"Cəmiyyətimizdə intihara meyl hallarının artmasına
gətirib çıxaran əsas amil diqqətsizlikdən
qaynaqlanır".
Bunu Axar.az-a dünən Bakı şəhərində baş verən
intihar hadisəsini şərh edərkən Psixologiya və Konsultasiya
Mərkəzinin psixoloqu Elnur Rüstəmov deyib.
Onun sözlərinə görə, intihar hallarının artmasının başlıca
səbəbi məhz ailədaxili diqqətsizlikdən qaynaqlanır:
"Bu cür hallarda intihar hallarının təkrarlanması hazırda
Azərbaycanda ən mühüm problemlərdən biri hesab olunur. Dünən Bakı
şəhərində intihara cəhdin qarşısının alınması oxşar halların
təkrarən baş verməyəcəyi anlamına gəlmir. Adətən intihara meyl edən
şəxslər bunu yenidən təkrarlayırlar ki, onlara da suisidal insanlar
deyirlər. Həmin şəxslər əslində intihar yox, diqqət cəlb etmək
istəyirlər. Bu cür hadisələr yalnız qarşısı alınmaqla həll olunmur.
Hadisədən sonra da həmin şəxslərlə maraqlanmaq, onların ailələrinə
qayğı və diqqətin artırılması yönündə məsləhətlər vermək və həmin
şəxsləri özünəqəsdə sürükləyən problemlərin kökündən həll olunması
ilə bağlı tədbirlər görmək lazımdır".
Psixoloq onu da qeyd etdi ki, bu, Bakı şəhərində eyni yerdə baş
verən ikinci belə intihar hadisəsidir. Bundan öncə də məhz eyni
məkanda bu cür olay təkrarlanmışdı və bu, həmin hadisənin yenidən
baş verməyəcəyinə dəlalət etmir.
Dünyada olduğu kimi, Azərbaycanda da elə yerlər var ki, insanlar
məhz intihar etmək üçün oraya üz tuturlar:
"Belə düşünürəm ki, dünənki hadisənin baş verdiyi yerlə bağlı
hansısa tədbirlər görmək lazımdır. Əks təqdirdə olay təkrarlana
bilər. Suisidal insanlar əslində intihara təşəbbüs edərkən
cəmiyyətin diqqətini çəkmək istəyirlər. Ona görə də, harada belə
suisidallara rast gəlsək, onlarla yalnız söhbət edərək bu
fikirlərindən daşındırmaq lazımdır. Məsələn, bəzən hər hansı bir
şəxs " belə getsə, intihar edəcəm" dedikdə heç kəs onu ciddi qəbul
etmir. Halbuki bunu normal psixologiyada olan insan demir.
Beləliklə, bu cür insanlar intihara meylli insanlar hesab olunurlar
ki, onlarda da özünəqəsdə - riskə meyllilik güclü olur".
Psixoloq Elnur Rüstəmov onu da qeyd etdi ki, son illər
Azərbaycanda bu kimi halların artması müşahidə olunur. Yaxşı olar
ki, insanlara, xüsusən də gənclərə qarşı qayğı və diqqət
artırılsın.
Xatırladaq ki, dünən paytaxtın Nizami rayonu ərazisində
"Koroğlu" stansiyası yaxınlığındakı körpüdən özünü atmaq istəyən
şəxsin intihara cəhd hadisəsinin qarşısı alınmışdı.