Bankların vətəndaşlara verdiyi yüksək faizli kreditlərin
əvəzində onların mülklərini əlindən alması faktlarına tez-tez
təsadüf edilməsi kimsəyə sirr deyil. Belə vəziyyətlə
qarşılaşan növbəti bir vətəndaş bu gün "Axar.az"a müraciət edərək
düşdüyü durumdan şikayət edib.
Bakı şəhər sakini Sədaqət Novruzova dayısı Asif Davud oğlu
İsgəndərovun ondan sui-istifadə edərək adına kredit götürdüyünü,
lakin sonradan borcu qaytarmaqdan imtina etdiyini deyib:
"Dayım mənim etibarımdan istifadə edərək 2007-ci il dekabrın
6-da Bakı şəhəri Xətai Rayon ərazisində yerləşən Dövlət Notariat
Kontorunda mənə məxsus olan və Bakı şəhəri, Nərimanov rayon Sabit
Rəhman küçəsi 29,2 ünvanında yerləşən mənzilimi girov qiyaraq
kredit aldı. Həmin mənzili "Nikoyl" İnvestisiya Kommersiya Bankında
girov qoyaraq ipoteka müqaviləsi bağlayıb və mənim adıma 40 min 20
manat məbləğində pul götürdü. Sonra dayım krediti ödəməkdən imtina
etdi. Bundan sonra ailəmiz faciəvi vəziyyətə düşdü. Ərim Vahid
Novruzov ov tüfəngi ilə dayımı güllələdi. Məhkəmə hökmü ilə ona
cəza təyin edildi".
"Sovet pasportu" hələ də işləyir?
S.Novruzova daha sonra bildirib ki, sözügedən ipoteka müqaviləsi
bağlanarkən həyat yoldaşı Ermənistan SSR, Yexednadzor Rayonunda
anadan olmuş Novruzov Vahid Çərkəz oğlunun razılığı alınmayıb. Buna
səbəb onun hələ də sovet dönəmində əldə etdiyi pasportla
yaşamasıdır. Qeyd edək ki, Vahid Novruzovun şəxsiyyət vəsiqəsi
almadığını Daxili İşlər Nazirliyinin BPQMİ MAPS şöbəsi 2012-ci il
27 iyun tarixli rəsmi arayışla təsdiq edib.
Şəxsiyyət vəsiqəsinin olmamasına baxmayaraq, 6 saylı Notariat
kontorunun notariusu Ə.İmanov isə Ermənistan SSR-in pasportu ilə
saxta ipoteka müqaviləsi bağlayaraq, Sədaqət Novruzovanın adına
olan mənzilin banka girov qoyulmasını təmin edib. "Nikoylbank" da
həmin sənədlər əsasında S.Novruzovanın adına kredit ayırıb. Pulu
isə Asif İsgəndərov hər ay özü ödəyəcəyinə söz verərək götürüb.
Borcu qaytarmaq məqamında qohumlar arasında gərgin münasibət
yaranıb.
Məhkəmə bir il həbs verdi
A.İsgəndərov borcu qaytarmaqdan imtina etdikdə evin sahibi
məcburiyyət qarşısında qalaraq həmin krediti özü ödəyib. Lakin bir
necə aydan sonra S.Novruzova da imkansız olduğunu deyərək
dayısından verdiyi sözə əməl etməsini istəyib. Mübahisə daha da
qızışıb və münaqişə zamanı həyat yoldaşı V.Novruzov A.İsgəndərovu
ov tüfəngi ilə güllələyib. İş polis və məhkəmə orqanlarında
araşdırılıb və V.Novruzov cəzalandırılıb.
Lakin bununla da A.İsgəndərovu krediti qaytarmağa məcbur edə
bilməyiblər. S.Novruzova 2009-cu ilin aprel ayına qədər ümumilikdə
borcun 31 min manatını ödədiyini deyib. Onun sözlərinə görə,
2012-ci ildə məhkəmə qaydasında borcun ödənməsini təmin etmək
qərarına gəliblər: "Sonra biz dayımı məhkəməyə verib məhkəmə
qaydasında borcu tanıtdıq. Lakin o borcu ödəməkdən imtina etdi. Ona
məhkəmə qərarını icra etmədiyinə görə, Nizami rayon Məhkəməsinin
hökmü ilə 1 il müddətinə azadlıqdan məhrum edilib. Ancaq hələ də
bizim evimiz bankın girovundadır. Ərim V.Novruzov isə bildirir ki,
azadlığa çıxan kimi dayımı öldürəcək".
Son ümid yeri
Ötən dörd il müddətində isə "Nikoylbank" kreditin üzərinə xeyli
faiz hesablayıb. Bunu ödəməyə isə ailənin heç bir maddi təminatı
yoxdur. Çıxış yolu kimi bank onlara evi təhvil vermələrini təklif
edib.
Qarşılaşdığı qanunsuzluqlar və ailə faciəsindən bezən
S.Novruzova nəhayət, dünən Prezidentin həyat yoldaşı Mehriban
xanıma müraciət edərək notariat kontorunun və bankın qanunsuz
hərəkətlərindən şikayət edib. Və ona bu ailə faciəsinin qarşını
almaqda yardım göstərməsini xahiş edib. Eyni zamanda S.Novruzova
problemin araşdırılması üçün Respublika Prokurorluğu yanında
Korrupsiya ilə Mübarizə İdarəsinə də müraciət edəcəyini
bildirib.