Azərbaycan Respublikası Prezidenti Administrasiyanın
ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Forum Daily"
amerikan-yəhudi qəzetinin suallarını cavablandırıb.
Bakının yüksək vəzifəli rəsmisi öz müsahibəsində Azərbaycanın
sivilizasiyalararası dialoq sahəsində təcrübəsi və nailiyyətləri
haqda, habelə Azərbaycan ilə İsrail arasında əməkdaşlıq mövzusu
barədə fikirlərini söyləyib.
Axar.az AzərTAc-a istinadla müsahibəni təqdim edir:
- Azərbaycanın yerləşdiyi regionda mürəkkəb geosiyasi
vəziyyət müşahidə olunur: qeyri-sabitlik, silahlı münaqişələr,
radikalizmin güclənməsi, bəzi qonşuların təcavüzkar xarici
siyasəti, terror təhlükəsi və s. Sizin fikrinizcə, bu gün
Azərbaycan üçün mövcud olan əsas təhdidlər
hansılardır?
- Cənubi Qafqaz regionu böyük geosiyasi əhəmiyyətə və inkişaf
potensialına malikdir. Bəziləri məhz Azərbaycanın təşəbbüsü ilə
başlanmış enerji, nəqliyyat layihələri və digər transmilli
layihələr regionun firavanlaşması üçün əlverişli zəmin yaradıb.
Lakin həll edilməmiş ərazi münaqişələri - Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ, Gürcüstan-Abxaziya, Gürcüstan-Cənubi Osetiya,
Rusiya-Ukrayna münaqişələri və digərləri sabitliyin pozulmasına
şərait yaradır və onlar regional təhlükəsizlik üçün bilavasitə
təhdid mənbəyidir. Məsələn, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi nəticəsində Azərbaycan ərazisinin 20 faizi qonşu
Ermənistan tərəfindən işğal edilib, bu təcavüz nəticəsində bir
milyondan çox həmvətənimiz qaçqın və məcburi köçkün vəziyyətinə
düşüb, öz yurdlarında qırğına məruz qalıb. Əminliklə bu fikirdəyəm
ki, Avropada yəhudilərə qarşı dəhşətli soyqırımının – Holokostun
şahidi olmuş yəhudi xalqı bizim ağrılarımızı və günahsız insanların
iztirablarını – 1992-ci ildə erməni silahlı dəstələri tərəfindən
Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımı aktının
ağrı-acısını anlayır və buna ürəkağrısı ilə yanaşır. Bununla
əlaqədar, İsrail Prezidenti Reuven Rivlinin bu yaxınlarda, Holokost
qurbanlarının xatirəsinə həsr edilmiş Beynəlxalq Anma Günü
çərçivəsində BMT Baş Məclisinin tribunasından çıxışını xüsusi qeyd
etmək istərdim. Cənab Prezident həmin çıxışında XX əsrin digər
faciəli hadisələri ilə yanaşı, Xocalı soyqırımını da qeyd etdi.
Buna görə ona minnətdarıq.
Separatçılar tərəfindən ələ keçirilmiş, hazırda nəzarətsiz qalan
ərazilər, o cümlədən Dağlıq Qarabağda və onun ətrafında "boz
zonalar" deyilən ərazilər beynəlxalq terrorizmin, narkobiznesin,
qanunsuz silah alverinin və başqa əməllərin geniş yayılması üçün
ideal yerdir. Əlbəttə, qonşu ölkələrin də buna oxşar vəziyyətlə
üzləşməsi faktını nəzərə alsaq, möhkəm regional təhlükəsizlik və
regional sabitlik barədə danışmaq xeyli çətindir. Mürəkkəb
geosiyasi vəziyyətə baxmayaraq, biz müstəqillik illəri ərzində
Azərbaycanı güclü, çiçəklənən və davamlı inkişaf edən ölkəyə
çevirməyə nail olmuşuq. Dünyada səngimək bilməyən qarşıdurmalar,
radikalizmin güclənməsi və dini dözümsüzlük fonunda beynəlxalq
birlik müasir və güclü Azərbaycanın timsalında bir sıra ölkələr
üçün həqiqətən real nümunə müşahidə edir.
- Siz necə hesab edirsiniz, İslamı və dövlətin dünyəvi
əsaslarını özündə birləşdirən inkişaf etmiş cəmiyyət qurmaq,
ümumiyyətlə, mümkündürmü?
