"Nazarbayev türk dünyası ideyası ilə Rusiya ilə
müttəfiqliyə paralel blok formalaşdırmağa çalışır".
Axar.az xəbər verir ki, bu açıqlama ilə Atlas Araşdırmalar
Mərkəzinin rəhbəri Elxan Şahinoğlu öz Feysbuk səhifəsində çıxış
edib.
O, Qazaxıstanla Azərbaycanın strateji müttəfiq sayıla biləcəyini
söyləyib:
"Prezident seçkilərinə hazırlaşan Qazaxıstanın dövlət başçısı
Nursultan Nazarbayev martın 16-da ölkəsinin Azərbaycan
Respublikasına yeni fövqəladə və səlahiyyətli səfirini təyin edib.
Yeni səfir Beybit İsabayev Azərbaycandan əvvəl Qazaxıstanın
Pakistan, Türkiyə və Qırğızıstanda səfiri olub. Bu, Qazaxıstan üçün
yaxın ətrafda ən vacib ölkələr sayılır. Deməli, Astana yeni
təyinatla Qazaxıstan-Azərbaycan münasibətlərini də canlandırmaq
istəyir. Siyasi müstəvidə iki dövlət strateji müttəfiq sayıla
bilərlər. Ermənistan Prezidenti Serj Sərkisyan Rusiyanın təkidi ilə
Gömrük İttifaqı və Avrasiya İqtisadi Birliyinə üzv olmaq istəyini
bildirdikdə, Qazaxıstan prezidenti həmin tədbirdə Azərbaycan
prezidentinin məktubunu oxumuşdu. Məktubda deyilirdi ki, Ermənistan
Gömrük İttifaqı və Avrasiya İqtisadi Birliyinə üzv olarkən, Dağlıq
Qarabağ Azərbaycan ərazisi kimi bu prosesdə iştirak etməməlidir.
Azərbaycan Prezidenti İlham Əliyevin məktubunu oxuyan Nazarbayevin
sonuncu cümləsi belə olmuşdu: "Biz dostumuz olan Azərbaycanı
qıcıqlandıra bilmərik". Nazarbayevin bu replikasına nə Sarkisyan,
nə də Rusiya Prezidenti Vladimir Putin münasibət bildirmişdilər.
Hər ikisi Nazarbayevin Azərbaycanı müdafiə etməsindən narazı
qalmışdılar".
Politoloq Qazaxıstanın prezidenti Türkiyədə olan zaman Moskvaya
mesaj göndərdiyini bildirib:
"Qazaxıstan prezidentinin bu addımı Azərbaycanın siyasi
dairələrində və ictimaiyyətində yüksək dəyərləndirildi. İlham
Əliyev məktubun oxunmasına görə Nazarbayevə şəxsən təşəkkürünü
bildirdi. Azərbaycanın bundan sonra da Qazaxıstanın geosiyasi
dəstəyinə ehtiyacı var. Çünki Azərbaycan Gömrük İttifaqı və
Avrasiya İqtisadi Birliyinə üzv deyil, Ermənistan isə birliyin yeni
üzvü kimi Dağlıq Qarabağda istehsal olunan malları ortaq bazara
çıxartmaq istəyəcək. Ona görə də Bakı yalnız Astana vasitəsilə
Ermənistanın bu planlarına mane ola bilər.
Nursultan Nazarbayev Avrasiya İqtisadi Birliyi ideyasının
yaradıcısı olsa da, o bölgədə türk ittifaqının formalaşmasını da
arzulayır. Nazarbayev sonuncu dəfə Türkiyədə olarkən, Altaydan
başlayaraq Aralıq Dənizi sahilinə qədər 200 milyon türkün
yaşadığını vurğulayaraq türk dünyasının böyük güc olduğunu
vurğulamışdı. Bu Nazarbayevin Moskvaya mesajı idi".
E.Şahinoğlu Astananın Moskvadan ehtiyat etdiyini deyib:
"Qazaxıstan Rusiya ilə eyni blokda olsa da, Astana Moskvanın
siyasətindən və planlarından ehtiyat edir. Kremlin Krımı işğalı və
Donbasdakı separatçılara dəstəyi hamı kimi Astananı da narahat
edir. Putin "rusları qorumaq" adı altında Ukraynanı parçaladı.
Qazaxıstanda da kompakt şəkildə xeyli rus yaşayır. Rusiya ilə
Qazaxıstan arasında münasibətlərdə problem olmayana qədər Kreml
Astanaya qarşı "rus kartını" işə salmayacaq. Təsadüfi deyil ki,
Putin çıxışlarının birində Nazarbayevin hesabına Qazaxıstan
dövlətin yarandığını dedi. Yəni Putin tarixdə belə bir dövlətin
olmadığına işarə vururdu. Bu açıqlama Astanaya xəbərdarlıq
mesajıydı ki, Qazaxıstanın siyasətini dəyişsə, bu ölkədə də
Ukraynada olduğu kimi mənfi proseslər başlaya bilər. Ona görə də
Astana Kremllə ittifaq münasibətlərindən geri addım ata bilməz.
Buna baxmayaraq, Nazarbayev türk dünyası ideyası ilə Rusiya ilə
müttəfiqliyə paralel blok da formalaşdırmağa çalışır. Məqsəd
Rusiyadan geosiyasi asılığı azaltmaqdır. Astana "türk bloku"nda 2
dövlətə vacib yer ayırır: Türkiyə və Azərbaycan. Türkdilli
dövlətlərdən Qırğızıstan da Gömrük İttifaqı ilə Avrasiya İqtisadi
Birliyinə üzv olub. Ermənistanı çıxmaq şərtilə Gömrük və Avrasiya
İqtisadi İttifaqı faktiki slavyan (Rusiya, Belarus) və türk
(Qazaxıstan, Qırğızıstan) birliyindən ibarətdir. Avropa Birliyindən
uzaqlaşan Türkiyə də Avrasiya İqtisadi Birliyinə maraq göstərir ki,
bu faktor da Astananın xeyrinədir".
O, Qazaxıstanla Azərbaycanın iqtisadi əməkdaşlığının Türkiyənin
bu prosesə qoşulmasıyla canlana biləcəyini söyləyib:
"Türkiyənin Qazaxıstanda milyardlarla dollar investisiyaları
var. İki ölkə arasında ticarət əlaqələri ilbəil artır. Ancaq
Qazaxıstan-Azərbaycan iqtisadi əlaqələri zəifdir. Doğrudur,
Qazaxıstan az miqdarda neftini Bakı-Tbilisi-Ceyhan boru xətti ilə
Aralıq dənizinə daşıyır, ancaq Astana Bakı ilə daha böyük
investisiya layihələrinin reallaşdırılmasını istəyir. Astana inşası
tamamlanmaqda olan Bakı-Tiflis-Qars dəmiryoluna maraq göstərir,
gələcəkdə Qazaxıstan bu nəqliyyat vasitəsilə mallarını Türkiyə və
Avropa bazarına çıxara bilər. Bu arada, Ankara
Türkiyə-Azərbaycan-Qazaxıstan üçtərəfli format ideyasını irəli
sürüb. Bu format çərçivəsində 3 ölkənin xarici işlər nazirləri və
prezidentlə tez-tez görüşməli və strateji tərəfdaşlığın yollarını
müzakirə etməlidirlər. Azərbaycan bu format vasitəsilə Qazaxıstanla
ikitərəfli iqtisadi-ticarət əməkdaşlığını hər iki dövlətlə sıx
münasibətləri olan Türkiyənin bu prosesə qoşulmasıyla canlandıra
bilər".