Ötən gün iş otağnda dünyasını dəyişən Dövlət Sərhəd Xidməti
rəisinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət Üzrə Baş İdarənin
rəisi general-mayor Məhəmməd Abbasquliyev II Fəxri Xiyabanda dəfn
olunacaq.
Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, mərhum bu gün saat
11:00-da 2-ci Fəxri Xiyabanda torpağa tapşırılacaq.
***
Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) qurumun rəis müavini,
Şəxsi Heyət üzrə Baş İdarənin rəisi, general-mayor Məhəmməd
Abbasquliyevlə vida mərasimi keçirilib.
"Axar.az" "AzNews.az"a istinadla xəbər verir ki, mərasimdə
generalın yaxınları, Silahlı Qüvvələrin yüksək rütbəli zabit
heyəti, hərbçi yoldaşları, Milli Məclisin deputatları, dövlət və
hökumət nümayəndələri iştirak edib.
Mərasimdə bildirilib ki, general-mayor Məhəmməd Abbasquliyev
tutduğu vəzifələrdən asılı olmayaraq, özünü daim səriştəli və
bacarıqlı hərbçi, yüksək peşəkarlığa və təşkilatçılıq qabiliyyətinə
malik təcrübəli komandir kimi tanıdıb. Azərbaycan Sərhəd
Mühafizəsinin inkişafında, DSX-ində aparılan islahatların həyata
keçirilməsində, şəxsi heyətin Milli dövlətçiliyə sədaqət və
vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük xidmətləri olub.
General II Fəxri Xiyabanda dəfn olunub.
Xatırladaq ki, general-mayor Məhəmməd Abbasqulu oğlu
Abbasquliyev ötən gün – noyabrın 22-də 48 yaşında vəfat edib.
M. Abbasquliyev 14 fevral 1965-ci ildə Babək rayonunun Kəlboruc
Dizə kəndində anadan olub.
O, 1982-ci ildə Qaraqala kənd orta məktəbini bitirdikdən sonra
Donetsk Ali Hərbi-Siyasi Mühəndis və rabitə Qoşunları Məktəbinə
daxil olub. Bu məktəbi bitirdikdən sonra 1993-cü ilə qədər Sovet
Ordusu sıralarında xidmət edib. 1994-cü ildən 2001-ci ilədək
Azərbaycan Sərhəd Qoşunlarının Naxçıvan sərhəd dəstəsində zabit
vəzifələrində çalışıb.
2001-2004-cü illərdə Naxçıvan sərhəd dəstəsinin rəisi olub.
Azərbaycan prezidentinin sərəncamları ilə 6 aprel 2004-cü il
tarixində DSX-nin Naxçıvan Sərhəd Diviziyasının komandiri, 16
yanvar 2008-ci ildə isə Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin
birinci müavini, 18 avqust 2008-ci ildə isə DSX rəisinin şəxsi
heyət üzrə müavini, Şəxsi Heyət üzrə Baş İdarənin rəisi vəzifəsinə
təyin edilib. 2004-cü il iyul ayının 30-da Azərbaycan prezidentinin
sərəncamı ilə M. Abbasquliyevə general-mayor hərbi rütbəsi
verilib.
M.Abbasquliyev xidməti dövründə əldə etdiyi nailiyyətlərə görə,
"Azərbaycan Bayrağı" və "Vətənə xidmətə görə" 3-cü dərəcəli
ordenlər, Azərbaycanın və xarici dövlətlərin 12 medalı ilə təltif
edilib.
Allah rəhmət eləsin!