Azərbaycanın ən iri ərzaq məhsulları istehsalçısı olan
"Azərsun" holdinqinin prezidenti Abdolbari Gozal İraqın şimalındakı
Sincar dağlarında "İraq və Şam İslam Dövləti" (İŞİD, indi "İslam
Dövləti" adlanır) yaraqlılarının mühasirəsində qalan minlərlə
yezidi kürdə yardım üçün Britaniya şirkətindən yeni texnoloji
avadanlıq alıb.
Virtualaz.org saytı xəbər verir ki, Britaniyanın "Olympus
Automation" şirkəti Abdolbari Gozalın sifarişi ilə yezidi kürdlərə
ərzaq yardımı üçün yeni texnoloji avadanlıqdan istifadə edəcək.
Məlumata görə, şirkət Böyük Britaniyanın xüsusi təyinatlı
qüvvələrinin keçmiş mütəxəssisi Stüart Riqbini Abdolbari Gozalın
sifarişi ilə saatda 4000 isti yemək payı hazırlaya bilən "Steam
İnfusion" qurğusundan istifadə üzrə təlim keçmək üçün Türkiyəyə
göndərib.
Xəbərdə deyilir ki, "Azərsun" prezidenti həmin avadanlığın
alınması və yezidi kürdlər üçün ərzaq yardımı ilə bağlı bütün
xərcləri üzərinə götürüb.
Qeyd edək ki, "Steam İnfusion" avadanlığı "Olympus Automation"
şirkəti tərəfindən istehsal edilir.
"Steam İnfusion" qurğusu
"Olympus Automation" şirkətinin icraçı direktoru Harri Norman
"FoodProductionDaily" saytına bildirib ki, Abdolbari Gozal iki gün
əvvəl ona zəng edib.
"Vaxt doğrudan da məhduddur. "Olympus Automation" şirkəti çevik
reaksiya verib və bu sistem rekord səviyyədə qısa müddətə - artıq
gələn həftəyə quraşdırılaraq işə düşəcək" - deyə H.Norman
bildirib.
H.Norman deyib ki, "Steam İnfusion" texnologiyası eyni vaxtda
çoxlu sayda adama isti yemək hazırlamaq üçün adi texnoloji
avadanlıqlardan dörd dəfə sürətlidir. "Azərsun" prezidentinin zəngi
də məhz buna görə idi.
Xəbər verildiyi kimi, İŞİD yaraqlıları İraqda yezidi kürdlərin
yaşadığı Sinjar bölgəsini ələ keçirərək minlərlə yezidi kürdü qətlə
yetirib. Sağ qalan 40 minə yaxın yezidi kürdün təxminən yarısı
Sincar dağlarından keçərək günlərlə yol gediblər və ac-susuz Suriya
ərazisindən keçməklə kürd peşmərgələrinin nəzarətində olan Ərbil
bölgəsinə çatıblar.
ABŞ və Britaniya hərbi hava qüvvələrinin təyyarələri yezidlərə
havadan ərzaq və su atıb. Buna baxmayaraq minlərlə yezid yollarda
aclıqdan və susuzluqdan, habelə sərt qayalardan uçaraq ölüblər.
Hazırda İŞİD yaraqlılarının mühasirəsində olan Sincar dağlarında
daha bir neçə min yezid qalır. ABŞ və Britaniya təyyarələri onlara
havadan ərzaq və su yardımı çatdırmağa çalışır.
"Azərsun" prezidenti Abdolbari Gozal da milliyyətcə kürddür.
Onun əslən İranın kürd bölgələrindən birindən olduğu məlumdur.