Özbəkistan prezidentinin qızı Gülnarə Kərimova rəhbərlik
etdiyi "Mədəniyyət və incsənət forumu"nu bağlaması haqda məlumat
yayıb.
Bu haqda "Axar.az" "Fərqanə"yə istinadən xəbər
verir.
Prezident qızı Fondun vacib layihələrini başa çatdıracağını vəd
edib, eləcə də Fond əməkdaşlarının işlə təmin ediləcəyi ilə bağlı
təminat verdiyini açıqlayıb.
"Özbəkistanın mədəniyyət və incəsənət forumu" fondu elm,
mədəniyyət, təhsil və idmanın dəstəklənməsi məqsədilə 2004-cü ildə
yaradılıb.
Kərimova bu haqda öz Tvitter hesabında yazıb. O, həmçinin anası,
prezidentin xanımı Tatyana Kərimova ilə aralarında olan konflikti
də xatırladıb və guya anasının "onunla (Gülnarə ilə) bağlı olan hər
şeyi məhv edəcəyini" deməklə onu təhdid etdiyini bildirib.
Bundan başqa prezidentin qızı deyib ki, xalası oğlu Əkbərin
həbsi məsələsində anasının da əli var.
Xatırladaq ki, adı çəkilən Əkbərin (biznesmen Əkbərəli
Abdullayev) həbsi haqda xəbərlər oktyabrda üzə çıxmışdı. Onu
rüşvətxorluqda, vergidən yayınmaqda və talançılıqda ittiham
etmişdilər. O zaman Gülnarə onun müdafiəsinə qalxmış və bildirmişdi
ki, xalası oğlunun Özbəkistan və xaricdə olan hesablarını əlindən
alıblar.
Kərimova öz fondunu bağlaması haqda xəbər verəndən və anasının
ünvanına ittihamlar səsləndirəndən dərhal sonra Tvitter hesabı ləğv
edilmişdi. Xatırladaq ki, hələ bundan qabaq o, öz mikrobloqunda
Özbəkistan güc strukturlarının ünvanına tənqidlər yazmış və öz
ailəsi haqda sərt fikirlər səsləndirmişdi. Gülnarə anasını mistik
ayinlərə aludəçilikdə günahlandırırdı.
Kərimovanın bloqunun yoxa çıxmasından az əvvəl isə o, Fondunun
təşkil etdiyi "Kelacak ovozi" (Gələcək əvəzi) layihəsinin
iştirakçısı olan tələbələrin şərlənərək terrorçuluqda iştirak
ittihamıyla həbs olunması haqda məlumat vermişdi. Buna görə də
ölkədə qanunsuzluğun baş alıb getdiyini bildirmişdi.
Bu hadisələrə qədər isə 75 yaşlı İslam Kərimovun qızı
prezidentin siyasi varisi hesab edilirdi. Yeri gəlmişkən, son
vaxtlar KİV-də yayılan xəbərlərə görə, onu it damına salıblar.
Özbəkistanda onun nəzarət etdiyi telekanal və radiostansiyalar
işini dayandırıb, Daşkənddəki ona aid olduğu deyilən dəbdəbəli
dükanlar bağlanıb. Yaxın çevrəsində olan şəxslər isə, mühafizə
xidmətinin rəisi də daxil olmaqla ölkəni tərk edib.
İrəli sürülən versiyalardan birinə görə isə, prezidentin qızı it
damına xalası oğlu Əkbərəlini müdafiə etdiyinə görə Özbəkistan
Milli Təhlükəsizlik Bürosunun rəhbəri Rüstəm İnayətovla arasında
yaranan münaqişədən sonra salınıb. Bu versiyaya inansaq, münaqişə
onunla nəticələnib ki, prezidentə qızı haqqında kompromatlar
çatdırılıb. Bu kompromatlarda xüsusilə hansısa bir qadının ölkənin
sənaye müəssisələrindən qeyri-qanuni pay almasından söhbət
gedir.