1 saylı Körpələr Evinin baş həkimi Nəhayət Əliyeva ilə bağlı yayılan görüntülərin həqiqətən oğurluq olması sübuta yetirilərsə, baş həkim vəzifə səlahiyyətlərindən istifadəyə və mənimsəmə, israf etməyə görə məsuliyyətə cəlb oluna bilər.
Bu sözləri tanınmış vəkil, hüquqşünas Fərhad Mehdiyev 1 saylı Körpələr Evinin baş həkimi Nəhayət Əliyevanın cinayət əməlinin sübuta yetiriləcəyi təqdirdə onu hansı cəzaların gözləməsi haqda Axar.az-a danışarkən deyib. O bildirib ki, baş həkimin körpələr evindən mənimsəmə əməli və 10 min manatdan yuxarı talama faktı sübuta yetirilərsə, 7 ildən 12 ilə qədər, vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə isə 3 ilə qədər cəza ala bilər:
“1 saylı Körpələr Evinə dövlət tərəfindən verilən əşyaların və ərzaqların hesabatı, vətəndaşlar tərəfindən gətirilən ianələrin formaları çıxarılmalıdır. Korrupsiya faktı sübut olunarsa, həmin şəxs mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cəzalandırıla bilər. Bu əməlləri sübut etmək üçün isə istintaq orqanları bu işdə maraqlı olmalıdırlar. Mənimsəmənin miqdarında asılı olaraq, o, Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun həbs oluna bilər”.
Qeyd edək ki, müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İnstaqram hesabında Bakının Nəsimi rayonunda yerləşən 1 saylı Körpələr Evində valideyn himayəsindən məhrum olan uşaqlar üçün gətirilən ərzaq məhsulları və geyimlərin avtomobillə başqa yerə daşınması ilə bağlı görüntülər paylaşıb. Baş həkimin “yuyulmaq üçün aparılan yataq üzlükləridir” açıqlamasından sonra Aysun daha bir video yayaraq, ərzaq daşındığı iddiasını görüntülərlə təsdiqləyib.
Səhiyyə Nazirliyinin araşdırmasından və yayılan görüntülərin həqiqəti əks etdirmədiyi barədə rəsmi açıqlamasından sonra isə bəzi şəxslər bu körpələr evindən himayəyə uşaq götürmək istədiklərini, lakin baş həkimin onlardan külli miqdarda pul istədiyini yazıblar.
Axar.az yayılan görüntülərin istintaqa cəlb edilib-edilməməsi ilə bağlı Baş Prokurorluğa sorğu göndərib.