəxtliyin
formulunu axtarmaqdadır. Hamı səadət axtarır, sadəcə, bilməli
olduğumuz bir məqam var. Xoşbəxtlik insanın içindədir. Biz bəzən
çox uzaqlarda axtardığımız xoşbəxtlik çox yaxınımızda ola bilər.
Bunu görmək və duymaq lazımdır. Bunun üçün sadəcə fikirlərimizi
idarə etməyi və qarşı tərəfin fikirlərinə hörmət etməyi
bacarmalıyıq, qurban vermək deməzdim, kompromisə getmək olar, amma
qarşındakı insanı dəyişmək yeni bir insan modeli yaratmaq onu öz
qəlibindən çıxarıb başqa qəlibə salmaq duyğuları parçalayar. Təbii,
bu zamanla qarşı tərəfdəki sevdiyimiz insana, xoşbəxtlik
verəcəyimiz insana donor olduqca öz resurslarımızı tükədirik,
qısacası, sevdiyiniz insanı olduğu kimi qəbul edib heç bir
psixoloji maskadan istifadə etməmək şərti ilə təqdim edin.
- Ailədə vacib olan elementlər hansılardır?
- Ailə üç bucaqdan ibarətdir, birində məişət məsələləri durursa,
o birində duyğular, digər birində isə intim münasibətlər durur. Hər
hansı birində boşluq yaranarsa, hər üçünə təsir edir. Ailədə sevgi
vacib şərtlərdən biridir, çünki sevgi olmayan yerdə kompromis də
olmur. Hər addım qıcıq yaradır, təsir edir.