Ötən ilin martında Rusiyada qətlə yetirilən iş adamı
Samid Şahbazovun ölümü ilə bağlı başlanan cinayət işi hələ də
yekunlaşmayıb. Buna səbəb qalmaqallı qətlin sifarişçilərinə qarşı
sübutların tam olaraq istintaq orqanlarına
çatdırılmamasıdır.
Ərzaq və benzin
biznesi
Hadisənin necə baş verməsi və
sonrakı təfərrüatları barədə Axar.az-a danışan hüquq müdafiəçisi
Səməd Vəkilov mərhum S.Şahbazovun Rusiya Federasiyası, Çita
şəhərində ərzaq məhsullarının topdansatışı və yanacaqdoldurma
məntəqələri işlətdiyini deyib:
"Əslən Masallı rayonundan olan mərhum ərzaq məhsullarının satışı
ilə bağlı işlərini həmkəndlisi Mahmudov Müdrət Qəribəli oğlu,
qardaşı Şahbazov Xanağa Sultanağa oğlu və bacısı oğlanları ilə
birgə görüb. Yəni, onlara işlərinin müqabilində əməkhaqqı verib.
Yanacaqdoldurma məntəqəsini isə keçmiş həyat yoldaşı Nataliya
Fidosiyeva ilə birlikdə idarə edib. Amma həmin qadın ona şərik
olmayıb. Sadəcə, birgə nikahdan doğulan qızları Şahbazova Əminə
Samid qızına maddi yardım göstərmək məqsədilə qazancının 50 faizini
Fidosiyevaya verib".
Özünü şərik kimi qələmə verdi
S.Şahbazov 2013-cü il martın 28-də yaşadıqları evdə - Rusiya
Federasiyası, Zabaykal diyarı, Çita şəhəri, Qriqoriya Kostina
küçəsi ev 49 "a", mənzil 29 ünvanında 2 nəfər tanımadığı maskalı
şəxslər tərəfindən odlu silahla qətlə yetirilib. Elə həmin gündən
onun həmkəndlisi Müdrət Mahmudov və keçmiş həyat yoldaşı
N.Fidosiyeva özlərini şübhəli aparıblar.
Zərərçəkmiş tərəfin
hüquqlarını müdafiə edən S.Vəkilov onların bu hərəkətinin mərhumun
qohumlarında şübhələrin yaratdığını vurğulayıb:
"İş adamının ölümündən bir müddət sonra M.Mahmudov S.Şahbazovla
bütün işlərində şərik olduğunu, ona görə də həmin biznesin bir
hissəsinə sahib çıxacağını bildirib. Onun bu fikrini qohumlar
təəccüblə qarşılayıb. Onlar məhz M.Mahmudovla N.Fidosiyevanın əlbir
olub S.Şahbazovun qətlini sifariş etdikləri qənaətindədir. Çünki
S.Şahbazov dəfələrlə qardaşı Xanağa Şahbazovun və digər
qohumlarının yanında həmkəndlisi Müdrət Mahmudovla şərik
olmadığını, istədiyi vaxt onu işdən kənarlaşdıra biləcəyini
deyib".
Meyiti yola salıb iş başına
keçdi
İş adamı qətlə yetirilən gün
özünü xəstəliyə vuran M.Mahmudov meyitin Azərbaycana gətirilməsinə
belə kömək etməyib. S.Vəkilovun sözlərinə görə, aprelin 2-də
mərhumun meyiti Vətənə gətirilən kimi M.Mahmudov xəstəxanadan
çıxaraq iş adamına məxsus biznesi davam etdirməyə
çalışıb:
"Dəfn və yas mərasimlərindən sonra aprel 12-də Çitaya dönən
qohumları hava limanında M.Mahmudov qarşılayıb. Evə gəldikdən sonra
o, bildirib ki, Şahbazovla bütün işlərdə şərik olub. Sonradan isə
ona məxsus olan biznesi tam şəkildə davam etdirməyə başlayıb".
Qeyd edək ki, S. Şahbazovun ölüm faktı ilə bağlı Çita şəhəri,
Jeleznodorojnu rayonu, istintaq şöbəsinin baş müstəntiqi, ədliyyə
baş leytenatı Andrey Buxtoyarov cinayət işinin istintaqını aparır.
Əldə edilən faktların kifayət etmədiyindən müstəntiq yalan
detektorundan istifadə etmək qərarına gəlib. Lakin M.Mahmudov
xəstəlik və başqa bəhanələrlə dəfələrlə bu dindirmədən də
yayınıb.
