Bu gün səhər saatlarında paytaxtda stomatoloji klinikada
ölüm hadisəsi baş verib. Belə ki, VİP Dental özəl stomatoloji
klinikasında 1966-cı il təvəllüdlü Elçin Məmmədov yerli keyitmə ilə
çənəaltı nahiyəsində irinin üzərində aparılan əməliyyat zamanı
dünyasını dəyişib. Mərhumun həyat yoldaşının sözlərinə
görə, Elçin Məmmədovun boğaz nahiyəsində kista diaqnozu ilə
əməliyyatı aparmaq üçün həkim Baxış Hüseynova müraciət ediblər.
Həkim əməliyyatı, məhz, stomatoloji mərkəzdə aparacağını deyib.
Mərhumun həyat yoldaşının sözlərinə görə, o, həkimdən təhlükəli
olacaq deyə bu əməliyyatı stomatoloji klinikada deyil, başqa bir
yerdə, daha dəqiq desək, xəstəxanada aparılmasını da təklif edib.
Amma həkimin "15 dəqiqəlik əməliyyatdır" deməsi hər iki nəfəri
əməliyyatın fəsadsız keçəcəyinə əmin edib.
Mərhumun həyat yoldaşının sözlərinə görə, Elçin Məmmədov
əməliyyata öz ayağı ilə gəlib. Əməliyyat stomatoloji kresloda
aparılıb. Həyat yoldaşının sözlərinə görə, həkim əməliyyatda
Elçinin boğaz nahiyəsində kəsik apardığı zaman mərhum başlayıb
əsməyə. Planlaşdırılan 15 dəqiqəlik əməliyyat isə Elçinin həyatına
ömürlük son qoyub. Təcili yardım stansiyasında sürücü işləyən Elçin
Məmmədovun 5 yaşlı balaca qız övladı atasız qaldı.
Əməliyyatı aparan həkim isə hüquq mühafizə orqanları tərəfindən
Nəsimi rayon Prokurorluğuna aparılıb. Daha sonra isə meyid adı
çəkilən klinikadan çıxaralaraq tibbi ekspertizaya aparılıb. Məsələ
ilə bağlı Səhiyyə Nazirliyindən ANS-ə bildirdilər ki, xəstənin ağız
nahiyyəsində kiçik bir əməliyyat aparılması üçün iynə vurulduqdan
sonra onda anafilaktik şok yaranıb və Elçin Məmmədov böyük
ehtimalla elə yaranmış şokdan ölüb. Xəstənin ölümünün dəqiq
səbəbləri isə tibbi ekspertizanın rəyindən sonra məlum olacaq.
Məsələ ilə bağlı Nəsimi rayon Prokurorluğu tərəfindən mərhumun
meyitinin ekspertizası təyin edilib. Faktla bağlı aparılan istintaq
araşdırmalarının sonunda məsələyə hüquqi qiymət veriləcək.
(ANS)