Sabiq təhsil naziri, hazırda AMEA-nın Riyaziyyat
İnstitutunun direktoru Misir Mərdanov interaztv-yə müsahibə
verib.
Həmin müsahibəni ixtisarla təqdim edirik:
- Misir müəllim, ilk məvacibizi xatirlayırsınız? Nə
qədər olub?
- O zaman Bakı Dövlət Universitetində müəllim kimi işləyərkən
almışam. Dissertasiya müdafiə etməmiş çox az idi. Amma müdafiə
etdikdən sonra o vaxtın pulu ilə 200 manat. Dekan müavini
işləyəndən sonra isə 430 manat pul alırdım. O zaman üçün böyük pul
idi. Məsələn, deputatın, raykom katibinin maaşından artıq pul idi.
Yəni bir ailəni o pulla dolandırmaq kifayət idi.
- İndi vəziyyət necədir? Məvacibinizlə ailəni dolandıra
bilirsinizmi?
- Belə deyim ki, uzun müddət dövlət işində işlədiyimə görə
yüksək təqaüd alıram. Yəni 2200 manata yaxın təqaüd alıram.
İşlədiyim institutda isə orta hesabla isə ayda 900 manat məvacib
alıram. Allah bərəkət versin. Aylıq gəlirim 3000 manatdan çox edir.
Ola bilər qrantlar-filan da olsun. Proqramlar üzərində işləyirik.
Ailədə iki nəfərik - həyat yoldaşım və mən. Ona görə də məvacibim
tamamilə kifayət edir.
- İnstitutda nə işlər görürsünüz?
- Mən instituta gələndən sonra riyaziyatdan üç elmi jurnal çap
olunur. Onlardan ikisi ingilis dilində çıxır. Həmin üç jurnala
direktor kimi mən rəhbərlik edirəm. Onu da deyim ki, hər iki dildə
çıxan jurnallar dünyanın müxtəlif agentlikləri tərəfindən
qiymətləndirilir. Təəssüf ki, bu gün dünyanın ən səviyyəli
agentliyi olan "Thomson Reuters"in siyahısında olan 10 min jurnalın
içində Azərbaycandan bir jurnalın adı var. O da Bakı Dövlət
Universitetinin tətbiqi riyaziyyat fakültəsinin buraxdığı
jurnaldır. Ümumi məqsədimiz dünya agentlikləri siyahısında
jurnallarımızın reytinqini qaldırmaqdır. "Thomson Reuters"in
siyahısına daxil olan jurnalda məqalə çap etdirən alimin hər
məqaləsinə 300 manat mükafat verilir. 33 məqalə var idi. Onların
hər birinə 300 manat mükafat verdik.
Əlbəttə, alimlərin bugünkü maaşlarının yüksəkliyindən danışmaq
olmaz. Amma onlar yalnız burada işləmirlər. İnstitutla yanaşı digər
yerlərdə də işləyirlər. Ola bilər bir neçə yerdə işləsinlər. Biz
onlara da şərait yaradırıq. Hər halda hesab edirəm ki, tanınmış
alimlərimiz öz ailələrinin sosial xərclərini ödəyə bilirlər.
- Uşaqlığınızı necə xatırlayırsınız?
- Uşaqlığım indi Ermənistan adlanan Ermənistan Respublikasının
İcevan rayonunun Göyərçin və Salah kəndlərində keçib. İbtidai və 7
illik təhsilimi Salah kəndində almışam. Bizim kənddə orta məktəb
olmadığına görə orta təhsilimi qonşu kənddə - Poladda almışam.
Yalnız qışdan başqa hər gün 4 kilometr məsafəni piyada
gedib-gələrdik. Təkcə qışda Polad kəndində qalardıq. Hər gün 8
kilometr yolu sinif yoldaşlarımla deyə-gülə gəlirdik. Çox gözəl
müəllimlərim olub. Çox yaxşı xatırlayıram. İlk olaraq anamı
xatırlayıram. Sağdır, yaşayır. Gülxanım müəllimə ibtidai sinifdə
bizə yazmağı öyrədib. Novruz müəllim riyaziyyat müməllimimiz olub.
Səyyad, Alı, Dursun, Mirzə müəllimlər 7-ci sinfə kimi mənə dərs
deyib. Poladda dərs deyən müəllimlərimi də xatırlayıram. O zaman
indikindən fərli olaraq oxuyana, ziyalıya çox böyük hörmət var idi.
Yadımdadır, atam II dünya müharibəsindən əvvəl İrəvanda Azərbaycan
dilində pedaqoji məktəbi bitirib. Daha sonra müharibəyə gedir,
qayıdandan sonra isə rəhbər vəzifələrdə çalışır. Yəni ailəmiz
ziyalı ailə olub. 3 bacı, 3 qardaş olmuşuq.
- Qardaş-bacılarınızla yola getmisiniz?
- Əlbəttə, mən böyükləri olmuşam. İndi hamısı köçüb gəlib,
Bakıda yaşayırıq. Təkcə kiçik bacım Moskvada yaşayır. Qalanlarımız
Bakıda yaşayırıq. Qardaşımın biri İlham Mərdanov riyaziyyat üzrə
elmlər doktorudur, professordur. İndi həm Pedaqoji Universitetdə
çalışır, həm də Rabitə və Yüksək Texnologiyalar Nazirliyində
işləyir. İkinci qardaşım Əli Mərdanov Şabran Rayon Polis Şöbəsinin
rəisidir. Böyük bacım Azərbaycan Dövlət Pedaqoji Kollecində
müəllimə işləyir. Əməkdar müəllimdir. Ondan kiçik bacım tibb
elmləri namizədidir. Azərbaycan Dövlət Tibb Universitetində
anatomiya kafedrasının dosentidir. Kiçik bacım Zeynəb də Moskvada
yaşayır. İndi təqaüdə çıxıb.
