Nərimanov rayonu Atatürk prospekti 5 A ünvanında
yerləşən ofislər kanalizasiya sularına qərq olub.
Axar.az xəbər verir ki, artıq neçə ildir Nərimanov rayon su
idarəsinin səhlənkarlığı üzündən baş verən hadisə sahibkarları
əməlli-başlı ziyana salıb.
Şikayətçilərin sözlərinə görə, binanın ofis və mağaza kimi
işlədilən zirzəmisi bir neçə dəfə gözəyarı təmir edilsə də, problem
həll olunmayıb. Hər yeni təmirdən sonra kanalizasiya boruları
partlayaraq ofisləri bərbad duruma salır.
Problemi birdəfəlik həll etmək üçün obyekt sahibləri "Azərsu"
ASC-nin Nərimanov rayon şöbəsinə dəfələrlə müraciət etdiklərini
bildiriblər. Lakin bir ildən çoxdur ki, davam edən problemi
Nərimanov rayon su idarəsi həll etməkdən boyun qaçırır.
Kanalizasiya suları ilə dolan obyektlərdən biri də "Rigali de
Luso" italiyan hədiyyə malları mağazasıdır. Mağazanın sahibi
yaranan problem ucbatından 60 min ziyana düşdüyünü bildirir. Obyekt
sahibi qeyd edir ki, bu gün mağazanın böyük mərasimlə açılışı
nəzərdə tutulubmuş, ancaq kanalizasiya borularının partlaması
nəticəsində çirkab sularının dükanı basması tədbiri yarımçıq
qoyub.
Sahibkarlar bildirirlər ki, çirkab sularının dəhşətli vəziyyət
yaratdığı barədə baş idarəyə qədər, bütün instansiyalara məlumat
versələr də, bu vaxta qədər heç bir qrup göndərilməyib.
Məsələ ilə bağlı "Azərsu" ASC-i ilə əlaqə saxladıq. Qurumun
mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Axar.az-a açıqlamasında
bildirdi ki, onlarda bu barədə məlumat yoxdur: "Bu gündən etibarən
məsələ "Azərsu" tərəfindən araşdırılacaq".
Mövzunu diqqətdə saxlamağa çalışacağıq.