Məhkəmə icraçısı Vasif Məhəmmədəliyev: "Mənim prezidentim də,
baş nazirim də, polisim də Lütvəli Babayevdir!"
"Axar.az"a müraciət edən Zərdab rayon sakini Kisərən Həmzə qızı
Süleymanova problemlər burulğanında çabalamasından gileylənir. O da
minlərlə vətəndaşımız kimi məmur özbaşımalığı ilə üz-üzə qalıb.
İllərdir ki, "dərdinin dərmanını" tapmaq, haqsızlıqlardan yaxa
qurtarmaq üçün qapılar döyən Kisərən xanım necə deyərlər,
"kəsilə-kəsilə" qalıb ki, probileminin həlli üçün daha kimlərə ağız
açsın. Kimlərə desin ki, 1985-ci ildən yaşadığ evin özündən
xəbərsiz özəlləşdirilməsi və əmlakının zorla əlindən alınmasına bir
əncam çəksinlər. Hər halda əlini çox yerə atıb, çox qapılar döysə
də, Zərdab rayonunda onun başına gətirilənlərə "yox" deyən
tapılmayıb.
Lütvəli Babayev gələn günəcən
Kəsirən xanımla onun yaşadığı evin həyətində görüşdük. Kür
çayının sahilində, gözəl, mənzərəli yerdə yerləşən bir inzibati
binada yaşayır. Köhnə, tavanı çökmüş, divarları "quzulamış" bu
tikilidə yaşamağın nə demək olduğunu deməyə gərək yoxdur. Həyətdəki
hündür, barlı-bəhrəli ağacların, taxta hasar boyu əkilmiş müxtəlif
güllərin göz oxşamaq cəhdi də bu köhnə tikilinin müqabilində heçə
çevrilir. Bu həyətdə qadın əlinin səliqəsi görünsə də, bu qadının
başına gətirilən müsübətlərin fonunda heç bir səliqə-sahmandan bəhs
etmək olmur. Onu dinlədikcə ürək ağrıdıcı bir durum yaranır:
"Mənim bu evim əvvəllər baş idarəsi Sabirabad rayonunda olan
Su-bənd idarəsinə aid olub. Sonralar isə Zərdab rayon Təsərrüfatlar
arası Təmir Tikinti idarəsinə (TTTİ) verilib. "Raispolkomda" (Rayon
İcraiyə Komitəsində) ev növbəsinə durmuşdum. Yoldaşım və iki
uşağımla evsiz idik, rayonda kirayədə yaşayırdıq. 1985-ci ildə
RİK-nin sərəncamı ilə mənə xidməti order verildi ki, bu binanın iki
otağında yaşamaq hüququn var. Qeydiyyata da bura saldılar. Bir
otağını isə başqa ailəyə verdilər. Beləliklə, səkkiz otaqdan ibarət
olan tikilinin beş otağında TTTİ-si, üçündə isə iki ailə yaşayası
olduq".
Kisərən Həmzə qızının dediklərindən məlum olur ki, bu sakit və
rahat həyat 2007-ci ilə qədər davam edir. O vaxta qədər ki, rayona
yeni icra hakimi təyin olunur: "Lütvəli Babayev bu rayona gələn
gündən bizim rahatlığımız ərşə çəkildi".
Lütvəli müəllimin tapşırığı belədir
Kisərən xanımın dediklərindən məlum olur ki, İcra başçısının
birbaşa göstərişi ilə 2007ci ildə bina və onun bir hektara yaxın
ərazisi bütünlüklə idarənin rəisi Adil Nuralıyev tərəfindən
özəlləşdirilib. Xanım isə bundan yalnız 2009-cu ildə xəbər
tutub.
"Məhkəmə icraçıları qapıma gəldi. Evi boşaldın,- dedilər,- bu,
başqasının əmlakıdır. Sənədləri təqdim etdilər. Dedilər ki, 2007-ci
ilən bu tikili və ərazi özəlləşdirilib, özü də Adil Nuralıyevə
məxsusdur. Məhkəmədə oldum, qətnamənin nə vaxt çıxarıldığını
soruşdum, niyə mənə xəbər etməmisiz, soruşdum, axı bu qanuna
ziddir. "Nəyinə deyəcəyikdik sənin, Lütvəli müəllimin tapşırığı
belədir",- dedilər. Çox yalvardım-yaxardım, eşitmədilər. İndi hərbi
xidmətdə olan oğlum Lətiflə Lütvəli müəllimin qəbuluna getdim. Məni
dinlədikdən sonra oğlumu çölə çıxartdı. Dedi ki, sən o yeri boşalt,
sənə 6 sot torpaq verəcəm, torpağın rüsumunu ödəyəcəm, 500 daş, 200
kisə sement və sair. Üçotqlı ev tikəcəm, yoxsa orda yaşamaq sənə
yaraşmaz. Razılaşdım o vaxt. Sonradan xəbər göndərdi ki, yox, 200
kubik, 5 kisə sement verirəm. Torpağın rüsumunu da ödə.
İcra hakimiyyəti basqın edir
Bu dəfə də mən razılaşmadım. Xəbər göndərmişdi ki, o ləzgidir,
rədd olsun bu rayondan getsin. Elə etməsin ki, ona pislik edəm.
