Sağlamlıq imkanları məhdud
olduğundan xüsusi təhsilə cəlb olunan uşaqlar arasında ayrıseçkilik
aradan qaldırılacaq. Ölkə başçısı "Sağlamlıq imkanları məhdud
şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununun tətbiqi haqqında sərəncama imza atmaqla
bu problemə nöqtə qoyub.
Valideynlərin müraciəti əsasında problemi ilk olaraq məhz
Axar.az işıqlandırıb. Təhsil Nazirliyindən aldığımız məlumata
əsasən, hazırda xüsusi təhsilə cəlb edilən şagirdlərin sayı 6 min
127 nəfərdir. Evdə təhsil alanların sayı isə 920 nəfərdir.
2013-2014-cü dərs ilində bu rəqəm 1008 nəfər olub. Onlara cəmi 2
yerdə təhsil məktəbi xidmət göstərir. Həmin təhsil müəssisələrində
326 müəllim çalışır.
Nazirlər Kabinetinin "Xüsusi təhsilə cəlb olunanların
valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi
təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və
tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinətin həcminin
müəyyən edilməsi haqqında" qərarı ilə həmin uşaqların valideynlərin
20 manat yolpulu verilib. 2013-cü ilin avqustundan evdə təhsil alan
uşaqların həmin pulu dayandırılıb.
Bunun səbəbi qanunvericilikdə evdə təhsil alanların nəzərdə
tutulmadığı göstərilib. Valideynlərin narazılıqları qanuna
dəyişikliklə nəticələnib. Prezident İlham Əliyevin imzaladığı
sərəncamla "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi
təhsili) haqqında" qanuna edilən dəyişiklik qüvvəyə minib.
Dəyişiklikdə evdə təhsilə cəlb olunanların valideynlərinə və ya
digər qanuni nümayəndələrinə uşaqlarını sağlamlıq və reabilitasiya
mərkəzlərinə və tibb müəssisələrinə aparıb gətirmək üçün bu qanunun
26.3-cü maddəsində nəzərdə tutulmuş həcmdə vəsait ayrılması nəzərdə
tutulub.
Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli
Axar.az-a açıqlamasında bunu dövlətin həmin ailələrə dəstəyi kimi
dəyərləndirib:
"Bu pulun həcmi o qədər də böyük deyil. Çünki müavinət və ya
pensiya deyil ki, onların yaşayışını yaxşılaşdırsın. Bu, evdə
təhsil alan uşaqların ancaq yolpulu kimi istifadəsi üçün nəzərdə
tutulub. Hesab edirəm ki, bununla ölkə başçısı bu uşaqlara
diqqətini bir daha göstərdi".
Yeri gəlmişkən, sağlamlıq imkanları məhdud şəxslərin
valideynlərinə və ya digər qanuni nümayəndələrinə 20 manat
məbləğində yolpulu verilir. H.Rəcəbli bundan sonra da həmin
məbləğin 20-30 manat həcmində nəzərdə tutulduğunu deyib.
Prezidentin tapşırığına əsasən, Nazirlər Kabineti sözügedən
qanuna dəyişiklik edilməsi ilə bağlı təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etməlidir. Bu müddətdə HK-nın digər hüquqi aktları da həmin qanuna
uyğunlaşdırılmalıdır.