Bu gün Daxili İşlər Nazirliyində Azərbaycanlıların
Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən
məlumata görə, tədbiri giriş sözü ilə açan daxili işlər nazirinin
müavini, polis general-mayoru İsmət Əliyev XIX əsrin əvvəllərindən
başlayaraq Qafqazda kütləvi şəkildə məskunlaşdırılan ermənilərin az
müddət sonra regionu, sözün əsl mənasında, "qan çanağı"na
çevirdiklərini, onların "böyük Ermənistan" kimi qondarma ideyanın
gerçəkləşməsi yolunda atdıqları addımların azərbaycanlılara qarşı
kütləvi qətliamların və soyqırımı aktlarının reallaşması ilə
nəticələndiyini, bu qanlı tarixin qısa fasilələrlə dəfələrlə
təkrarlandığını iştirakçıların diqqətinə çatdırıb.
Qeyd olunub ki, erməni millətçilərinin Qafqazda törətdikləri
kütləvi qırğınlar və soyqırımı siyasəti bir fakta əsaslanır: onlar
nəyin bahasına olursa-olsun Azərbaycan torpaqlarında məskunlaşmaq
və aborigen xalq olduqlarını təsdiqləməyə çalışıblar. Bu mənfur
niyyəti reallaşdırmanın yolu isə soydaşlarımızın soyqırımından,
qanlı talanlardan və deportasiya siyasətindən keçib. 1918-ci ilin
martında Bakıda və Azərbaycanın digər bölgələrində həyata keçirilən
dəhşətli qırğınlar, həmvətənlərimizin kütləvi şəkildə, amansızlıqla
qətlləri ermənilərin Qafqazda məskunlaşması üçün açar rolunu
oynadı.
Nazir müavini xüsusi qeyd edib ki, müstəqilliyin əldə
edilməsindən sonra xalqımız tarixi keçmişinin obyektiv mənzərəsini
yaratmaq imkanı əldə etdi. Məhz ulu öndər Heydər Əliyevin xalqın
təkidi ilə ali hakimiyyətə qayıdışından sonra həmin qanlı
hadisələrə, zaman-zaman xalqımıza qarşı törədilmiş cinayətlərə
obyektiv hüquqi-siyasi qiymət verildi. Ümummilli liderimiz tarixi
ədaləti bərpa etdi və imzaladığı müvafiq fərmanla 31 mart
Azərbaycanlıların Soyqırımı Günü elan olundu. Bununla da,
Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya
müəyyənləşdi.
O da bildirilib ki, 1998-ci il martın 26-da məhz həmin tarixi
sənədin imzalanmasından sonra hər il nəinki ölkəmizdə, eləcə də
dünyanın bir çox dövlətlərində soyqırımla əlaqədar müxtəlif anım
mərasimləri, xatirə tədbirləri keçirilir, erməni şovinizminin və
qəddarlığının bütün qanlı əməlləri pislənilir.
Ulu öndərin kursunun layiqli davamçısı olan Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu
daxili və xarici siyasət nəticəsində artıq dünya dövlətləri və
beynəlxalq təşkilatlar ölkəmizin haqq işini müdafiə edir və
Ermənistanı getdikcə daha çox ölkə işğalçı dövlət kimi tanıyır.
Nazir müavini İ.Əliyevin təklifi ilə mərasim iştirakçıları
soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad
ediblər.
Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri
doktoru, professor Anar İsgəndərov erməni millətçilərinin və
onların havadarlarının azərbaycanlılara, türklərə qarşı
başladıqları soyqırımı siyasətinin indiyədək davam etdiyini,
nəticədə yüz minlərlə insanın qətlə yetirildiyini, bu barədə real
faktların və həqiqətlərin keçmiş sovet hakimiyyəti dönəmində uzun
müddət təhrif olunduğunu, gizlədildiyini və əsl tarixi
gerçəkliklərin həmin dövrdə öz əksini tapmadığını təəssüflə qeyd
edib.
O, real faktlara, o cümlədən əcnəbi alimlərin türk, müsəlman
xalqlarına qarşı soyqırımı siyasətindən bəhs edən kitablarda əksini
tapmış gerçək sübutlara, tarixi sənədlərə və arxiv materiallarına
əsaslanan ətraflı məruzə ilə çıxış edib. Məruzədə xüsusən ötən
əsrin əvvəllərindən başlayaraq imperiya qüvvələrinin, imperialist
dairələrin birbaşa dəstəyi və təşkilatçılığı ilə bolşevik libasına
bürünmüş erməni millətçiləri və daşnak silahlı birləşmələri
tərəfindən nəinki Bakıda, həmçinin ölkəmizin müxtəlif bölgələrində
günahsız soydaşlarımızın - qocaların, qadınların və uşaqların
sistemli və məqsədyönlü şəkildə, kütləvi surətdə məhv edildiyi,
həmin qanlı hadisələrin çox geniş coğrafiyanı əhatə etdiyi, eyni
zamanda, Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun
qəhrəmanlığı sayəsində bu kütləvi qırğınlara, soyqırımına son
qoyulduğu qeyd olunub.