- Övladlarınız nə işlə məşğuldur?
- Üç övladım var - iki qızım, bir oğlum. Oğlum Daxili İşlər
Nazirliyinin əməkdaşıdır. Böyük qızım evdar qadındır. Uşağı körpə
olduğundan onunla məşğuldur. Kiçik qızım da Bakı Dövlət
Universitetinin filologiya fakültəsində müəllimədir, dosentdir.
- Nəvələriniz şirin olar?
- Yeddi nəvəm var. Bu yaxınlarda böyük nəvəmin toyunu etdik.
Qalan nəvələrim də yavaş-yavaş böyüyür. Hələlik məktəbdə
oxuyurlar.
- Daha çox hansı babalarına oxşayırlar?
-Nə bilim?! Desəm ki babalarına oxşayanı yoxdur, daha düz
olar.
- Hazırda Bakıda harada yaşayırsınız?
- May ayında dörd il olacaq ki, Novxanıda bağ evində yaşayıram.
Qışda da, yayda da oradayam. Orada hər bir şəraitimiz var. Cavan
vaxtı Bakıda müxtəlif yerlərdə yaşamışam. 9-cu mikrorayonda evim
olub. Sonralar o evi bacımgilə verdim. Sonra "Sovetski" deyilən
yerə gəlmişəm, təzə tikilən binada yaşamışam. Dəniz kənarında evim
var. O evim indi də qalır. Amma indi orada yaşamırıq. Arabir gedib
baxıram.
- Maşınınızı özünüz sürürsünüz?
- Şəxsi avtomobilimi həmişə özüm sürmüşəm. Həftənin şənbə-bazar
günləri, bayram günləri sürücünü evinə göndərmişəm ki, onun da
ailəsi var, ailəsi ilə istirahət etsin. Özüm maşın sürmək
həvəskarıyam.
- Bərk sürürsünüz?
- Bəli, yol yaxşı olsa, sürürəm.
- Radara düşdüyünüz vaxt olub?
- İki ilə yaxındır nazir deyiləm. Amma insanlardan çox hörmət
görmüşəm. Əsasən də avtomobil müfəttişlərindən. Hətta qaydanı
bilməyərəkdən pozanda da "Hə, Misir məllim, sizsinizmi? Nə kömək
lazımdır?! Sürün gedin" deyiblər. Yəni hansı qapını açıramsa, hansı
müəssisəyə gedirəmsə, orada hörmət görürəm.
- İstirahət etməyi sevirsiniz? Bu yay harada
dincələcəksiniz?
-İsmayıllıda Zərgəran kəndində evim var. Haradasa 10 gün güclü
istilər olanda gedib orada dincələcəm. 10 gün İstanbulda, 10 gün də
Almaniyada. Qohumlarımın çoxu Almaniyada yaşayır. Həm onlarla
görüşürük, həm də qaynatam-qaynanam orada dəfn olunublar, onların
məzarını ziyarət edirik.
- Övladlarınızın sizə işi çox düşür?
-Əksinə, daha çox mən zəng edirəm. Hətta arada yoldaşım deyir
ki, nə istəyirsən uşaqlardan. Məsələn, oğlum 40 yaşını keçib. Amma
hər gün əlaqə saxlayıram. Onlarla hal-əhval tutmasam, problemləri
ilə tanış olmasam, rahat ola bilmirəm. Eləcə də bacı-qardaşlarımla.
Hər həftə görüşürük.
- Mənfi xüsusiyyətləriniz varmı?
- Əlbəttə. Hamının müsbət xasiyyəti olduğu kimi mənfiləri də
var. Məsələn, yoldaşım məni qınayır. Hər gün çox tez oyanıram. Hər
gün bir saat. Günün xəbərlərini izləyirəm. Daha sonra öz riyazi
məsələlərimlə məşğul oluram. Bütün bunlardan sonra bir saat gəzməyə
çıxıram. Sonra isə uşaqlardan hal-əhval tuturam. Həmişə yoldaşım
mənə irad tutur ki, qoymazsan uşaqlar yatsın. Mənfi xüsusiyyətimin
biri odur. Bəlkə də mənfilərimdən biri də insanlara tez
inanmağımdır. Uzun illərin təcrübəsidir ki, insanlara inanmışam,
amma sonra görmüşəm ki, hamıya inanmaq düzgün deyil.
- Həyat yoldaşınızla tanışlığınızdan, ailə qurmağınızdan
danışardınız...
- Həyat yoldaşım öz kəndçimiz olub. Onun atası Salah kəndindən
idi, anası isə alman olub. Elə də yaxın olmasaq da ailə
qurmağımızda mənim və onun valideynlərinin rolu olub. Onlar
bir-birini daha yaxın tanıyıblar. Mənim atam yüksək nüfuza sahib
olduğundan onun sözünü iki eləyə bilməzdik. Peşman deyiləm. 3
övladım, 7 nəvəm var. 44 il narazılıq etməmişik, yəqin ki, bundan
sonra da etmərik. Atama rəhmət oxuyuram ki, belə bir əməlisaleh
insanla ailə qurmağıma şərait yaradıb.