Bundan artıq pislikmi olar? Yenə yalvardım-yaxardım, 20 yaşlı oğlum
da o ərəfədə rəhmətə getdi. Dedim ki, oğlumun xatirələri var burda,
əkib-becərdiyi ağaclarla nəfəs alıram. Mənə güldülər, dünyasını
dəyişmiş oğlum haqda təhqiredici sözlər işlətdilər. Görüm, oğlumun
taleyini övladlarınız yaşasın, dedim. Çox keçmədi ki, Adilin oğlu
rəhmətə getdi. Allahın işidi, insana ömrü O yazıb. Amma özümü çox
qınadım, çox əzab çəkdim. Bu tifilin günahı nə idi ki, ömrü yarıda
kəsildi? Qorxdum ki, mənim qarğışım tutub onu. Oğul dərdi ağır
dərddir axı, heç kəsə bunu arzulmaram. Mənə olunan hədəyə görə
Rayon polisinə, məhkəməyə müraciət etdim. Biz heç nə edə bilmirik,
dedilər. Getdim Dağıstanın Azərbaycandakı nümayəndəliyinə.
İsgəndərov familiyalı bir nəfər vardı, birbaşa prezident aparatına
zəng etdi, məni tapşırdı. İki ay sakitlik oldu.
Evimə basqın elədilər
Sonra mən Bakıda olarkən məhkəmə icraçıları Vasif Məhəmmədəliyev
və Ziya Məmmədov Adil Nuralıyevin oğlunun iştirakı ilə evimin
qapısını lomla sındırıb içəri giriblər. Mebelimi, stol-stulumu,
yataq dəstimi, paltar-palazımı yığıb aparıb tökdülər İcra
hakimiyyətinin qarajına. Neçə ildir qaytarmırlar. Düz ay yarım
küçədə yatdım. Hər yerə şikayət edirdim. Axırda məcbur olub
Prezident Aparatının qarşısına getdim. Gözlədim. Prezidenti görə
bilmədim. Üzümü aşağıdan yuxarı tutub qışqırdım, hay saldım ki,
mənim prezidentim, görürsən nələr olur? Mənə yaxınlaşdılar, niyə
belə edirsən, soruşdular. Hər şeyi danışdım. "Get, arxayın ol,
sənin evini əlində heç kəs ala bilməz",- dedilər. Qayıtdım Zərdaba.
Dedilər, yaxşı, get hələlik yaşa orda, amma gec-tez çıxacaqsan
ordan. Əmlakımı geri istədim. Vermədilər. Getdim məhkəmə icraçısı
Vasif Məhəmmədəliyevin yanına, paltar-palazımı almağa. Vermədi:
"Lütvəli müəllim desin, sonra",- dedi. Dedim, a kişi, mən
prezidentə, İlham Əliyevə demişəm e!.. Qayıtdı ki, o sənin
prezidentindir, qoy sənə kömək eləsin, mənim prezidentim də, baş
nazirim də, polisim də Lütvəli müəllimdir. Adil Nuralıyev həyətə
gəldi, "tərslik eləmə,- dedi.- Sənin oğlunu öldürüb sənə gözdağı
vermək, ürəyini partlatmaq istəyənlər var bu məsələyə görə.
Qarşılarını güclə alıram".
Ramil Usubov: "Bunlar qudurub deyəsən!"
Bundan sonra MTN-ə, DİN-nə teleqram vurdum ki, özümün və oğlumun
təhlükəsizliyini təmin etsinlər. Səhəri rayon polisinin rəisi mənim
ardımca gəldi. İfadə verdim. Məni düz Bakıya, DİN-ə gətirdi. Ramil
Usubov özü qəbul etdi məni. Dinlədi, bunlar qudurub deyəsən, dedi
və otaqdakı Cavanşir Məmmədov adlı polisə, deyəsən general idi o
da, dedi ki, mənim adımdan zəng elə ki, camaatı incitməsinlər. Bu
yaxınların söhbətidi bu. Dörd aydı məni söymürlər, təhqir etmirlər,
amma evimi də özümə qaytarmırlar. Rayon İcra Hakimiyyətini
məhkəməyə verdim. Sındırılmış mebellərimə, bit-birə basmış yorğan
döşəyimə, paltar-palazıma görə 20.000 manat təzminat istədim. İndi
də İcranın hüquqşünası, Lütvəlinin qohumu Xəzri Babayev mənə
rahatlıq vermir. "Gəl zir-zibilini apar, iddianı geri götür",-
deyir. Dörd il qarajda zay olan əmlakı mən necə götürüm?
Sındırıblar, cırıblar. Şirvan Apellyasiya Məhkəməsinə müraciət
etdim. Hakim mənim xeyrimə danışsa da, icranın nümayəndəsini
haqsızlıqda ittiham etsə də qərarı onların xeyrinə çıxartdı.
Məmur zülmündən solan talelər
Mən yenə də mübarizə aparıram, amma birotaqlıda yaşayan o biri
gəlin dözə bilmədi. Ürəyi partladı öldü. Hələ binəvanın qırxı
çıxmayıb. Avqustun 30-da icra başçısının qəbulunda oldum. "Evimi
əlimdən alırsız, yoldaşım rayon polis şöbəsində pasport masa
idarəsinin rəisi idi, şərləyib işdən qovdurduz. Ailəm məni atdı.
Sənə görə işimdən oldum,- dedim. - Oğlum hərbi xidmətdədi, özü də
bu yaxınlarda nümunəvi əsgər olduğu və yaxşı xidmətinə görə
prezident tərəfindən medalla təltif olunub. Heç olmasa mənə bir iş
verin işləyim".
İnanmazsız, o boyda kişi qəbuldakı adamların və rayon
rəhbərliyində qəbulda olanların yanında məni ələ saldı, təhqir
etdi: "Sən nə vaxt mənimlə razılaşsan, sənə iş verərəm, məndən
yuxarılara şikayət etmisən",- dedi. Bu adamdan nə gözləyək
axı?"
***
Kisərən xanımın dediklərini dəqiqləşdirmək üçün Zərdab İcra
hakimiyyəti ilə əlaqə saxladıq. Başçıyla, köməkçisilə görüşümüz
mümkün olmadı.