Bu dəfə "Qəfil qonaq" olaraq keçmiş dənizçi, şair-bəstəkar
Hüseyn Sözlünün Həzi Aslanov qəsəbəsindəki evinin darvazasının
düyməsini basdım. Nəvəsi içəridən mikrofonla çağırışıma səs
verdi:
- Kimdir?
- Babana de, Faiq əmi gəlib.
Az keçmiş Hüseyn müəllim qapıda görünür. Səmimi görüşürük:
- Qapı açıq idi ki, keçərdin həyətə, - kənara çəkilib balaca
qapıdan keçməyimə şərait yaradır.
Həyət səliqə-sahmanı ilə göz oxşayır. Ağaclar budanıb, gövdəsi
ağardılıb. Yaz bu həyətdə özünü daha çox göstərə bilib. Yay vaxtı
daima oturduğumuz iri həmişəyaşıl ağacın altında seyrək yarpaqlar
var. Meyvə ağaclarının çiçəkləri budaqların çılpaqlığını yox edib,
həyətə xüsusi yaraşıq verir.
Hüseyn müəllim qəfil gəlmiş qonağını evə dəvət edir və hiss
edirəm ki, qəfil gəlişimdən bir qədər narahatdır. Amma heç nə
soruşmur. Eləcə:
- Gündüz zəng etmişdin, heç demədin ki, gələcəm.
- Hə bu "Qəfil qonaq" layihəmiz üçün idi. Eləcə
dəqiqləşdirirdim ki, işdəsən, ya yox.
Hüseyn müəllimin iş otağına keçirik. Az sonra oğlu Hikmət gəlir,
görüşürük. Sonra xanımı Elonora müəllimə çay tədarükü görür.
Hüseynlə illərin tanışıyıq. Bu evdə özümü rahat hiss edirəm.
Qısa tanıtım verim: Hüseyn Sözlü 1946-cı ilin aprel ayında Şərur
rayonun Şəhriyar kəndində dünyaya gəlib. Orta məktəbi bitirdikdən
sonra Bakıda Qafur Məmmədov adına Bakı Dəniz Yolları məktəbində
təhsil alıb. Xəzər Dəniz Gəmiçiliyi İdarəsində çalışıb. Polşada,
Rumıniyada, Finlandiyada, Bolqarıstanda, Norveçdə, İngiltərədə,
Türkiyədə, İranda və daha onlarla ölkənin sularında üzüb. Eyni
zamanda Odessa Ali Dəniz Mühəndisləri İnstitutunu bitirib. Həm də
orta ixtisas musiqi təhsili var. Tar sinfində oxuyub. Yaradıcılıqla
isə hələ orta məktəbdə oxuyandan məşğul imiş. Bu haqda söz
salıram.
- Erkən yaşlarımdan şeirlər yazırdım. Musiqiyə marağım isə daha
çox idi, - deyir.
Şairin ad günü ərəfəsində ötən günlərini vərəqləyirəm.
Xatirələrini dilə gətirir. Sözsüz ki, həyatının yarıdan çoxunu
keçirdiyi dəniz söhbətimizin əsas mövzusu olur:
- İlk işlədiyim gəmi "Çupura" tankeri idi. Heyətdə cəmi iki
azərbaycanlı idik.
- Dənizli günlərinizə necə başladız?
- İlk günlər çox darıxdırıcı idi. Həm də bizim millətə qarşı
heyətdə, elə gəmiçiliyin özündə də ayrı-seçkilik, ögey münasibəti
görməmək olmurdu. Boş vaxtım az olurdu, imkan olduqda şeir
yazırdım. Bir dəfə İngiltərədə olarkən qəribə bir mənzərənin şahidi
oldum. Mehmanxanada idik. Səhər yuxudan durub gördüm ki, pəncərəmə
iki qumru qonub. Cütlük idi. Elə mehriban duruşları vardı ki...
Ailəli idim. Birdən-birə qəribliyimi, tənhalığımı hiss etdim.
Zümzümə ilə bir mahnı ifa etdim. Sözlərini də özümdən toxudum.
"Sevgilim" adlanacaq bu mahnı sonradan bir neçə müğənni tərəfindən
ifa olundu.
Hüseyn müəllimin həyat yolu çox maraqlı keçib. Uzun müddət
donanmada müxtəlif vəzifələrdə çalışıb. Yaxın ətrafından başqa heç
kimə şeirlə, musiqi ilə ilgiləndiyini sezdirməyib. Vaxtilə mənim
çalışdığım Xəzər Dəniz Neft Donanmasının baş mühəndisi olub. Hər
kəs onu xeyirxah adam kimi tanıyır. İndi təqaüddə olsa da, özəl
dənizçilik şirkətləri onun təcrübəsindən, bacarığından yararlanır.
Dənizi gözəl bilir və gəmi texnologiyasının əvəzsiz mütəxəssisidir.
Lakin son illər özünü bədii və musiqi yaradıcılığına həsr edib
desəm, ifrata varmaram.
