Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata
keçirilən "Xocalıya ədalət!" kampaniyası çərçivəsində fevralın
24-də Londonda "John’s Smith Square" salonunda Xocalı soyqırımının
qurbanlarına həsr edilmiş klassik musiqi konserti baş tutub. Anım
gecəsində Londonda akkreditə olunmuş 250-dən çox xarici diplomat,
iş adamları, ictimai-siyasi, elm və mədəniyyət xadimləri, eləcə də
musiqi sahəsində ixtisaslaşmış jurnalistlər və Azərbaycan
diasporasının fəalları iştirak ediblər.
Konsertdən əvvəl hər bir tamaşaçı qırmızı rəngə boyanmış köynəyi
havaya qaldırıb. Hər köynəyin üzərində Xocalı qurbanının doğum
tarixi və adı yazılıb. Onların hamısının ölüm tarixi eynidir 26
fevral 1992-ci il. Bununla tədbir iştirakçıları Xocalı soyqırımında
həyatını itirmiş bütün insanlarla öz həmrəyliyini nümayiş
etdiriblər.
Anım gecəsində tanınmış azərbaycanlı tarzən Arslan Növrəslinin,
skripkaçı Səbinə Rakçeyevanın və Nəzrin Rəşidovanın rəhbərlik
etdiyi "FeMusa" orkestri tərəfindən Azərbaycanın görkəmli
bəstəkarları Qara Qarayevin "Rekviem", Vasif Adıgözəlovun
"Qərənfil", Azər Rzayevin "Meditasiya", həmçinin Antonio Vivaldi,
Paul Lyuis, Karl Jenkins və Gabriel Faurenin əsərlərindən ibarət
musuqi parçaları ifa edilib..
Elə həmin gün Londonun məşhur Çelsi İncəsənət Kollecinin parad
meydanında Xocalı faciəsinin qurbanlarının xatirəsini yad etmək
məqsədilə müasir incəsənət üslubda sərgi təşkil edilib. Sərgidə
həyatına qəddarlıqla son verilmiş 613 dinc sakinin hər birinin
faciəvi ölümünü rəmzləşdirən, hər birinin üzərində ad, doğum və
ölüm tarixi – 1992-ci il 26 fevral – yazılmış 613 ədəd qırmızı
köynək nümayiş etdirilmişdir. Köynəklər labirint şəklində
quraşdırılmış metal çəpərlərin üstündə yerləşdirilmişdi. Labirint
həmin dəhşətli gecədə dinc sakinlərin ölümə aparan faciəvi yolu
təcəssüm etdirirdi. Kiçik ölçülü köynəklər azyaşlı qurbanları –
aralarında hətta bəzilərinin 6 aylıq olduğu körpələri, altmışdan
çox köynəyin üstündə isə sadəcə "naməlum qurban" deyə yazılmışdı
ki, onlar da tanınmaz hala salınaraq qədər işgəncələrə məruz qalmış
cəsədləri təmsil edirdi.
Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Böyük
Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri
Kristofer Pinçer öz çıxışında bildirib ki, bu tədbir "Xocalıya
ədalət!" kampaniyası çərçivəsində keçirilir və 23 il bundan əvvəl
baş vermiş Xocalı qətliamının qurbanlarının əziz xatirəsinə həsr
olunub. Erməni hərbi qüvvələri tərəfindən vəhşicəsinə qətlə
yetirilmiş 613 dinc sakin arasında qadınlar, uşaqlar və yaşlılar
var idi. K.Pinçerin sözlərinə görə, labirint formasında
quraşdırılmış lövhələrdən asılan qırmızı köynəklər onların
itirilmiş həyatlarının rəmzi mənasını ifadə edir.
Sonra o, qurbanların adları yazılmış siyahı ilə birlikdə qırmızı
şarları London səmasına buraxıb. Tədbirə gəlmiş qonaqlar və
ictimaiyyət nümayəndələri sərgini gəzib, həmin dəhşətli gecədə
həlak olmuş qurbanların xatirəsini yad ediblər.