"8-ci km bazarı"nın yenicə özəlləşməsi və sahibkarın
adının açıqlanmasından sonra olduqca maraqlı məlumat əldə
etmişik.
Axar.az xəbər verir ki, bazarın sahibi kimi adı açıqlanan Bəhram
Qurbanov tanınmış biznesmenin oğlu kimi təqdim edilir. Ancaq onun
atası Rasim Qurbanov beznesmendən daha çox, polis polkovniki və
keçmiş nazir Fərhad Əliyevin yaxın adamı olaraq tanınıb.
Fərhad Əliyev sahibkarı aldadıb?
"8-ci km Ticarət Mərkəzi" ASC ötən ay cəmi 312 min manata iş
adamı tərəfindən özəlləşdirilib. Halbuki bazarın dəyəri on
milyonlarla ölçülür. Bəs, niyə bazar bu qiymətə hərraca
çıxarılıb?
Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, bazarla bağlı
problem 2001-ci ildən başlayıb. Dövlət Əmlak Komitəsi həmin dövrdə
bazarın səhmdar cəmiyyətə çevrilməsinin vacibliyini bildirib və
bazarın o vaxtkı sahibi M.Bağırova sənədlər imzalatdırılıb. Aradan
nə az-nə çox, 7 il keçəndən sonra bəlli olub ki, ASC-yə çevrilən
bazarın səhmlərinin 91 faizi o vaxt İqtisadi İnkişaf naziri olan
Fərhad Əliyevin yaxın adamı, təqaüddə olan polis polkovniki Rasim
Qurbanovun adına özəlləşdirilibmiş.
Bazar yenidən özəlləşir və... Oğul Qurbanov
2008-ci ildə bu faktı müəyyənləşdirən keçmiş sahibkar məhkəməyə
müraciət edir və bazarın dövlətə qaytarılması, yenidən
özəlləşdirilməsinə nail olur. Amma təkrar hərraca cəmi 3 nəfər
buraxılır ki, onların da ikisi ata-oğul Qurbanovlardır. Nəticədə
bazar 2001-ci ildə 91 faiz səhmə sahiblənən Rasim Qurbanovun oğlu
Bəhram Qurbanova satılır.
Bazar niyə ucuz qiymətə satılıb?
Mənbənin qeydlərinə görə, bazarın aylıq gəliri 700-750 min
manatdır, ümumilikdə dəyəri isə 30 milyondan yuxarı
qiymətləndirilir.
Hərracda 2001-ci ildən 91 faiz səhmə sahib olan R.Qurbanova
güzəştlər edilməsi qanuna müvafiq olsa da, bazarı almaq istəyən
çoxsaylı iş adamlarının auksiondan kənarda qalması barədə də
iddialar var. Mənbə qeyd edir ki, Fərhad Əliyevin dolayısı ilə
sahibi olduğu bu bazarın yenidən onun adamına, həm də
cəmi-cümlətani 1 aylıq qazancının yarısından da aşağı qiymətə
satılması müəyyən şübhələrə yol açır.
Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi "Azərbaycan
Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət
Proqramı"na və Azərbaycan Prezidentinin 17 iyul 2001-ci il tarixli
fərmanı ilə təsdiq edilmiş "İnvestisiya müsabiqəsinin keçirilməsi
Qaydaları"na müvafıq olaraq "8-ci km Ticarət Mərkəzi" ASC-nin
səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan etmişdi.
"Trend"in məlumatına görə, fevral ayının 7-də "8-ci km Ticarət
Mərkəzi" ASC-nin özəlləşdirilməsi ilə əlaqədar keçirilən tenderin
qalibi Bəhram Qurbanov olub. Bəhram Qurbanov tanınmış biznesmen
Rasim Qurbanovun oğludur.
Xatırladaq ki, müsabiqədə iştirak etmək üçün üç iddiaçı
tərəfindən ərizə və investisiya təklifləri təqdim edilib.
Azərbaycanın müvafıq nazirlik və təşkilatlarının nümayəndələrinin
daxil olduğu Müsabiqə Komissiyasının qərarına əsasən, hər üç
iddiaçı iştirakçı statusunu əldə edib. Komissiya müsabiqə
iştirakçılarının təqdim etdikləri investisiya təkliflərinə
baxdıqdan sonra 16 yanvar 2015-ci il tarixində açıq səsvermə yolu
ilə qərar qəbul edib və investisiya müsabiqəsinin qalibi elan
edilib.
Müsabiqənin şərtlərinə əsasən, qalib dövlət büdcəsinə 312 min
manat məbləğində pul vəsaitinin köçürülməsini, habelə İnvestisiya
Proqramına əsasən, 6 ay ərzində müəssisəyə 1 180 760 manat
məbləğində investisiya qoyuluşunun həyata keçirilməsini öhdəsinə
götürüb.