Yas məclislərində islahatlarla bağlı tədbirlərin tərkib
hissəsi kimi xarici təhsilli mollalara da nəzarət
gücləndiriləcək.
Axar.az xəbər verir ki, mollaların uniformaya keçməsinin ardınca
bu amilə də xüsusi diqqət yetiriləcək. Bildiyimiz kimi, İran,
Səudiyyə Ərəbistanı, Suriya, Misir və başqa müsəlman ölkələrində
təhsil alıb, Azərbaycanda mollalıq edənlər var. Qanunla onların yas
mərasimlərini idarə etməsi qadağandır. Ancaq rayon, qəsəbə, kənd
yerlərində bir çox hallarda buna əhəmiyyət verilmir. Əldə etdiyimiz
məlumatda deyilir ki, artıq bundan sonra yas islahatları sırasına
bu məsələ də daxil ediləcək.
Qeyd edək ki, din təhsili almaq istəyən gənclərimizin böyük bir
qismi Bakı İslam Universitetini deyil, digər dövlətlərin təhsil
mərkəzlərini seçirlər. Son illərin göstəricilərinə görə, Bakı İslam
Universitetinə qəbul olunmaq istəyən abituriyentlərin sayında
nəzərəçarpacaq azalma müşahidə olunur. Halbuki din sahəsi
məsuliyyətli bir sahədir və burada təhsil alan tələbələrin kifayət
qədər savadlı və dərin biliklərə malik olması labüddür. Hazırda
Azərbaycanda yeganə ali dini tədris müəssisəsində yalnız bakalavr
və magistr pillələri üzrə kadr hazırlığı aparılır. Din sahəsində
daha yüksək elmi səviyyəyə yiyələnmək, doktorantura təhsili almaq,
elmi iş müdafiə etmək kimi məsələlər hələ də problem olaraq
qalır.
Xatırladaq ki, 2011-ci ildə Prezident İlham Əliyev "Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi
haqqında" Qanunun tətbiqi barədə sərəncam imzalayıb. Milli Məclis
isə İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinə dəyişiklər
edilməsi haqqında qanun layihələrini həmin il noyabrın 15-də qəbul
edib. Dəyişikliklər dini fəaliyyətlə bağlıdır. İnzibati Xətalar
Məcəlləsinin 300-cü maddəsinə edilmiş dəyişikliklə dini etiqad
haqqında qanunvericiliyə zidd hesab olunan fəaliyyətlər
müəyyənləşdirilib. Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti
orqanı ilə razılaşdırılmadan vətəndaşların dini təhsil
müəssisələrində təhsil almaq üçün xaricə göndərilməsi, din
xadimlərinin mübadiləsi, islam dininə aid ayin və mərasimlərin
Azərbaycandan kənarda dini təhsil almış vətəndaşlar tərəfindən
keçirilməsi, qanunla müəyyən olunmuş qaydada satışına icazə verilən
dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa
məlumat materiallarının müvafiq icra hakimiyyəti orqanının razılığı
ilə yaradılan ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda
satılması, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən
dini təbliğatın aparılması dini qanunvericiliyin pozulması
sayılacaq. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən
dini təbliğatın aparılması qanunsuz olaraq dini təyinatlı
ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını
yaymaqla (satılmaqla) törədildikdə Cinayət Məcəlləsinin müvafiq
maddəsinə əsasən, cinayət məsuliyyətinə səbəb olacaq.