Dövlətimizin başçısı bu günlərdə Davosda keçirilmiş Dünya İqtisadi
Forumunda çıxışında qeyd etdi ki, biz hamımız öz ölkələrimizdə
sabit və dinc inkişaf görmək istəyirik. Radikalizm bizim hamımız
üçün təhdid mənbəyi, ölkələrimizin geosiyasi mövqeyi isə
radikalların Avropa qitəsinə soxulması qarşısında təbii maneədir.
Azərbaycan müasir və dünyəvi müsəlman ölkəsi nümunəsidir. Bu, o
deməkdir ki, müsəlman ölkəsində də ənənəvi dinlərə hörmətlə yanaşan
və ümumbəşəri dəyərlərə söykənən müasir, dünyəvi cəmiyyət qurmaq
olar.
2015-ci ilin iyununda Azərbaycanda birinci Avropa Oyunları
keçiriləcək. 2017-ci ildə isə ölkəmiz İslam Həmrəyliyi Oyunlarına
ev sahibliyi edəcək. Bu, ümumdünya və sivilizasiyalararası
ənənələri, dəyərləri özündə birləşdirən müasir müsəlman ölkəsinin
əyani nümunəsidir.
- Azərbaycanın xarici siyasətinin əsas prinsipləri
hansılardır?
- Bərabərhüquqlu əməkdaşlıq, beynəlxalq hüquq normalarına hörmət,
başqa ölkələrin daxili işlərinə qarışmamaq Azərbaycanın xarici
siyasətinin mühüm prinsipləridir. Azərbaycan regionun və dünyanın
bütün ölkələri ilə, o cümlədən İsrail ilə məhz bu prinsiplər
əsasında əməkdaşlıq edir. Azərbaycan müstəqilliyini bərpa edəndən
sonra həm Qərb və Şərq ölkələri ilə, həm hə qonşu dövlətlərlə sıx
siyasi əlaqələr yaradıb. Neft-qaz və nəqliyyat sahəsində bizim
transmilli əməkdaşlığımız regionun və Avropanın enerji xəritəsini
dəyişib. Biz beynəlxalq terrorizmə qarşı mübarizədə beynəlxalq
koalisiyaya hərtərəfli kömək etmişik və edirik, Kosovoda,
Əfqanıstanda və İraqda sülhməramlı missiyalarda iştirak etmişik.
Azərbaycan ilə dünyanın digər ölkələri arasında qarşılıqlı faydalı
əməkdaşlığa dair xeyli nümunə göstərmək olar.
- Radikal İslam Azərbaycan üçün nə dərəcədə
təhlükəlidir?
- Əlbəttə, müəyyən qüvvələr Azərbaycanda da daxili vəziyyəti
kəskinləşdirməyə, respublikada ictimai-siyasi sabitliyi pozmağa
vaxtaşırı cəhdlər göstəriblər və göstərirlər. Dini amil vasitəsilə
də cəmiyyətdə sabitliyi pozmaq cəhdləri müşahidə olunur. Lakin
Azərbaycan xalqının tolerantlıq ənənələrinə, multikulturalizm
ideyasına sadiqliyi və hökumətin bu istiqamətdə məqsədyönlü
siyasəti Azərbaycanda dini radikalizmin yayılması yolunda həqiqətən
maneədir. Azərbaycan xalqı və respublika rəhbərliyi seçdiyimiz
dünyəvi dövlət modelinin yerini dini dövlət modelinin tutmasına heç
vaxt imkan verməyəcək və bu siyasət gələcəkdə də davam
etdiriləcək.
- Siz Azərbaycan ilə İsrail arasında indiki münasibətləri
necə səciyyələndirərdiniz və gələcəkdə bu münasibətlərin inkişafını
necə təsəvvür edirsiniz?
- Son illərdə Azərbaycan dünyanın dinamik inkişaf edən ölkəsinə
çevrilib və Cənubi Qafqazın regional lideri, siyasi, iqtisadi və
humanitar mərkəzi statusunu möhkəmləndirib. Azərbaycan BMT
Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olanda beynəlxalq hüquq
normalarını rəhbər tutaraq bütün dünyada beynəlxalq münasibətlər
sistemini tənzimləyən qərarlar qəbul edilməsində fəal və prinsipial
mövqe tutub.
Azərbaycan dünyanın bütün ölkələri ilə münasibətlərin qorunub
saxlanmasına və inkişafına yönəlmiş, tarazlaşdırılmış xarici
siyasət yürüdür. Məmnunluqla qeyd edə bilərəm ki, Azərbaycan ilə
İsrail arasında həm ikitərəfli, regional, həm də beynəlxalq
məsələlərdə qarşılıqlı münasibətlər strateji tərəfdaşlıq xarakteri
daşıyır. Siyasi sahədə ölkələrimizin rəhbərliyi arasında qarşılıqlı
anlaşmanı və xeyirxah münasibətləri qeyd etmək istərdim.
