Azərbaycan Tibb Universitetində (ATU) əməkdaşların maddi
rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi
istiqamətində mütəmadi olaraq lazımi tədbirlər həyata
keçirilir.
ATU-dan ANS-ə bildirilib ki, belə tədbirlər sırasında bu gün
Universitetin Böyük Elmi Şurasında əməkdaşların əmək haqqının
artırılması haqqında qəbul edilmiş qərarı xüsusi qeyd etmək
lazımdır. Bu qərar "Ali təhsil müəssisələrində yeni maliyyələşmə
mexanizminin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2010-cu il 10 fevral tarixli 220 nömrəli Fərmanı və
"Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində
çalışan işçilırin yeni vəzifə maaşlarının və vəzifə maaşlarına
əlavələrin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2008-ci il 12 sentyabr tarixli 210 nömrəli
qərarının ləğv edilməsi barədə" Nazirlər Kabinetinin 22 oktyabr
2012-ci il tarixli 244 nömrəli Qərarına əsasən verilmişdir.
Qərara əsasən, aprelin 1-dən etibarən ATU-da inzibati
idarəetmədə çalışan rəhbər heyətin, fakültə dekanları və dekan
müavinlərinin, kafedra müdirlərinin, professor – müəllim heyətinin,
o cümlədən digər əməkdaşların aylıq məvacibi artırılıb. Bundan
sonra fakültə dekanları 1450, kafedra müdirləri 1300, professorlar
1200, dosentlər 1050, baş müəllimlər 810, assistentlər və
müəllimlər isə 750 manat əmək haqqı alacaqlar.
Ümumilikdə əmək haqqı artımı universitetin bütün əməkdaşlarına
o, cümlədən 1200 nəfər professor-müəllim heyətinə şamil edilib.
Belə ki, son əmək haqqı artımından sonra Tibb Universitetində
professor - müəllim heyətinin orta aylıq əmək haqqı 1100 manata
çatıb.
Son illər ATU-da əməkdaşların maddi rifahının yaxşılaşdırılması,
sosial müdafiəsinin gücləndirilməsi və elmi-pedaqoji
fəaliyyətlərinin stimullaşdırması məqsədilə əmək haqqlarının
artırılması ənənə halını almışdır. Belə ki, yalnız 2014-cü ildə
Böyük Elmi Şuranın qərarı ilə universitet əməkdaşlarının əmək haqqı
iki müxtəlif vaxtda artırılıb.
Həmçinin universitetdə bir qrup əməkdaşın əmək haqqı peşəkarlıq
qabiliyyətlərinə, elmi-pedaqoji fəaliyyətlərinə və bu sahədə əldə
etdikləri nailiyyətlərə görə differensiasiya yolu ilə
artırılıb.
ATU-da əməkdaşların əmək haqqının artırılması haqqında olan bu
qərar Novruz bayramı ərəfəsində kollektiv üçün ikiqat bayram
sevinci yaradıb.