Goranboyun Safıkürd
kəndindən baş vermiş qətliamdan 18 gün keçməsinə baxmayaraq, hələ
də Rafiq Hüseynovun ailəsinin yaşadığı evin qarşısında polis
mühafizəsi götürülməyib.
Bu barədə Axar.az-a Safıkürd kənd sakinləri məlumat
veriblər.
Məlumatda polisin gərgin iş rejimində işlədiyi və evi 24 saat
ərzində müdafiə etdiyi bildirilib. Sakinlər həmçinin Rafiq
Hüseynovun ailəsinin də Safıkürdə geri dönmədiyini söyləyiblər.
Onların hələlik Goranboyda yerləşən başqa bir kənddə qohumlarının
evlərində məskunlaşdığı deyilib. Ailənin geriyə dönməməsinin əsas
səbəbinin isə onlara qarşı hələ də kənd sakinlərinin qəzəbinin
itməməsi olduğu bildirilib. Safıkürd əhalisinin ailənin,
ümumiyyətlə, kənddən tamamilə getməsini istədiyi vurğulanıb.
Goranboydakı digər bir mənbə isə Safıkürd polis sahə rəisi,
polis kapitanı Elxan Fərəcovun artıq vəzifədən azad olunduğunu
söyləyib. O, buna əsas səbəb kimi Safıkürddə baş vermiş ailə
faciəsinin səbəb olduğunu deyib. Mənbə eyni zamanda bir neçə polis
zabitinə və yüksək vəzifəli şəxslərə kənddə baş vermiş hadisələrlə
əlaqədar töhmət verildiyini də vurğulayıb. Hazırda "Safıkürd
qətliamı"nın polis tərəfindən çox ciddi şəkildə araşdırıldığı
deyilib.
Qeyd edək ki, Goranboy rayon sakini Rafiq Müzəffər oğlu Hüseynov
qayınatasının evinə silahlı hücum edib. Kürəkən evə qumbara ataraq
bir ailəni məhv edib. Buna səbəb evləndiyi qızın mübahisə etdikdən
sonra atası evinə getməsi və geri qayıtmaması olub.
Hadisə zamanı ölənlər - 1958-ci il təvəllüdlü Diləzbər Alı qızı
Məmmədova, 1983-cü il təvəllüdlü Fərqanə Allahyar qızı Məmmədova,
1951-ci il təvəllüdlü Ofelya İsa qızı Məmmədova, 1963-cü il
təvəllüdlü Həvayət Xanlar qızı Məmmədova, 1984-cü il təvəllüdlü
Südabə Allahyar qızı Hüseynova, 1989-cu il təvəllüdlü Namiq
Allahyar oğlu Məmmədov və 2011-ci il təvəllüdlü İsa Elvin oğlu
Məmmədovdur. 1986-cı il təvəllüdlü Natiq Allahverdi oğlu Məmmədov
və 1984-cü il təvəllüdlü Günel Haqverdi qızı Məmmədova isə
yaralanıb.
Onu da xatırladaq ki, kənd sakinləri bir müddət öncə Rafiq
Hüseynovun ailəsinin Safıkürddən çıxarılması üçün imzatoplama
aksiyasına başladıqları bildirilmişdi.
P.S. Onu da vurğulayaq ki, məsələni
dəqiqləşdirməkdən ötrü kəndin sahə müvəkkili Elxan Fərəcovla əlaqə
saxlasaq da o hadisə ilə heç bir məlumat verə bilməyəcəyini deyib
telefonu üzümüzə qapatdı. Daha sonra isə onunla bağlantı yaratmaq
cəhdlərimizin hər biri uğursuzluqla nəticələndi.