Bir vaxtlar "Bənövşə", "7 şüşə", "ortada qaldı", "əlüstə
kimin əli", "gizlən qaç", "səndə məndə", "klas-klas" kimi məşhur
oyunlar var idi. Onlara olan bağlılıq o qədər böyük idi ki, hər
dəfə həyətdə bu cür uşaqları evə toplamaq olmurdu. Amma indi
vəziyyət tam dəyişib.
Hərəkətsiz internet oyunları fiziki aktiv oyunları
üstələyir
İndi uşaqlar aktiv oyunların əvəzinə internet oyunlarına daha
çox üstünlük verir. "Qaçdı-tutdu" oyununun əvəzinə müharibə tipli
internet oyunlar, "gizlən-qaç"ın əvəzinə hansısa gizlilik
funksiyasını daşıyan oyunlar və daha nələr…
Üz tutduğum "244" nömrəli məktəbin uşaqlar arasında keçirdiyim
sorğudan bəlli oldu ki, internet oyunlarına maraq pik nöqtədədir.
Ən qəribəsi isə odur ki, internet oyunlarına maraq göstərən
uşaqların əksəriyyəti birinci sinif şagirdləridir.
Qeyd edim ki, Azərbaycan dili bölməsində təhsil alan uşaqlar
internet oyunları sevdiklərini bildirsələr də, Rus dili bölməsində
təhsil alanlar tam əksini düşünürdülər.
Uşaqlarla söhbətimə müdaxilə edən müəllimə bildirdi ki, onların
internet oyunlarına meylli olmasının səbəbi məhəllələrdə oynamaq
üçün şəraitin az olmasıdır.
Valideyn Mənsurə Novruzovanın fikrincə isə, komputer oyunları
övladında asılılıq yaradıb və artıq "o dünyadan" heç cür
uzaqlaşdıra bilmir. Uzaqlaşdırmaq istədikdə isə, övladında əsəbi
pozğunluq müşahidə edir.
Bəs məsələyə psixoloji yanaşma necədir?
Psixoloq Dəyanət Rzayevin sözlərinə görə, indiki uşaqların
əksəriyyəti məsum xəyallar qura, kədərlənə, dərin düşünə bilmir.
Buna səbəb isə onların dar dünyalarında, hədsiz geniş bilgilərin
olmasıdır.
"Bəzən onların gətirdikləri bəhanələr belə, o qədər təcrübəli
olur ki, çaşıb qalmamaq mümkün olmur. Məncə, bunların başında
zorakılıq tipli oyunlar dayanır. Valideynlərin isə buna necə razı
olduğunu anlaya bilmirəm".
İnsanların arasında zombiləşmə gedir
Psixoloq zaman keçdikcə insanların içində həssaslıq, mərhəmət
hissinin azaldığını da müşahidə etdiyini deyir:
"Zaman-zaman hər şey sadələşməyə doğru gedir. Təbii ki, bu, heç
də xoşagələn hal deyil. Burda nöqsanlar çoxdur. Həyətdə oynanılan
oyunların heç bir bənzəri ola bilməz. Bu cür oyunlarda həm fiziki
aktivlik, həm də ünsiyyət var. İnternet oyunlar isə insani
hisslərini azaldan, emosiyaları öldürən gücə sahibdir.
Zaman keçdikcə insanların içində həssaslıq, mərhəmət hissinin
azaldığını hiss etmək olur. Bütün bunlar komputerləşmə prosesindən
meydana gələn səbəblərdir. Bu oyunlarda müəyyən davranış modelleri
var ki, uşaq onları gələcəkdə reallaşdıra bilər. Təəssüf ki, bu,
cəmiyyətdə artıq norma halını alıb".
Öz növbəmdə qeyd edim ki, sonuncu dəfə "Bənövşə" bəndinə 2007-ci
ildə rast gəlmişdim.