Biz iqtisadi sahədə fəal əməkdaşlıq edirik, energetika, qabaqcıl
texnologiyalarla təchizat, hərbi, telekommunikasiya, kənd
təsərrüfatı və başqa sahələrə xüsusi diqqət yetiririk. Xalqlarımız,
ictimai təşkilatlar, KİV-lər, habelə diaspor təşkilatları arasında
sosial-mədəni, mənəvi və insani münasibətlər də mühüm rol
oynayır.
İkitərəfli və çoxtərəfli münasibətlərin perspektivlərini isə yalnız
müsbət qiymətləndirmək olar. Regional və beynəlxalq münasibətlərdə
əməkdaşlığın inkişaf etdirilməsi və dərinləşdirilməsi üçün böyük
potensial var.
Təəssüf ki, vaxtaşırı bəzi beynəlxalq qüvvələrin bu münasibətləri
pozmağa yönəlmiş cəhdləri müşahidə olunur. Lakin biz əminik ki, bu
cür cəhdlərin heç bir nəticəsi olmayacaq. Həmçinin ümid edirik ki,
bu yaxınlarda İsrailin bəzi qəzetlərində dərc edilmiş
antiazərbaycan ruhlu qərəzli məqalələr istər İsrailin rəsmi
dairələri, istərsə də ölkə ictimaiyyəti tərəfindən ciddi qəbul
edilmir.
- Azərbaycan İsrail Dövləti ilə müsəlman dünyası arasında
körpü ola bilərmi?
- Respublikada rəsmi səviyyədə dünyəvi, modernləşdirilmiş,
multikultural cəmiyyət siyasətinin həyata keçirilməsi Azərbaycan
Prezidenti İlham Əliyevin Azərbaycanı dünyanın humanitar
mərkəzlərindən birinə çevirmək məqsədinə daim sadiq olmasına
dəlalət edir. Bizdə milli azlıqların, dini konfessiyaların, o
cümlədən 20 minlik yəhudi icmasının bütün hüquqları, onun mədəni və
dini həyatı tam təmin olunub. Qeyd etmək istəyirəm ki, İsraildə də
ölkəmizdən getmiş 70 min insanı birləşdirən Azərbaycan diasporu
mövcuddur.
Qeyd etmək lazımdır ki, İslam dünyasının tərkib hissəsi olan
Azərbaycan, eyni zamanda, həm bütün İslam ölkələri, həm də İsrail
ilə dostluq əlaqələri saxlayır. Hesab edirəm ki, bu praktika da
sivilizasiyalararası ikitərəfli münasibətlərdə model rolu oynaya
bilər.
Azərbaycan hesab edir ki, müasir dünyada milli və dini
qarşıdurmalara, ərazi iddialarına, milli və dini dözümsüzlüyün,
zorakılığın və düşmənçiliyin süni şəkildə qızışdırılması yolu ilə
gərginliyin artırılmasına yer yoxdur. Bütün məsələlər beynəlxalq
hüquq, konstruktiv dialoq və qarşılıqlı anlaşma çərçivəsində həll
edilməlidir. Lazım gəldikdə ölkəmiz Yaxın Şərqdə, İsrail ilə İslam
dünyası arasında sülhün və sabitliyin möhkəmlənməsi işinə öz
töhfəsini verə bilər.
- Bu gün Azərbaycanın yəhudi icmasının vəziyyəti necədir və
bu icma Azərbaycan-İsrail münasibətlərinə necə təsir
göstərir?
- Əlbəttə, istər əslən Azərbaycandan olan və hazırda İsraildə
yaşayan yəhudilər, istərsə də Azərbaycanın yəhudi icması Azərbaycan
ilə İsrail arasında əlaqələrin təşəkkülündə və möhkəmlənməsində
böyük rol oynayıblar və oynayacaqlar.
Milli, etnik və dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın
bütün vətəndaşları ortaq tarix, ortaq tale və ortaq maraqlarla
bağlıdır. Azərbaycanda yaşayan başqa xalqların və etnik azlıqların
nümayəndələri kimi, yəhudilər də həmişə bu cəmiyyətin tamhüquqlu
üzvləri olublar, onlar heç vaxt özlərini qərib hiss etməyiblər.
