Təranə Şükürlü
Filologiya üzrə fəlsəfə doktoru,
dosent
Öz yolunu seçən və bu yolla irəliləyən insanlar. Öz
yolunu seçən insanlar üçün nə başlanğıc var, nə də
son!
Elə xatirələr var ki, məqam daima ora tələsir. Xatirələr məni 21
il bundan öncəyə aparır. Zəngilanın işğala yaxın - son günləri idi.
Hər kəs sanki ayrılığa hazır idi. Çünki Zəngilan od-atəş içində
idi. Hamı torpağı qorumaq üçün döyüşürdü. Zəngilan polisləri də
hərbçilərlə birgə Zəngilan uğrunda yetərincə xidmət göstərirdi.
Bəhs edəcəyim Yeddi polis işçisinin acı hekayəti hər bir
zəngilanlının xatirindədir. Onlar eyni mənəvi məkanı bölüşən
qəhrəman oldular: Sabir Paşayev, Elşad Nərimanov, Faizl Bəşirov,
Möhlət İsmayılov, İlham Quliyev, İsmayıl İsmayılov və Aqil
Quliyev!
Məlumdur ki, mifologiyada 7 - müqəddəs rəqəm hesab edilir.
Nağıllarda da 7 qəhrəman olardı. Bəhs edilən polis işçiləri də 7
qəhrəman oldular. Gedişlərilə acı hekayət buraxan, gözləri yaşlı,
qəlbləri nigaran qoyan qəhrəman!
Bir qədər qayıdaq tarixə. Tarix təkcə müəllim olmaqdan qalmır,
həm də ondan dərs götürməyənlərə bu dərsi təkrarlamış olur.
...1993-cü ildə Zəngilan rayonunda ağır döyüşlər gedirdi. İndi
bizdən çox-çox uzaqda Zəngilan torpağında yeddi oğul var idi. Onlar
Zəngilan Rayon Polis İdarəsinin əməkdaşları idilər. Bəlkə də
onların ən böyüyünün 26-27 yaşı olardı. O vaxtlar uşaq idim. Bu yaş
bizim üçün necə böyük bir yaş imiş. İndi isə baxanda görürsən ki,
onların hərəsi bir ananın lap gənc övladı imiş. Lakin onlarda olan
mətinlik, qorxmazlıq yaşlarından asılı olmayaraq bir həqiqət
duyğusu idi.
Yeddi igid ölümdən qorxmadan Zəngilanın müdafiəsində fəal
şəkildə döyüşürdü. Onlar qəhrəman döyüş yolu keçmiş, müharibə
acısını dadmış, arxasında vətən, ailə dərdi buraxmış şəxslər idi. O
igidlərə ölüm yox, yaşamaq üçün həyat yaraşırdı.
Onların həyatını "Nəslin yarpaq tökümünün xatirəsi" və ya
"yaddaşlara köçənlərin nisgili" ilə əlaqələndirmək olar. 21 ildir
yeddi oğlun anası göz yaşı axıdır. Gözləri yolda qalan analar
ümidlə gözləyir.
Mosart cəmi 35 il yaşadı, böyük işlər gördü. Yeddi oğul da
qırılmaz tellərlə bir-birinə bağlı oldu. Eyni istiqamətə yollandı.
Səsi-xəbəri geri gələ bilməyən uzun bir yola.
Yeddi polis əməkdaşı haqqında Zəngilana aid yazılmış bir çox
mənbələrdə bəhs edilmişdir. Salam Cavadlının "Son gümanım -
Zəngilanım" kitabında ən təsirli motiv "Yeddi oğul hekayəti"dir.