"Sən qorxmursan, ora
getmisən?"
Hadisənin təfərrüatlarının mərhumun 40 mərasimi ərəfəsində bəlli
olduğunu deyən S.Vəkilov sonradan Fidosiyevanın ifadə verməkdən
imtina etdiyini deyib:
S.Şahbazovun 40 mərasiminə yaxın N. Fidosiyeva qızı ilə birlikdə
Masallıya gəlib. Bundan xəbər tutan M.Mahmudov qadına zəng edərək
"sən qorxmursan oraya getmisən?" deyib. Bundan sonra N.Fidosiyeva
həyacanlanaraq rabitəsiz sözlər danışib. Həmin vaxtı Fidosiyevanın
yanında olan qadınlar da telefon danışığına şahid olublar. Səhər
açılanda isə N.Fidosiyeva Samid Şahbazovun yaxınlarına onu Müdrət
Mahmudovun öldürtdüyünü söyləyib. Bu fikri telefonla Çita şəhərində
olan Elgün Şahbazova da deyib".
İş adamına və arvadına
Azərbaycandan hədə zəngləri gəlib
N.Fidosiyeva Çitaya dönən kimi
mərhumun qohumları ilə birgə işi araşdıran müstəntiq A.Boxtuyarovla
görüşüb və bu qətli M.Mahmudovun həyata keçirdiyini bildirib.
Müstəntiq N.Fidosiyevaya əlində olan sübutları həmin gün saat 18-də
ona təqdim etməsini istəyib. Razılaşdıqları vaxtda görüşə yollanan
ərəfədə - saat 17.30-da M.Mahmudov, E.Şahbazov və Möhsün Əliyev
N.Fidosiyeva birlikdə avtomobillə istintaq şöbəsinə gələrkən
qadının telefonuna Azərbaycandan zəng gəlib. Telefondakı şəxs
N.Fidosiyevaya "sənin uşağın və nənəsi evdə təkdirlər, yerini bil"
deyə bildirib. Bundan sonra qadın istintaqa ifadə verməkdən imtina
edib.
S.Vəkilovun sözlərinə görə, S.Şahbazovun ölümündən əvvəl də
onlara Azərbaycandan hədə dolu zənglərin gəldiyini bildirib:
"N.Fidosiyeva mərhumun qohumlarına bildirib ki, mən hər şeyi
bilirəm, ancaq uşağımı öldürərlər deyə, söyləyə bilməyəcəm. Eyni
zamanda mərhumun ölümündən əvvəl də Azərbaycandan ona zəng edərək
hədələdiklərini bildirib. Araşdırmalar nəticəsində həmin zənglərin
Sumqayıt şəhər sakinləri Nadirova Leyla Qədiməli qızı və qardaşı
Nadirov Ceyhun Qədiməli oğluna məxsus olması müəyyən elib.
İstintaqa ifadə verən Leyla heç vaxt Çitaya zəng vurmadığını desə
də, qardaşı dolayısı ilə bir qadınla danışdığını təsdiqləyib, lakin
onu hədələmədiyini deyib".
Hədə-qorxu gələnlər Masallı
polisində "ruhi xəstə" çıxdılar
Cinayət işinin gedişində həmin
şəxslərin tapılıb istintaqa cəlb olunması üçün Rusiyadan Masallı
Rayon Polis Şöbəsinin Boradigah polis bölməsinə sorğu göndərilib.
İstintaqa ifadə verən həmin telefon nömrələrinin sahibləri özlərini
ruhi xəstə kimi qələmə verərək istintaqdan yayınmağa nail
olublar.Həmin sorğuya
səhlənkarcasına yanaşıldığını deyən S.Vəkilov bunun Azərbaycan
Respublikasının Rusiya Federasiyası ilə hüquqi yardım haqqında
bağlanmış ikitərəfli müqavilələrə, sazişlərə və milli
qanunvericiliyin tələblərinə zidd olduğunu vurğulayıb:
"Ona görə də biz Daxili İşlər naziri Ramil Usubova müraciət
edərək Masallı Rayon Polis Şöbəsinin Boradigah polis bölməsinə
Rusiya Federasiyası, Zabaykal diyarı, Çita şəhəri, Jeleznodorojnıy
rayonu, istintaq şöbəsi tərəfindən 07 iyun 2013-cü il tarixli
3/12-776 saylı sorğunun obyektiv cavablandırılmasını təmin etməsini
xahiş etdik. İnanırıq ki, bu məsələ bundan sonra obyektiv
araşdırılacaq".