Günün pik saatlarında paytaxtın Yusif Səfərov küçəsi,
Babək və Heydər Əliyev prospektlərinin kəsişmə hissəsində yaranan
sıxlığı və tıxacları aradan qaldırmaq üçün həmin ərazidə müəyyən
hərəkət dəyişikliyi edilib.
Bunu Hafta.az-a Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş
Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai
qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov
bildirib.
Bölmə rəisi qeyd edib ki, əvvəllər Babək prospektindən metronun
"Gənclik" stansiyası, Koroğlu Rəhimov, Təbriz, Dəmirçizadə, Xoyski
küçələri istiqamətində getmək istəyən sürücülər birbaşa Heydər
Əliyev prospektinə çıxıb "Excelsior" mehmanxanasının yanındakı
yeraltı tuneldən keçərək Gülarə Qədirbəyova küçəsi ilə hərəkət
edirdilər. Bu zaman isə istər-istəməz Yusif Səfərov küçəsi ilə
hərəkət edən nəqliyyat vasitələri ilə qarşılaşır və yolda
uzunmüddətli sıxlıq və tıxaclar yaşanır, narazılıq və narahatlıqlar
baş verirdi.
V.Əsədovun sözlərinə görə, lakin bundan sonra Babək
prospektindən "Gənclik" tərəfə hərəkət edənlər "Exselsior"
hotelinin yanındakı tunelə birbaşa girə bilməyəcəklər: "İndi qeyd
edilən istiqamətə hərəkət etmək üçün sürücülər sağa dönmə
əməliyyatı etmədən düzünə, qarşıdakı tunelə daxil olaraq Bakı şəhər
Baş Polis İdarəsi istiqamətində hərəkət etməli, daha sonra İdarənin
qarşısından geriyə dönməli və Yusif Səfərov küçəsi ilə hərəkət
edərək "Excesior" mehmanxanası ilə üzbəüz yeraltı tuneldən
keçməlidirlər. Bu məqsədlə sürücülər üçün müvafiq yol nişanları da
quraşdırılıb. Ona görə də sürücülərdən diqqətli olmaları,
quraşdırılmış yol nişanlarının tələblərinə əməl etmələri xahiş
edilir".
Bununla bağlı Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin
mətbuat katibi Pünhan Mürsəliyev Trend-ə deyib ki, görülən
tədbirlərə baxmayaraq, paytaxtın Babək prospektindən Koroğlu
Rəhimov keçəsi və Xətai prospekti istiqamətində hərəkət edən
nəqliyyat vasitələri həmin ərazidə quraşdırılmış yol göstəriciləri,
yol nişanlarının və üfüqi nişanlanma xətlərinin tələblərini pozaraq
qəza şəraiti yaradırlar: "Həmin istiqamət üzrə hərəkət edən
nəqliyyat vasitələri Yusif Səfərov küçəsində yeni yaradılan sahədə
dönmə əməliyyatı edərək hərəkətlərini davam etdirmək əvəzinə Yusif
Səfərov küçəsi ilə Babək prospektinin kəsişməsində təhlükəli qəza
şəraiti yaradırlar".
P.Mürsəliyev bildirib ki, bütün bu halların aradan qaldırılması
üçün həmin ərazidə nəzarətin gücləndirilməsinə böyük ehtiyac var:
"Əgər vaxtında bunun qarşısı alınmazsa, yol-nəqliyyat hadisələrinin
baş verməsi qaçılmazdır".