Azərbaycan
Milli Elmlər Akademiyasının Prezidenti, Azərbaycan Respublikasının
Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının sədri Akif
Əlizadə Bilik Fondunun əməkdaşları ilə görüşüb.
Axar.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının
millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət
müşaviri, Himayəçilik Şurasının üzvü akademik Kamal Abdullayev də
iştirak edib.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov fondun fəaliyyəti
üçün yaradılan şəraitə görə prezident İlham Əliyevə təşəkkürünü
bildirib və hər bir əməkdaşın göstərilən etimadı doğruldacağına
əminliyini ifadə edib. O.Səmədov qonaqlara həyata keçirilən
layihələr - "İlboyu bilik" proqramının "Qardaşlaşmış məktəblər",
"Docendo Discimus", "Dini abidələrdə tarixin izləri",
"Auditoriya+", "Azərbaycan elmi xaricdə", "Dünya elmi
Azərbaycanda", "Yaradıcılıq fakültələri", "Məscidlərdə kitabxana",
"Epizod", "Ustad və şəyird", "Azərbaycan bayrağı" layihələri
haqqında geniş məlumat verib.
Müxtəlif layihələr üzrə bölgələrə dəfələrlə ezam olunan Bilik
Fondunun əməkdaşları bu günə qədər qardaşlaşmış Şuşa, Ağdam,
Füzuli, Gəncə, Astara, Şəki, Gədəbəy, Biləsuvar və digər şəhər və
rayonların orta məktəb şagirdlərinin layihədən faydalanması, onlar
arasında yaranan isti münasibətlər, dini abidələrin araşdırılması
ilə bağlı geniş məlumat verdilər.
Akademik A.Əlizadə Bilik Fondunun qısa zaman ərzində gördüyü
işlərdən razı qaldığını bildirib, məktəblilərin biliklərinin
artırılması, intellektual səviyyələrinin formalaşması,
vətənpərvərlik hisslərinin yüksəldilməsi üçün həyata keçirilən
layihələrin uğurlu nəticələr verəcəyinə inamını ifadə edib.
AMEA-nın Prezidenti maariflənmə hərəkatına orta məktəblərlə yanaşı,
ali məktəblərin də cəlb olunmasını, gənc alimlərin, eləcə də
xaricdə yaşayan azərbaycanlı elm adamlarının potensialından da
faydalanmağı qeyd etdi. Akademik A.Əlizadə həmçinin Bilik Fondunun
bütün layihələrinə AMEA-nın dəstək verməyə hazır olduğunu bildirib,
akademiyanın müxtəlif institutlarında müntəzəm görüşlərin
keçirilməsinin vacibliyini vurğulayıb.
Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Bilik Fondunun
yaradılmasını Azərbaycan ziyalılığına göstərilmiş etimad kimi
dəyərləndirən Dövlət müşaviri akademik Kamal Abdullayev fondun
fəaliyyətinin daha da səmərəli təşkil olunması məqsədilə
Himayəçilik Şurası sədrinin görüşdə səsləndirdiyi təklif və
tövsiyələri yüksək qiymətləndirib. Akademik K.Abdullayev Rabitə və
Yüksək Texnologiyalar nazirliyi ilə Bilik Fondunun birgə həyata
keçirəcəyi distant mühazirələr barədə məlumat verib və bildirib ki,
bu layihə çərçivəsində onlayn sistemlə Azərbaycanın 15 bölgəsində
virtual konfranslar təşkil olunacaq. Layihəyə cəlb olunacaq
rayonlardan olan 300-ə qədər sakin tanınmış yerli xə xarici elm
adamlarının virtual mühazirələrini dinləyəcək, konfranslara
interaktiv olaraq qatılacaqlar. Bundan əlavə Dövlət müşaviri
vurğulayıb ki, ölkə prezidentinin tövsiyyəsi ilə reallaşan
"Ölkəmizi tanıyaq" tur-aksiyasının davamı olan Bilik Fondunun
müxtəlif layihələri çərçivəsində şagirdlərin Azərbaycanın müxtəlif
bölgələrinə etdiyi səfərlər təkcə onlara Azərbaycanı yaxşı
tanıtdırmaqla məhdudlaşmır, bu həm də uşaq və yeniyetmələr,
həmçinin bölgələrin ziyalıları arasında dostluq, qardaşlıq
münaasibətlərinin yaranmasına böyük təkan verir.
Görüşün sonunda Prezident yanında Bilik Fondunun gələcəkdə icra
edəcəyi müxtəlif layihələr ətrafında fikir mübadiləsi aparılıb.