Həmin kitaba yazdığım məqalədə fikirlərimi belə cəmləşdirmişdim:
"1993-cü ilin ağrılı oktyabr günlərində yeddi qəhrəman oğul itkin
düşdü. Onların içində Sabir Paşayev də var idi. Sabir Paşayevi
uşaqlıqdan tanıyırdım. Anamın şagirdi olmuşdu. Zəhməti və bacarığı
ilə seçilən Sabir mühüm tapşırıqlarla polis zabiti kimi ən çətin
sahələrə göndərilirdi. Müəllif onun fədakarlığa və təşəbüskarlığa
malik olan keyfiyyətini – öz vətəninə sadiqliyin, sıx tellərlə
bağlılığın göstəricisi kimi təqdim edir. Kitabın bu hissəsi
"həsrət, hicran yağışının töküldüyü yer"dir. Bu yağış göz yaşıdır,
illərdir övladlarının həsrətilə yaşayan anaların,
bacıların-zəngilanlıların həsrət yağışıdır".
Sabir Paşayevin qızı Aysel heç atasının üzünü görə bilmədi. Bu
yaxınlarda eşitdim ki, onun qızı artıq ali məktəb tələbəsidir.
Atasının yaşamasına, qayıtmasına çox böyük ümid edir. Sanki şeirin
misrlarındakı kimi:
Heç nə dəyişmir, ata,
Xoşbəxt olmur bir nəfər.
Hamı dərdli, hüznlü,
Hamı sənsiz beş-betər.
Sosial şəbəkələrdə Fariz Möhlətoğlunun yaxın günlərdə atasının
şəklinin altında "Möhlət İsmayılov mənim atamdır" deməsi çox
kövrəldir məni. Bəli, gerçəklər min dəfə ağrı və acı verir. Mənim
gücüm ancaq xatırlamağa çatır. Xatirələrin üstündə xatırlamaq üçün
keçmiş qədər hakim ola biləcək ikinci bir qüvvə yoxdur .
Əli Məmmədyarovun "Zəncirlənmiş pələnglər" kitabında da bu
əfsanəvi qəhrəmanlar xatırlanır, geniş məlumatlar verilir.
Zəngilan Rayon Polis İdarəsində işləyən çavuş Bəşirov Fazil,
Quliyev Aqil Mehrəli oğlu (çavuş), Quliyev İlham İmamqulu oğlu
(çavuş), İsmayılov İsmayıl Barat oğlu (çavuş), İsmayılov Möhlət
Bəhmən oğlu (çavuş), Nərimanov Elşad Əvəz oğlu (bölmə komandiri,
baş çavuş), Paşayev Sabir Əziz oğlu (sahə müvəkkili, leytenant) ilə
Cəbrayıl rayonunun Dərzili kəndi (Zəngilan rayonu ilə həmsərhəd
olub) uğrunda döyüşdə itkin düşdülər.
Zamanınsa müəyyən etdiyi bir həqiqət var: qəhrəmanlar
yadlaşmayan və yaşayan irsə dönür.
Bu yazı mənim şəxsi istəyimdən hasilə gəldi. Seymur Baycan
"Quqark" romanında qeyd edir: "Hər ömrün öz adı var. Əgər kimsə nə
vaxtsa mənim haqqımda yazsa, o yazının adını "yollarda keçən ömür"
qoymalıdır".
Mən də 21 illlik müddəti uzun bir yol adlandırıram. Bu yolda bütün
Zəngilanlılar öz yeddi polis əməkdaşının acı hekayətini
unutmadılar, səbirsizliklə onları gözlədilər. Gah onların qəhrəman
kimi ölümünü qəbul etdilər, gah da əsirlikdə yaşama ümidi ilə
gözlərini yollara dikdilər. Ümid edirəm ki, Tanrı onların ailəsini
bir gün bu minvalla sevindirər!
Dahilərdən biri demişdir: "Bizim yaddaşımız unutmaq tərbiyəsi
almamışdır".
Yaddaşsızlıq və unutqanlıq xətası baş verməsin deyə biz də
sizləri unutmadıq. Sizlərdən yazmaq ağır bir kədər doğurur mənə.
Amma siz hər bir könüldə axtarışda olan nakam gənclər oldunuz. Ötən
onilliklərin sırasında əldə etdiyiniz əbədiyyətlik və qəhrəmanlıq
sizi bu zirvəyə ucaltdı.
P.S. Foto Möhlət İsmayılovundur.