Daxili İşlər naziri general-polkovnik Ramil Usubov
zərərçəkən Anar Niftəliyevin müraciətinə dərhal reaksiya
verib.
Axar.az xəbər verir ki, "Medi Sina" klinikasında əməliyyat
zamanı həkim məsuliyyətsizliyi və səhlənkarlığından dünyasını
dəyişmiş Elnarə Tofiqqızının həyat yoldaşı, jurnalist Anar
Niftəliyev Azərbaycan Respublikasının Daxili İşlər naziri,
general-polkovnik Ramil Usubova ötən gün etdiyi müraciətində
dələduzluq şübhəsi ilə Bakı Şəhər Prokurorluğundan Nəsimi RPİ-nə
göndərilən və xətm edilən həkim Fərəculla Sədulla oğlu İdrisov
barədə işi nəzarətə götürmək üçün xahiş etmişdi.
Elə ötən gün də cənab nazirin göstərişi ilə DİN-in Baş İstintaq
və Təhqiqat İdarəsi cinayət işini nəzarətə götürüb. Bu gün səhər
saatlarında DİN-ə dəvət edilən zərərçəkən Anar Niftəliyevi İdarənin
rəisi general Sərvər Mehrəliyev qəbul edib.
A.Niftəliyevin sözlərinə görə, ona bu işin cənab nazirin
göstərişi ilə Baş İstintaq İdarəsinin nəzarətinə keçdiyi barədə
məlumat verilib:
"Ötən gün cənab nazirə müraciətimdə Elnarə xanımın əməliyyatını
təşkil edən assistent Fərəculla İdrisov barədə Nəsimi Rayon Polis
İdarəsinin İstintaq şöbəsində dələduzluq maddəsi ilə başlanan
araşdırmanın xətm qərarına etiraz etdiyimizi, qanunvericiliyə uyğun
olaraq, qərardan şikayət verdiyimizi, ancaq şöbənin müraciətimizdən
yayındığını bildirmiş və cənab nazirdən işi nəzarətə götürməsini
xahiş etmişdim. Hörmətli Ramil Usubovun göstərişi ilə məni qəbul
edən Baş İstintaq İdarəsinin rəisi general S.Mehralıyevə işin
materialları ilə bağlı məruzə olunduqdan sonra qərar verildi:
Vəsatətimiz dərhal təmin edildi - Nəsimi RPİ-nin İstintaq şöbəsinin
çıxardığı xətm qərarı ləğv edildi, işin materialları Bakı şəhər Baş
Polis İdarəsinə göndərildi. Cənab generalın tapşırığı ilə işə
nəzarəti bütövlükdə DİN Baş İstintaq İdarəsi həyata keçirəcək".
Bu qərardan sonra işin obyektiv və ədalətli keçiriləcəyinə heç
bir şübhə etmədiyini bildirən A.Niftəliyevin sözlərinə görə, bu,
gözlədiyi nəticə idi:
"Doğrusu, dünən etdiyim müraciətdə də bu cinayət işinin hörmətli
nazir Ramil Usubovun nəzarətinə keçəcəyi təqdirdə ədalətli həllinə
yol açılacağından əminlik ifadə etmişdim. Çünki bu vaxta qədər olan
müşahidələrimin nəticəsi bu qənaətə gəlməyə kifayət edirdi. Dünən
günün ikinci yarısından başlayan və qısa müddətdə aparılan
araşdırma və dərhal qərar verilməsi isə təkcə qanunların, haqqın və
ədalətin yox, həm də insanlığın nümunəsidir. Bu, mənim hazırkı
yaşantılarımda həm də mənəvi baxımdan ayaqda qalmağım üçün
dəstəkdir. Buna görə cənab nazirə minnətdarlığımı bildirirəm".
Qeyd edək ki, mərhum E.Tofiqqızı 2013-cü il sentyabrın 20-də
"Medi Sina" klinikasında süd vəzi kanalının papilloması əməliyyatı
zamanı həkim səhlənkarlığından dünyasını dəyişib. Sentyabrın 25-də
Nəsimi Rayon Prokurorluğunda fakt üzrə cinayət işi başlanılıb.
2014-cü il aprelin 10-da isə iş Nəsimi Prokurorluğundan alınaraq,
Bakı Şəhər Prokurorluğuna, müstəntiq Vaqif Süleymanovun icraatına
verilib.
Hazırda iş Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın
icraatındadır.
Nəsimi Rayon Məhkəməsində yalnız həkimlərdən biri - anestezioloq
Firuz İbrahimov CM-in 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və
320.1 (hüquqi sənədləri bilə-bilə saxtalaşdırma) maddələri ilə
ittiham olunur. Prokurorluq onkoloq Mahir Məmmədov və assistent
Fərəcullah İdrisovun əməllərində vergidən yayınma və dələduzluğa
cəhd faktları aşkarladığından, araşdırılması üçün materiallar
müvafiq olaraq Vergilər Nazirliyinin İstintaq İdarəsinə və Nəsimi
Rayon Polis İdarəsinə göndərilib.
Artıq F.İdrisovun dələduzluğu ilə bağlı araşdırma Daxili İşlər
Nazirliyinin nəzarəti ilə Bakı şəhər Baş Polis İdarəsində
aparılır.