Su Cihazları və Sayğacları Departamentinin əməkdaşları
pulsuz quraşdırmalı olduqları sayğacları vətəndaşlara 140 manata
təklif edirlər.
Belə bir problemlə üzləşmiş vətəndaş Mahmud Hüseynov Axar.az-a
şikayət məktubu yazaraq qeyd edir ki, sahibi olduğu Binəqədi rayonu
Svetlana Məmmədova küçəsində yerləşən "Aysu" kafesindən 10 metr
kənarda olan su sayğacındakı nasazlıqla bağlı Binəqədi Rayon Su
Kanalizasiya idarəsinə müraciət edib. M.Hüseynovun avqust ayından
etibarən idarəyə dəfələrlə yazılı və şifahi şəkildə müraciət
etməsinə baxmayaraq, şikayətçinin problemini həll edən olmayıb.
Ancaq üç aydan sonra, oktyabrın 15-i tarixində Su Cihazları və
Sayğacları Departamentinin məsul şəxsləri sayğacı dəyişib və bunun
qarşılığında vətəndaşdan 140 manat pul tələb ediblər:
"Sayğac mənim kafemdən 10 metr aralıdadır. Mənim o sayğaca
qətiyyən müdaxiləm olmayıb. Su bitdikdən sonra karta yükləyib
sayğaca vururdum. 3 ay əvvəl isə sayğac fasiləsiz olaraq işləməyə
başladı. Yəni kartda vəsait qurtarsa da, su kəsilmirdi. Bu səbəbdən
müraciət etdim. Departamentin əməkdaşları sayğacı laboratoriyaya
aparıb araşdırmalı idilər. Ancaq heç bir araşdırma aparmadan yeni
sayğac gətirdilər".
Şikayətçi qeyd edir ki, departamentin əməkdaşları havayı
quraşdırmalı olduqları sayğaca görə ondan 140 manat pul tələb
edir:
"İlk dəfə sayğac quraşdıranda 240 manat pul tələb etdilər,
ödədim. İndi mənim heç bir müdaxiləm olmadan 240 manat ödədiyim
sayğac işləmir, özləri də deyir ki, problem sayğacın içindədir.
İçində problem olan sayğaca görə 240 manat ödəmişdim vaxtilə, bəs
indi niyə yenisi üçün 140 manat yenidən ödəməliyəm? Sayğacın içində
problem varsa, bu onların problemidir və həll etməyə borcludular.
Dəfələrlə belə problemlə üzləşəndə ya süründürməçiliyə yol
verirlər, ya da havayı etməli olduqları işə görə pul tələb
edirlər".
Şikayətçi hazırda quraşdırılmış sayğacı Su Cihazları və
Sayğacları Departamentinin vəsaiti hesabına quraşdırımasını xahiş
edir.
"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhəbəri Anar Cəbrayıl
Axar.az-a açıqlamasında dedi ki, problemin mahiyyəti ilə
maraqlanacaq. Ancaq qurum rəsmisi kommersiya obyektlərində köhnə
sayğacın yenisi ilə əvəzlənməsinin şəxsin öz hesabına həyata
keçirildiyini də xatırlatdı:
"Konkret bu məsələdə şikayətin nədən ibarət olduğu yalnız
araşdırılandan sonra cavablandırıla bilər. Ancaq qeyd edim ki,
kommersiya obyektlərində sayğacın yenisi ilə əvəz edilməsi üçün
vətəndaş tərəfindən pul ödənməlidir".