"Biz dil məsələsini inzibati müstəvidə həll eləsək, bu,
dilə qarşı hörmətsizlik olar".
Bu sözləri Axar.az-a AMEA-nın Dilçilik İnstitutunun nümayəndəsi
Şahlar Göytürk mediada dil normalarının qorunub saxlanılması ilə
bağlı məsələni şərh edərkən söyləyib. Akademik Tofiq Hacıyevin
gəlişindən sonra Dilçilik İnstitutunda köklü dəyişikliyin baş
verdiyini deyən Şahlar Göytürk mətbuat və televiziya ilə bağlı yeni
işlərə start verildiyini də qeyd edib:
"İşin strukturunda, məzmununda, görüləsi işlərin
ictimailləşdirilməsində, mətbuata açıq olmasında və digər
məsələlərdə şəffaf işlər görülüb. Bunlardan biri də yeni açılmış
şöbələrin plan işləri ilə bağlıdır. Professor Qulu Məhərrəmlinin
rəhbərlik etdiyi monitorinq şöbəsi "Dövlət Proqramı"nda əksini
tapan müddəalarla bağlı xeyli işlər görüb. Mətbuatın,
televiziyanın, reklamların və s. dili ilə bağlı ciddi işlər
görülməkdədir."
Dilçi alim həllini tapmamış normalarla bağlı hələlik Çevik Media
Komissiyasının yaradıldığını bildirib:
"Bu yaxınlarda sayt rəhbərləri ilə görüşdə dilimizin qorunması,
inkişafı, dilin tətbiqi işinin yaxşılaşdırılması ilə bağlı çox
ciddi məsələlər müzakirə olundu. Hələlik həllini tapmamış bəzi
məsələlərlə bağlı tanınmış mütəxəssislərdən ibarət Çevik Media
Komissiyasının yaradılması qərara alınıb".
Şahlar Göytürk dillə bağlı məsələnin inzibati müstəvidə həll
edilməsinin doğru olmadığını vurğulayıb:
"Bu məsələdə əsas dil sevgisidir. Əgər dil sevgisi yoxdursa,
burada "cəzalar"ın heç bir əhəmiyyəti ola bilməz. Dil məsələsini
inzibati müstəvidə həll etmək dilimizə qarşı hörmətsizlik olardı.
Hesab edirəm ki, bu məsələdə ictimai qınaq və dil sevgisi
olmalıdır. Dildə kifayət qədər narahatedici problemlər var. Artıq
həyəcan təbili çalınmalıdır. Axı son 20 ildə bizim mətbuatımız
inkişaf edib. Təəssüf ki, bəzi xəbər başlıqlarına baxanda, dil
qüsurlarını görəndə adam dəhşətə gəlir. Kim necə istəyir, xəbəri o
formada da təqdim edir. Dialekt leksikasının, məişət üslubunun çap
və elektron mətbuatın dilinə - publisistik üsluba çox asanlıqla
daxil olması da narahatlıq yaradan məsələlərdəndir. Bu gün
mətbuatın dilində mövcud olan həmin yanlış tendensiyaların
qarşısını almaq xeyli çətinləşib. Görünür, müəyyən qədər
xəbərdaredici, bir qədər də inzibati resurslardan istifadə
olunmalıdır. Jurnalistikaya gələnlərin əksəriyyəti
qeyri-peşəkardır. Dövlət səviyyəsində ana dilimizə qayğı olsa da,
cəmiyyətimizdə dilə münasibət istənilən səviyyədə deyil. Dil təkcə
Dilçilik İnstitutunun problemi deyil, bütöv cəmiyyətin, millətin
problemidir. Düşünürəm ki, Dilçilik İnstitutunda fəaliyyət göstərən
bəzi şöbələrin iş prinsipinə yenidən baxılarsa, daha səmərəli ola
bilər".