Bu gün səhər saat 08.07-də paytaxtda qəribə yol hərəkəti
pozuntusu baş verib.
Teleteatr binasının yaxınlığında daxili işlər naziri Ramil
Usubovun olduğu avtomobilin qarşısını 10 AS 999 dövlət nömrə
nişanlı avtomobil kəsib. Daxili işlər naziri Ramil Usubovun olduğu
10 AA 010 dövlət nömrə nişanlı avtomobil və onu müşaiyət edən
"Lexus" markalı maşın karvanının qarşısında DYP maşını da olub. DYP
maşını səs siqnalından istifadə edərək yolun əks istiqaməti ilə
nazirin kortejini müşaiyət edərkən gözlənilməz olay baş verib.
Şəhidlər xiyabanı istiqamətində hərəkət edən 10 AS 999 dövlət
nömrə nişanlı, "Hundai Sonata" markalı avtomobil qəflətən sola
dönərək Teymur Elçin küçəsi istiqamətində, yəni üzü Gülüstan
sarayına tərəf hərəkət etməyə çalışıb. Çox maraqlıdır ki, bu zaman
Teleteatrın qarşısında başqa bir DYP maşını və iki nəfər yol polisi
əməkdaşı olub. Yol polislərini saya salmadan, üstəlik, sağ
tərəfdən, yəni, Şəhidlər xiyabını tərəfdən sayrışan işıqlarla və
xüsusi səs siqnalları ilə hərəkət edən kortejin yaxınlaşmasına heç
bir əhəmiyyət verməyən "Hundai"ın sürücüsü qəza şəraiti yaradaraq
nazirin kortejinin qarşısına çıxıb. Yol polisi əməkdaşları həmin
avtomobilin qarşısını kəsdikdən sonra kortej hərəkəti davam
etdirib. Yol polisləri isə 10 AS 999 dövlət nömrə nişanlı
avtomobilin sürücüsünü dərhal saxlayaraq inzibati protokol tərtib
ediblər.
Avtosfer.az saytının apardığı araşdırmalar zamanı məlum olub ki,
daxili işlər nazirinin yolunu kəsən 10 AS 999 dövlət nömrə nişanlı
"Hundai" Milli Təhlükəsizlik Nazirliyinə məxsusdur.
/Avtosfer.az/
Axar.az-a münasibət bildirən DİN Mətbuat xidmətinin şöbə müdiri
Orxan Mansurzadə məsələdən xəbərsiz olduğunu və gün ərzində
araşdırıb bu barədə mediaya məlumat verəcəyini bildirdi.