Bir müddət əvvəl Moskvada yerləşən "Matrosskaya Tişina"
cəzaçəkmə müəssisəsində məhbuslar arasında kütləvi dava baş
verdi.
Azərbaycanda həbsdə olan məşhur "qanuni oğru" "Lotu Quli"
ləqəbli Nadir Səlifovun tərəfdarları "Zayka" ləqəbli Zaur Əliyevə
inanılmaz işgəncələr verdilər.
Ancaq Lotu Quli tərəfdarlarının kriminal avtoriteti döymələri
cəzasız qalmadı. Ertəsi gün həbsxanaya nəzarət edən "vorzakon"
("smotryaşiy") Nukri Doçiya (ləqəbi Nukri Qalskiy) tərəfdarları ilə
birgə Zaur Əliyevə hücum edənlərdən 7 nəfərini döydülər.
Həmçinin Nazim Hümbətov və Erdak Lənkəranski də cəzalandılar.
Konflikt hələ də davam edir. Bəs Rusiya kriminal aləmində
birdən-birə peyda olan Zaur Əliyev kimdir, tanınmış oğrulara niyə
başağrısı olub?
Yeni qruplaşma
İndiki Rusiya 90-cı illərdəki kimi kriminal bandalarla qaynamır.
Slavyan qruplaşmaların sayı xeyli azalıb. Polis orqanları
kriminogen duruma əvvəlkindən daha yaxşı nəzarət edirlər.
Dəyişməyən yeganə şey Qafqazdan və Orta Asiyadan Moskvaya axın edən
kriminal ünsürlərin sayıdır.
Zaur Əliyev Rusiya paytaxtına gələnədək vətəndə 15 il həbs
cəzası cəkmişdi. Azərbaycanda qalmaq sərf etmirdi, bütün
perspektivlərini Rusiya ilə bağlamışdı.
Təxminən 2 il əvvəl banda topladı. Az bir zamanda başqa
qruplaşmaların ərazilərinə soxularaq sıxışdırdılar. Banda
reketliklə də məşğul olurdu.
"Məzarını özün qaz"
Rusiya mətbuatının yazdığına görə, Zaykanın bandası sahibkarları
lap kinodakı kimi qorxudurdular. Əgər sahibkar aylıq pul ödəməkdən
imtina edirdisə, onun əl-qolunu bağlayıb şəhər kənarındakı
meşələrdən birinə aparırdılar. Əlinə bel verib qəbir qazdırırdılar.
Əgər pul verməyə razı olmasa, elə öz əli ilə qazdığı məzarda
basdıracaqlarını deyirdilər. Belə "səhnəcik", adətən, effekt
verirdi.
Banda üzvlərinin əksəriyyəti çox bahalı avtomobillərdə gəzirdi.
Heç biri maşınlara görə pul ödəməmişdi. Maşın əldə etməyin də sadə
bir sxemi vardı.
Bahalı maşını olan hər hansı bir sahibkar haqda banda
informasiya toplayırdı. Zəif cəhətlərini, psixologiyasını
öyrənirdilər. Sonra həmin sahibkar Moskvanın mərkəzində hansısa
kafedə olarkən onun masasına Zaykanın bandasından olan bir neçə
quldur əyləşirdi. Qorxunc görkəmləri, həm də silahları ilə qurban
qorxudulurdu. Günün-günorta çağı çəkinmədən paytaxda silah gəzdirən
quldur obrazı sahibkarlara, adətən, hipnoz kimi təsir edir. Bir
balaca "profilaktik" söhbətdən sonra maşının açarlarını və
sənədlərini könüllü olaraq quldurlara verirdi. Demək olar ki, heç
biri də şikayət etmirdi. Bandanın qisasından çəkinirdilər.
İaşə obyektləri də orijinal üsulla özlərinə tabe edilirdi.
Zaykanın adamları gəlib restoran, yaxud kafedə nahar edir. Pulunu
verib gedirdilər. Üstündən bir gün keçmiş yenidən kafeyə qayıdır.
Obyektin yiyəsinə deyirdilər ki, dünən burada yemək yeyənlər
zəhərlənib. Bu adla sahibkarı qorxudub aylıq haq verməyə məcbur
edirdilər.
Evindən polis geyimi tapıldı
Zayka "bespredel" imici qazanmışdı. Tabe olmayan sahibkarlar
dərhal cəzalanırdı. 2013-cü ilin 18 sentyabrında "Sadavod"
bazarında ticarət obyektləri olan Hüseynov familiyalı sahibkar məhz
Zaykanın adamları tərəfindən öldürüldü.
2014-cü ilin 9 sentyabrında "qanuni oğru" Rövşən Tsomayın
ölümünü də Zaur Əliyevin ayağına yazırlar.
Zayka kimilərini kriminal aləmdə "stremyaqa" adlandırırlar. Yəni
zamanla Zayka özü də "qanuni oğru" adı almağı planlaşdırırdı.
Lakin bazarlar uğrunda savaşda tanınmış qanuni oğrulara da əlcək
atmaqdan çəkinmirdi. Deyilənə görə, Lotu Quli özbaşınalığına görə
Zaur Əliyevə zəng edib iradını bildirmişdi. O isə cavabında "qanuni
oğru"nu söyərək təhqir etmişdi.
Odur ki, "Matrosskaya Tişina" həbsxanasına düşəndə Lotu Qulinin
adamları tərəfindən "sındırıldı."
Həbsdə isə uzun müddət qalacağı indidən bəllidir.
Polis Zayka ilə yaxından maraqlanmağa hələ bu ilin avqustundan
başlamışdı.
Həmin vaxt onun qruplaşması "Bulatnikovski pereezd" bir
biznesmeni oğurlamışdı. Girova görə onun ailəsindən 50 milyon pul
qopara bildilər.
6 noyabrda əməliyyatçılar Zaur Əliyev və onun bandasının yerini
müəyyənləşdirdilər. Banda üzvləri bilyard salonunda həbs olundular.
Saxlanılan zaman Zaykanın üstündə "İJ" tapançası aşkarlandı. Banda
üzvlərinin qaldıqları evdə isə daha çox silah vardı. Axtarış zamanı
onların evindən "Kalaşnikov" avtomatı, "Makarov" və "Volter" tipli
tapançalar, həmçinin "Sayqa" karabini tapıldı.
Bundan əlavə, evdən maskalar, hətta polis forması da
aşkarlandı.
Rusiya mətbuatı yazır ki, hazırda istintaq davam edir. Banda
üzvləri ilə bağlı cinayət işinə hər gün yeni epizodlar əlavə
olunur. Odur ki, istintaq yekunlaşandan sonra Zayka və bandasının
uzunmüddətli həbs cəzası alacaqları şübhəsizdir.