Azərbaycanın Quba rayonunda yerləşən Qırmızı Qəsəbə İsrail dövləti
istisna olmaqla dünyada yəhudilərin yığcam şəkildə yaşadıqları
yeganə yerdir. Əminliklə deyə bilərəm ki, Ermənistanda yaşayan
yəhudilərdən fərqli olaraq Azərbaycan yəhudiləri heç vaxt hər hansı
antisemitizm təzahürləri ilə üzləşməyiblər. Hətta dünyanın müxtəlif
ölkələrində antisemitizm qığılcımları və antiisrail
əhval-ruhiyyəsinin kəskinləşdiyi dövrlərdə də Azərbaycanda
yəhudilərə dostcasına münasibət qorunub saxlanıb.
Yəhudi icması fəal vətəndaş mövqeyi göstərir, Azərbaycanın ictimai,
siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynayır. Bu icma
ölkə parlamentində də təmsil olunub – Yevda Abramov Milli Məclisin
insan hüquqları komissiyası sədrinin müavinidir.
Azərbaycanda yəhudilərin iyirmiyə yaxın ictimai-mədəni və xeyriyyə
təşkilatı qeydiyyata alınıb və fəaliyyət göstərir. Respublika
səviyyəsində "Yəhudi Evi", "Azərbaycan-İsrail" Cəmiyyəti,
Azərbaycanın Yəhudi Qadınlar Assosiasiyası, "Yəhudi Mədəniyyəti
Mərkəzi" kimi təşkilatların, habelə "Soxnut" Beynəlxalq Yəhudi
Təşkilatının Azərbaycan bölməsinin və başqalarının fəaliyyətini
qeyd etmək istərdim. Yəhudi icmalarının və İsrailin Bakıdakı
səfirliyinin dəstəyi ilə bu təşkilatlar tərəfindən çoxsaylı mədəni
tədbirlər keçirilir, yəhudi ədəbiyyatı nəşr edilir, müxtəlif
tədbirlər təşkil olunur.
Hazırda Azərbaycanın paytaxtında, habelə Quba və Oğuz şəhərlərində
yeddi sinaqoq fəaliyyət göstərir. 2003-cü və 2012-ci illərdə Bakıda
Azərbaycan dövlətinin hesabına dini tədbirlər üçün iki yeni sinaqoq
tikilib istifadəyə verilib. Öz memarlıq xüsusiyyətləri ilə seçilən
bu binalar Avropada ən iri sinaqoqlardandır. Respublikada fəaliyyət
göstərən yəhudi dini icmasına hər il Azərbaycanın dövlət
büdcəsindən maliyyə yardımı ayrılır.
Azərbaycanın Yəhudi Qadınlar Təşkilatının təşəbbüsü ilə ən müasir
avadanlıqla təchiz olunmuş ilk yəhudi uşaq bağçası açılıb. Bakıda
və Qubada fəaliyyət göstərən beş yəhudi məktəbində 1500-ə yaxın
şagird oxuyur. Bakı şəhərindəki 46 nömrəli ümumtəhsil məktəbinin
bazasında ivrit dilinin, yəhudi mədəniyyəti və tarixinin
öyrənilməsi üzrə siniflər açılıb. 2003-cü ildən Bakıda özəl yəhudi
məktəbi fəaliyyət göstərir, Bakı Dövlət Universitetinin
şərqşünaslıq fakültəsinin tədris proqramına ivrit dilinin tədrisi
daxil edilib. 2010-cu il oktyabrın 4-də Heydər Əliyev Fondunun
"Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində Bakıda
yaşayan yəhudi uşaqlar üçün nəzərdə tutulan "Xabad-Or-Avner" təhsil
mərkəzi açılıb. Mərkəzin açılış mərasimində Prezident İlham Əliyev
və Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı
Mehriban Əliyeva, MDB-nin Yəhudi İcmaları Fondunun və Beynəlxalq
"Or-Avner" Fondunun rəhbəri Lev Levayev iştirak ediblər.
"Azİz" Azərbaycan-İsrail Dostluq Cəmiyyəti "Azərbaycan-İsrail" adlı
qəzet, Qırmızı Qəsəbədəki "Yedinstvo" ("Birlik") cəmiyyəti isə
"Qudyal" adlı jurnal nəşr edir.
Azərbaycanda yaşayan yəhudilər öz milli və dini bayramlarını geniş
miqyasda qeyd edirlər, Azərbaycan dövlətinin başçısı isə hər il
yəhudi icmasına rəsmi müraciətlə çıxış edir.