"İki aydan sonra Ülkər
İsayevanın işini aparan müstəntiq yenidən prokurora işin uzadılması
barədə vəsatətlə müraciət etməsə və prokuror da təqdimatla
məhkəməyə müraciət etməsə, Zaur Məmmədovun həbs müddəti bitdiyi
üçün azad oluna bilər".
Bu sözləri Axar.az-a hüquqşünas Müzəffər Baxışov Xəzər
Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayevanın
məhkəmə prosesinin necə olacağı ilə bağlı bəzi məqamlara aydınlıq
gətirərkən bildirib.
Hüquqşünas qeyd edib ki, işin uzadılması ilə bağlı müraciət
olunmasa, Zaur Məmmədov azadlığa çıxa bilər:
"Qardaşlardan biri barəsində 2 ay müddətinə həbs qətimkan
tədbiri seçilib. Bu səbəbdən 2 aydan sonra onun işini aparan
müstəntiq yenidən prokurora işin uzadılması barədə vəsatətlə
müraciət etməsə və prokuror da təqdimatla məhkəməyə müraciət
etməsə, artıq həmin şəxsin həbs müddəti bitdiyi üçün azad oluna
bilər. Bundan başqa, prokuror vəsatətlə məhkəməyə müraciət etsə,
məhkəmə onun həbs müddətinin uzadılması barədə qərar qəbul edə
bilər. Ancaq mütləq müraciət olmalıdır".
M.Baxışovun sözlərinə görə, ortada olan faktla bağlı hətta
işgəncəyə məruz qalan şəxslərin şikayəti olmasa belə cinayət işinə
baxılmalıdır:
"Zaur və Elin Məmmədov qardaşları barəsində Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinin 221 və 221.2.1 maddəsi ilə
cinayət işi başlanılıb. Bu bir qrup şəxs tərəfindən xuliqanlıq
hərəkətlərinin törədilməsi deməkdir. Bu Cinayət Məcəlləsinin
221.2.1 maddəsində olan cinayət Azərbaycan Respublikası Cinayət
Prosessual Məcəlləsinin 37.6 maddəsinə görə, ictimai nizam
qaydasında təqdim olunan cinayətdir. Yəni Hamlet İsaxanlının
qızının və ya adı hallanan Katya adlı şəxsin olmasından asılı
olmayaraq, hər kim döyülübsə, hətta şikayət belə etməyibsə, o
cinayət işi üzrə cinayət tədbiri davam etdirilməlidir. Və əgər
onlar həqiqətən də xuliqanlıq hərəkətləri ediblərsə və bu sübut
olunsa, o iş məhkəməyə verilməlidir. Yəni bu istintaq orqanının
vəzifəsidir. Əgər cinayət işi həmin fakta görə başlanılıbsa, sübut
olunubsa ki, həqiqətən də onlar xuliqanlıq hərəkətləri törədiblər,
bu ictimai nizam qaydasında təqdim olunan cinayətdir. Bu məqamda
döyülən, işgəncəyə məruz qalan şəxsin şikayət edib-etməməsi əsas
deyil".
Xatırladaq ki, Ülkər İsayeva martın 9-da döyülüb. Hadisə Bakının
Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində baş
verib. İki qardaş - Zaur və Elin Məmmədovlar onu fiziki işgəncəyə
məruz qoyub. Zaur həbs edilib. Rektor isə iddia edir ki, videodakı
onun qızı yox, "Katya" adlı tanışıdır.
Baş vermiş hadisə ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsində
Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi
başlanıb və prokurorluq iş üzrə təqsirləndirilən Məmmədov Zaur
Muxtar oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə
məhkəməyə müraciət edib.
Lakin Xətai rayon Məhkəməsinin hakimi Raziyə Ataşova
prokurorluğun vəsatətini təmin etməyib. Həmin qərardan isə Bakı
şəhər Prokurorluğu tərəfindən apellyasiya protesti verilib.
Nəhayət, martın 18-də apelyasiya şikayəti təmin edilib və
Z.Məmmədov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.