- Həmişə xarici sularda üzmüsünüz. Sonradan da məsul
vəzifələrdə çalışdınız. Amma ilk əvvəllər deyəsən yaradıcılığa
ötəri həvəs olub.
- Ötəri demək olmazdı. Doğrudur, yazdıqlarımı üzə çıxarmazdım.
Vaxtım olanda, sahmana da salırdım. Amma kitab dərc etdirmək haqda
heç fikrim də olmamışdı.
Çayımız təzələnir. Durub kitablarından gətirir.
- 9 kitabım dərc olunub. Özü də bu məsələdə sənin xidmətin oldu,
bunu hər zaman deyirəm. Yadındadır da, kitabını gətirmişdin mənə.
Xeyli söhbət etdik, söz-sözü çəkdi və öyrəndin ki, mən də şeir
yazıram. Təkid etdin, şeir dəftərlərimi verdim sənə və məni təhrik
etdin ki, bunları dərc edək. Hər yerdə deyirəm bunu.
- Əşi, mənlik nə var e burada. İstedad elə şeydir ki,
hansı yolla olsa, üzə çıxmalıdır. Bu, Allahın işidir.
- Hə də, elə Allah da sənin vasitənlə mənə dedi ki, yazılarını
topla.
Yadımdadır, Hüseyn Sözlünün ilk kitabına "Dənizə bağlıyam mən"
adını qoyduq. Kitabda lirik və dənizlə bağlı şeirlər daha çox idi.
Əsasən gənclik illərinin qələm təcrübələrini oxucularının öhdəsinə
verdik.
- Hüseyn müəllim, hər kəs bilir ki, dəniz işi ağır bir
işdir. Siz də rəhbərlikdə təmsil olunurdunuz, işiniz çox idi.
Yaradıcılığınız mane olmurdu ki?
- Yox, yaradıcılığım işimə mane olmurdu. Amma yaradıcılığıma
mane olanlar oldu. Tez-tez televiziyalara dəvət olunurdum.
Rəhbərlik mənə qadağalar qoydu, "Ya işlə, ya da şeir yaz", -
dedilər.
- Və birdən-birə sizin sözlərinizə və musiqinizə aid
kasetlər yayılmağa başladı.
- 100 dən çox bəstəm var. Razim Paşayev, Şakir Quliyev və bir
neçə bəstəkar şeirlərimə müraciət edib. Müğənnilərdən isə Qədir
Qızılsəs, Sabir Əliyev, Yusif Mustafayev, Səyyad Əlizadə, Dilşad
Musyaeva, Əlikram Bayramov, Rahidə Baxış, Manaf Ağayev, Elxan
Şirinov və digərləri mənim mahnılarımı ifa edib. Təkcə "Gülüm, hey,
gülüm" mahnımı 20 dən çox müğənni oxuyub. Bütün toylarda ifa
olunur. Hətta Türkiyənin tanınmış müğənnisi Hayri Öztürk bu mahnıya
klip də çəkdirib. Yutubda yerləşdirilib.
Stolunun üstündə Rüstəm Behrudinin, Fərqanənin, Narıngülün,
Kəmaləddin Qədimin, Hacı Arifin, Sənəm Səbayelin, Arzu Kazımqızının
şeir kitabları var. Dolabdakı kitablara baxıram. Anarın, Elçinin,
Mövlud Süleymanlının, Şərif Ağayarın, Əkbər Qoşalının və mənim iş
yoldaşım Pərviz Cəbrayılın kitabları. "Öləngi"ni əlimə götürürəm.
Baxıb qımışır:
- Hə, tanıdın deyəsən, bu kitabı səndən götürmüşəm. Oxuyub
qaytaracaqdım, nə sən istədin, nə də mən verdim.
Kitabı yerinə qoyuram. Dolabda "Avrasiya şairləri antologiyası"
kitabının 2 cildliyini görürəm. Hüseyn müəllim aydınlıq
gətirir:
- Martın 6-dan 8-nə kimi Antalyada olduq. Şeir şöləni idi. Biz
ora getməzdən öncə Arzu Kazımqızının sözlərinə türkçülüklə bağlı
bir mahnı da yazdım. Aygün adlı gənc müğənni ifa etdi. 10 gün qabaq
göndərmişdik. Bəyəniblər. Orada qərara alındı ki, bu mahnı
"Avrasiya şarkısı" adlandırılsın. Və bu, hər il keçiriləcək
mərasimin himni kimi səslənsin. Münsiflər heyətinin hər biri
yaxınlaşıb: "Hocam, bu böyük bir sənət əsəridir", - dedilər. Təkcə
bir nəfərdən başqa. Sonradan öyrəndik ki, o özü də bəstəkardır.
Hüseyn Sözlü ilə söhbətimizin arasına hansısa səsyazma
studiyasından gələn zəng girir.
- Bu axşam, yeni mahnılarım yazılacaq. Orda olmalıyam, sən
gəldin, getmədim. Gözləyirlər. Bəlkə birlikdə gedək?
- Yox, şair. Siz gedin mahnını yazdırın, mən də
oxucularımızın oxuyacağı yazını.