Bakıda yük avtomobilinin sürücüsü yol polisi
əməkdaşlarının əmrinə tabe olmamaqla yanaşı, bilərəkdən qəza da
törədib. Bu barədə xəbəri Trend yayıb.
Xəbərdə bildirilir ki, iyunun 29-da axşam saatlarında 1983-cü il
təvəllüdlü, Lənkəran rayon sakini Fətullayev Elbrus Ağayar oğlu
idarə etdiyi 42 BX 372 dövlət nömrə nişanlı KamAZ markalı yük
avtomobili ilə paytaxtın Dövlət Bayrağı Meydanı ərazisindən
başlayaraq şəhər istiqamətində, Neftçilər prospektində hərəkətdə
olarkən "yük avtomobillərinin hərəkəti qadağandır" nişanının təsir
zonasına daxil olub. Sürücü tikinti materiallarının daşınması
qaydasını pozub. O, tikinti materiallarının daşınması üçün xüsusi
örtükdən də düzgün istifadə etməyib. Yollardakı müşahidə kameraları
vasitəsilə nəzarətə götürülən həmin avtomobilin saxlanılması üçün
yol polisləri tərəfindən əmr verilsə də, sürücü bu əmrə tabe
olmayıb. Bu azmış kimi KamAZı onu müşayiət edən yol patrulu
avtomobilinin üstünə sürərək onu əks istiqamətli hərəkət zolağına
çıxmağa məcbur edib. Özü isə işıqforun qırmızı işığında da
dayanmadan hərəkətini davam etdirib.
Harınlamış sürücünü ram etmək üçün əməliyyata əlavə qüvvələr
cəlb olunub. Artıq Azadlıq meydanında onu yol polisinin 3
avtomobili və 1 motosikli təqib etməyə başlayıb. Hərtərəfli əhatə
olunan KamAZ sürücüsü vəziyyətdən çıxa bilmədiyini gördükdə
avtomobili Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yaxınlığında
qarşıda dayanmış sərnişin avtobusuna çırpıb. KamAZ yalnız avtobusla
toqquşandan sonra məcburi dayanıb. Hadisə zamanı avtobusda olan bir
neçə sərnişin xəsarət alıb.
Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin
Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin
rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib ki, sürücü
Fətullayev Elbrus Ağayar oğlu əvvəllər də dəfələrlə yol polisi
əməkdaşlarının saxlama işarəsinə əhəmiyyət verməyib, hətta
avtomobili polis əməkdaşlarının üzərinə sürərək onların həyatı üçün
təhlükə yaradaraq qaçıb gizlənməyə müvəffəq olub. Ona görə də onun
barəsində axtarış elan olunub:
"Normadan artıq yük daşıyan sürücüyə inzibati protokol yazılması
üçün dəfələrlə saxlama əmri verilib, lakin sürücü avtomobili yol
polisinin üzərinə sürərək qaçıb gizlənməyə nail olduğu üçün
barəsində axtarış elan edilmişdi. İyunun 29-da isə KamAZ markalı
avtomobilin Bayıl dairəsindən başlayaraq şəhərin mərkəzi küçələri
istiqamətində hərəkət etməsini görən yol polisləri ona saxlama
işarəsi verib. Lakin kadrlardan da göründüyü kimi, sürücü əmrə tabe
olmayıb və hərəkətini davam etdirib. Sürücü Azneft meydanında
avtopatrul işçisinin saxlama işarəsinə əhəmiyyət verməyib, onun
hərəkətinə qəza yaradıb, daha sonra onu qarşı hərəkət zolağına
çıxmağa məcbur edib, tabe olmadığını bariz şəkildə sübut etməyə
çalışıb. Belə olduğu təqdirdə onun təqibinə digər yol patrulu
avtomobilləri də cəlb edilib, həmin avtomobilin dayanması üçün
yolda süni olaraq sıxlığın yaradılması üçün məcburi tədbirlər
görülüb. Sürücü Neftçilər prospektində avtomobillə ilanvari
hərəkətlər edərək yol polisini qorxutmağa çalışıb, lakin buna nail
olmadıqda kifayət qədər ara məsafəsinin olmasına baxmayaraq, Bakı
Beynəlxalq Dəniz Ticarət Limanı yaxınlığında dayanmış sərnişin
avtomobusunu bilərəkdən arxadan vurub. Hətta qəza törətdikdən sonra
da o, polisin avtomobildən enməsi əmrini yerinə yetirməyib, polis
özü qapını açaraq şortik-maykada olan sürücünü endirməyə müvəffəq
olub. Saxlanılan zaman sürücünün sərxoş vəziyyət olmadığı da ortaya
çıxıb. Hələlik sürücü Səbayıl Rayon Məhkəməsinin qərarı ilə
İnzibati Xətalar Məcəlləsinin 310-cu (Polis işçisinin və ya hərbi
qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə 30
sutka həbs edilib. Lakin ona qarşı əlavə ittihamlar da irəli
sürüləcək".