Bölgələrdə uşaqlar üçün
qayğı və reabilitasiya mərkəzləri yaradılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a
verilən məlumata görə, nazirliyin sosial sifarişləri əsasında
ixtisaslaşmış QHT-lər tərəfindən xüsusi qayğıya ehtiyac duyan
uşaqlara sosial xidmətlərin göstərilməsi istiqamətində bu il də
müxtəlif layihələr icra olunub. Layihələr çərçivəsində
respublikanın 11 rayonunda (Lənkəran, Yardımlı, Ağsu, Tovuz,
Astara, Beyləqan, Yevlax, Qax, Ağcabədi, Qazax Bərdə) günərzi qayğı
mərkəzləri və Bakı şəhərində, Zaqatala, Biləsuvar, Cəlilabad,
Şəmkir rayonlarında icma əsaslı reabilitasiya mərkəzləri
yaradılıb.
Həmçinin, Bakıda sosial təhlükəli vəziyyətdə olan kimsəsiz
uşaqların sosial reabilitasiyası üçün il ərzində 350-500 uşağa
xidmət göstərən 2 sığınacaq, 50 nəfər daun sindromlu uşağa xidmət
göstərən reabilitasiya mərkəzi, 50 nəfər lal-kar və zəif eşitmə
qabiliyyəti olan uşağa xidmət göstərən surdoloji mərkəz, Şəki
şəhərində 50 nəfər əqli geriliyi olan uşağa xidmət göstərən
psixo-sosial dəstək mərkəzi, Bakı və Gəncə şəhərlərində ümumilikdə
100 nəfər sağlamlıq imkanları məhdud uşaq üçün sosial reabilitasiya
mərkəzləri fəaliyyətə başlayıb. Ötən il icra edilməyən layihələr
işə salınmaqla, Bakı şəhərində 50 nəfər uşağa sosial xidmət
göstərən 2 autizm mərkəzinin, görmə qabiliyyəti zəif olan uşaqlar
üçün informasiya mərkəzlərinin, sağlamlıq imkanları məhdud uşaqlara
xüsusi proqramlarla idman, incəsənət və xalq sənət növlərinin
öyrədilməsinə yardım edən mərkəzin, ailə tipli kiçik qrup evinin
yaradılması təmin edilib. Bununla yanaşı, Şabran, Quba, Xızı və
Siyəzən rayonlarında 7 yaşadək uşaqlar arasında əlilliyin
qarşısının alınması və sağlamlıq imkanları məhdud uşaqların Portec
metodikası ilə sosial reabilitasiyası məqsədilə 100 nəfər uşağı
əhatə edən layihə icra olunur.
Layihələr çərçivəsində 117 nəfər sağlamlıq imkanlar məhdud uşaq
valideynləri ilə birlikdə Litvada reabilitasiya kursu keçib, belə
uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına
çatmayanlara qarşı ictimaiyyətin diqqətinin artırılması üçün
təbliğat kampaniyaları aparılıb. Sosial sifarişləri icra edən
təşkilatların müstəqil monitorinqinin aparılması üçün də ayrıca
layihə həyata keçirilir.